[b]Arif Əsədov: Çox pinti idi, maykası şalvardan çölə çıxırdı...[/b] - ƏNLƏR
15.12.2014 - 14:17
[b]Arif Əsədov: Çox pinti idi, maykası şalvardan çölə çıxırdı...[/b] - ƏNLƏR

Apasport.az saytının “Ənlər” rubrikasının budəfəki qonağı futbolçu karyerası ərzində Rusiyada legioner həyatı yaşamış, gənclər arasında dünya və Avropa çempionu olmuş, ölkəmizdə isə “Neftçi”dəki çıxışı ilə yadda qalmış Arif Əsədovdu. Hazırda “Neftçi”nin baş məşqçisi olan 44 yaşlı mütəxəssis futbolçu karyerasını vərəqlədi, maraqlı anları yada saldı.

 

- Ən gözəl qolunuz...

- Düzdü, karyeram ərzində çox qol vurmamışam. Amma 1994-cü ildə Vladiqafqaz “Spartak”ında oynayanda uzaqdan vurduğum bir qolu unuda bilmirəm. “Neftçi”də oynayanda da belə gözəl qollar vurmuşdum.

 

- Ən yaddaqalan oyununuz...

- Həm “Neftçi”də, həm Rusiyada oynayanda, həm də SSRİ yığmasında yaddaqalan oyunlarım olub. Amma dünya çempionatının final matçının yeri ayrıdı.

 

- Ən çox sevindiyiniz və üzüldüyünüz oyun...

- “Neftçi”nin heyətində “Şəmkir”lə həlledici görüşdə avtoqol müəllifi olmuşdum. Həmin avtoqola görə hələ də üzülürəm. Həmin oyun futbolçu karyeramda qara ləkə kimi yadımda qalıb. Sevindiyim anlar çox olub. Həm futbolçu, həm də məşqçi kimi çempionluq sevinci yaşamışam.

 

- Ən yaxşı futbolçu...

- Futbolu dərk etdiyim vaxtdan bəri gördüklərimin içində İsgəndər Cavadov ən yaxşısıdı. Ələkbər Məmmədov, Anatoli Banişevski kimi korifeylərimiz olub. Amma İsgəndər Cavadovun çıxışı daha çox xatirimdə qalıb.

 

- Ən güclü məşqçi...

- Bir psixoloq kimi Əhməd Ələsgərov. O, futbolçuları oyuna çox yaxşı kökləyə bilirdi. Amma iş prinsipinə görə Valeri Qazzayevi bəyənmişəm. Onun rəhbərliyi altında oynamışam, qalibiyyət ruhlu məşqçidi. Həm məşqdə, həm də oyunda bir stimul qoyardı.

 

- Ən zarafatcıl futbolçu...

- Yunis Hüseynov. Yunislə bir komandada olanda elə olurdu ki, ağır oyunlara hazırlaşırdıq. Yunis zarafatları ilə kollektivi stressdən çıxara bilirdi.

 

- Ən ciddi futbolçu...

- Əsgər Abdullayev. Bütün oyunlardan əvvəl çox ciddi olardı, onu yumşaltmaq mümkün deyildi.

 

- Ən çox danışan futbolçu...

- Meydanda özüm də çox danışan olmuşam. Amma Yaşar Vahabzadə daha çox danışardı. Oyun zamanı kollektivi heç vaxt arxayınlaşmağa, boşalmağa qoymazdı. Meydanda məşqçinin dedikləri bəzən eşidilmir. Belə olanda da bir futbolçu olmalıdı ki, komandanı oyunboyu idarə edə bilsin. Yaşarda da bu keyfiyyət var idi.

 

- Ən az danışan futbolçu...

- Nazim Əliyev çox az danışanlardan olub. Nə hakimlə, nə də rəqiblə işi olardı. Başını aşağı salıb, öz işini görərdi.

 

- Ən yaxşı səsi olan futbolçu...

- Novruz Əzimov. Tez-tez mahnılar oxuyardı, biz də qulaq asardıq.

