Əmrah Çəlikəl: Rəqibimiz “Neftçi” yox, xarici klublardı – MÜSAHİBƏ
24.10.2014 - 23:01
Əmrah Çəlikəl: Rəqibimiz “Neftçi” yox, xarici klublardı – MÜSAHİBƏ

“Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəlin apasport.az saytına müsahibəsi

 

- Avroliqanın qrup mərhələsində “Qarabağ” Kiyevdə “Dnepr”in qonağı oldu və Ukraynadan 3 xalla geri qayıtdınız. Səmimi danışsaq, bu 3 xalı gözləyirdiniz?

- Səfərdə oynadığımızı nəzərə alsaq, 1 xalla dönməyimiz də bizim üçün pis nəticə sayılmayacaqdı. Amma biz səfərə heç-heçə üçün yox, qələbə üçün getmişdik. Bu 3 xalı da əldə etdik.  

 

- Hansı dəqiqədən etibarən hiss etdiniz ki, artıq qələbə sizin əlinizdədir?    

- Hələ biz Kiyevə gedəndə hamıda eyni hissiyyat vardı ki, biz Ukraynadan yaxşı nəticə ilə qayıdacağıq. Bunu ora gedəndə futbolçularla söhbət əsnasında da hiss etmişdim. Özümüzə olan inam çox idi və bu da nəticəyə öz təsirini göstərdi.

 

- Buna qədər “Neftçi” Avroliqaya düşməklə tarix yazmışdı. Ancaq “Qarabağ” Avroliqanın qrup mərhələsində ilk 3 xalı qazanmaqla yeni tarixə imza atdı...

- “Neftçi” də bizimdi. İnşallah, onlar da gələn il Çempionlar Liqasının qrupuna düşərlər və bizi daha çox sevindirərlər. Biz də, “Neftçi” də Azərbaycan futbolunun inkişafı üçün çalışırıq. Rəqibimiz “Neftçi” yox, xarici klublardı. “Neftçi”ni ancaq dəstəkləyə bilərik, necə ki, onlar bizə qarşı belə edir.

 

- Bakıdakı matçda “Dnepr” qisas almağa və 3 xal qazanmağa çalışacaq. Əks halda, Ukrayna klubu Avroliqa ilə erkən vidalaşa bilər. Cavab görüşü ilə bağlı fikirləriniz necədir?

- Biz qrupda II pillədəyik. Amma əlbəttə ki, bu, qrupda II yeri tutmağımız və ya Avroliqanın 1/16 final mərhələsinə çıxmağımız mənasına gəlmir. Arxayınlaşmaq olmaz. Biz daha çox çalışıb Bakıda da “Dnepr”i məğlub etməliyik. “Sent-Etyen”dən Fransada, “İnter”dən isə Bakıda xal almağa çalışmalıyıq. İndidən sonra bizim işimiz daha ağır və məsuliyyətlidir. “Dnepr”ə qalib gəlməklə işimiz bitmir. Əksinə, demək olar ki, yeni başlayır.

 

- Təyyarə ilə Bakıya qayıdarkən heç “Sent-Etyen”lə matçda itirdiyiniz 2 xala görə təəssüf hissi keçirirdinizmi? Çünki o matçda çoxsaylı vəziyyətlərdən yararlanıb qələbə qazansaydınız, bu dəqiqə lider “İnter”dən 1 xal geri qalırdınız...

- “Sent-Etyen”lə qarşılaşdığımız gün bəxtsizliklə qarşılaşdıq. İlk oyunumuz olduğundan, hamıda fərqli həyəcan vardı. Təbii ki, istərdik ki, həmin matçda 3 xal qazanardıq. Amma bu mümkün olmadısa, indi bu təəssüf hissi ilə yaşamaq da düzgün deyil. Keçmişə qayıtmaq yox, gələcəyi düşünmək lazımdır. İndi məsuliyyətimiz daha da artıb. İnşallah, “Dnepr” və “İnter”lə oyunlarda “Qarabağ”sevərlər əllərindən gələni etməlidirlər ki, komandamız qrupdan çıxmaq üçün onların dəstəyini üzərilərində hiss etsinlər.

 

- Zədəli olan Leroy Corcla Danilo Diasın nə vaxt sıralarınıza qatılacağı bilinirmi?

- Onların zədəsi çox uzun sürməyəcək. Həkimlərimiz bunun üzərində işləyirlər. İndidən nəsə demək olmaz. Amma inşallah, həkimlər onları noyabrın 6-da “Dnepr”lə cavab görüşünə çatdırmağa çalışır. Ola bilsin ki, hər iki futbolçu sadəcə bu tur “Xəzər Lənkəran”a qarşı oynamaya bilsin.

 

Səbuhi TOFİQOĞLU

0