AZAL-ın vitse-prezidenti: Belə hakimlərin yeri çempionat yox, məhəllə oyunlarıdı
22.11.2014 - 13:48
AZAL-ın vitse-prezidenti: Belə hakimlərin yeri çempionat yox, məhəllə oyunlarıdı

“Əslində, “Qəbələ”nin vurduğu ilk qol da hakimin yanlış qərarının nəticəsi idi. Çünki rəqib bizim futbolçu Tomi Kostadinova qarşı kobud oynadı və epizodun davamında qol vuruldu. Hakim isə buna göz yumdu. Gözəl oyun başlamışdı, amma Ömər Paşayev hər şeyi korladı”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov deyib.

 

Klub rəsmisi Topaz Premyer Liqasının XII turunda baş tutan AZAL – “Qəbələ” matçının (3:3) baş hakimi Ömər Paşayevin bərbad idarəçiliyi haqqında fikirlərini açıqlayıb.

 

“Ömər Paşayev meydana bizi uduzdurmaq üçün çıxmışdı. Düzdü, istənilən hakimin səhvi ola bilər. Amma bu, səhv yox, qərəz idi. O, penalti epizoduna daha yaxın idi, gördü ki, rəqib futbolçu simulyasiya edir. Lakin qapımıza 11 metrlik zərbə təyin etdi. Hakimlər Komitəsini sədri Xaqani Məmmədova sual vermək istəyirəm ki, Ömər Paşayevi hansı parametrlərinə görə hakimliyə gətiriblər? Premyer Liqanın oyunlarında baş hakim olmaq üçün hansı imtahanları verib? Siz onun qaçışına, hərəkətlərinə baxın. Heç hakimə bənzəmir. Onun yeri çempionat yox, məhəllə oyunlarıdı. Özü də, çempionatda Ömərə oxşar bir neçə hakim var” – deyə, Hüseynov bildirib.

 

Onun sözlərinə görə, Paşayev hakimlikdən getməlidi: “Ömərə 5 oyun cəza verəcəklər və yenidən qayıdıb, başqa bir komandanın başına eyni oyunları açacaq. Ömər kimiləri futbolumuza qara ləkədi. Bu ləkəni də kəsib atmaq lazımdı. 2 il öncə FİFA referisi Anar Salmanov “Neftçi” – “Qarabağ” oyununda etdiyi səhvə görə aşağı dəstəyə göndərildi. Paşayev Salmanovdan iki dəfə pis səhv edib. Ümumiyyətlə, başa düşmürəm ki, bu hakimlər AZAL-dan nə istəyirlər. Sanki bizi atəşə tutublar. İstəyirlər ki, komandamız 8-ci yerdən yuxarı qalxmasın. Nə istəyirlər bizdən?  Bilirsiz,  çox maraqsız çempionat gedir. Bunun da səbəbi hakimlərdi. Elə bil 1990-cı illərə qayıtmışıq”.  

0