[b]Şahin Diniyev: Robert Prosineçki yığmada şərtlə çalışmamalıdı[/b]
24.11.2014 - 12:08
[b]Şahin Diniyev: Robert Prosineçki yığmada şərtlə çalışmamalıdı[/b]

“Robert Prosineçki barədə geniş məlumatım yoxdu. Bu səbəbdən onun haqqında danışmağım tezdi. Bildiyim odu ki, xorvatiyalı mütəxəssis elə də böyük klublarda işləməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

 

Danışıqlar aparmaq üçün Bakıya gələn Robert Prosineçkinin mümkün təyinatına münasibət bildirən Diniyevin fikrincə, hər şey AFFA-nın qoyduğu şərtlərdən asılıdı: “Prosineçkinin futbol fəlsəfəsinə bələd deyiləm. Yəni, əgər nəsə danışsam, gərək peşəkar şəkildə fikir bildirəm. Tanımadığım adam haqqında bir şey demək düzgün olmaz. Amma onu deyim ki, əgər bir əcnəbi mütəxəssis millimizin “sükanı arxası”na keçəcəksə, müəyyən şərtlərə əməl etməlidi. Yəqin ki, Prosineçki ilə tələsik danışıblar. Məsələn, burada yaşamalıdı, çempionatımızın oyunlarını izləməlidi. Məşqçinin hansı planları olduğunu da bilmək lazımdı”.

 

Diniyev bildirib ki, Prosineçki yığmamızda almaniyalı mütəxəssis Berti Foqts kimi şərtlə çalışmamalıdı: “Əgər AFFA seçəcəyi məşqçini qarşısına şərt qoyubsa ki, ölkəmizdə qalmalıdı, bu, məni sevindirir. Çünki Berti Foqts kimi bizim qarşımıza şərt qoymamalıdı. Biz məşqçinin qarşısına şərt qoymalıyıq. Əgər bunlar olacaqsa, o zaman yəqin ki, uğur da gələr. Robert Prosineçki haqqında geniş yalnız ətraflı məlumatım olduqdan sonra danışacağam”.

0