 

- Ən yaxşı geyinən futbolçu...

- İndi hər cür stildə geyinə bilirsən. Amma Sovetin vaxtında istədiyin geyimə uyğun paltar tapmaq çətin idi. Yaxşı geyinən adam dərhal seçilirdi. Çünki o vaxt indiki kimi seçim imkanın çox olmurdu. Bizdə Ərani Beydiyev var idi, rəhmətlik həmişə tapılmayan paltarlar geyinərdi. Baxanda, yaxşı mənada paxıllığımız tuturdu.

 

- Ən pis geyinən futbolçu...

- İlham var idi, ləqəbi də “Torpedo” idi. O da rəhmətə gedib. Həmişə bazaya gələndə Əhməd Ələsgərov deyirdi ki, mən səni görəndə istəmirəm məşq keçim. Çox pinti idi, maykası şalvardan çölə çıxırdı, paltarı qırışıq idi.

 

- Ən bədxərc futbolçu...

- Futbolçuların çoxu bədxərc olur, əllərinə düşəni ora-bura dağıdırlar. Əsasən da subaylar.

 

- Ən yaxşı və pis xasiyyətiniz...

- Nizam-intizamı sevirəm. İstər meydanda, istərsə də ondan kənarda qarşımdakına hörmətlə yanaşmışam. İstəmirəm ki, mənim haqqımda pis fikirdə olsunlar. İnsanların baxışından, üz cizgilərindən bilirəm ki, onun mənə münasibəti necədi, məni necə tanıyır. Arifə bir işarə bəs edir. Çalışıram hər zaman balansı qoruyub saxlayım.

 

- Bəs ən pis xasiyyətiniz...

- Bunu kənardakılar daha yaxşı bilərlər. Amma özümdən tez çıxmağımı qeyd edə bilərəm. Bəzən hansısa bir epizodda səbirsiz oluram, çılğınlıq edirəm. Ancaq sonra öz-özümə deyirəm ki, gərək sakit duraydım.

 

- Əlinizə imkan düşsə, həyatınızda nəyi dəyişmək istərdiniz?

- Gənc düşüncələr insanı irəli getməyə imkan vermir. Futbolçu vaxtında indiki təcrübəm olsaydı, karyeram başqa cür olardı. Bu baxımdan “kaş” dediyim anlar olur.

 

- Hobbiniz...

- Kitab oxumağı sevirəm. Amma indi istədiyimi internet vasitəsilə də tapa bilirəm. Bir də sakit musiqiləri dinləməyi sevirəm.

 

- Bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət cəhətləri...

- Mən özüm 20 yaşda evlənmişəm. Buna görə peşman da deyiləm. Futbolçu tez evlənəndə fikirləri dağılmır, ailəsinə bağlanır, arıq yerlərə getmək barədə düşünmür. Oğlum da böyüyüb, bu gün-sabah evləndirəcəm. Bunları nəzərə alsaq, həyatda udursan. Amma erkən evlənmək səni futbolçu formasından da sala bilər. Hər şey insanın özündən asılıdı.

 

- Başınıza gələn ən maraqlı hadisə...

- Əhməd Ələsgərovun vaxtında belə bir halla üzləşmişəm. Əhməd müəllim oyunlar zamanı mənə daha çox göstərişlər verirdi. Gözü bir az zəif görürdü. Oyunların birində komanda topu itirən kimi, köməkçisi rəhmətlik Əli Rəhmanovdan soruşardı ki, kim idi o? O da hər dəfə deyərdi ki, Əsədovdu. Həmin vaxt da Əli müəllimlə aramda soyuqluq yaranmışdı. Oyunboyu hər top itiriləndə Əli müəllim mənim adımı çəkirdi. Elə oldu ki, Əhməd müəllim məni əvəzlədi, gəlib yanında oturdum. Bir az keçəndən sonra yenə kimsə topu itirdi. Baş məşqçi soruşanda ki, kim idi o, Əli müəllim yenə dedi ki, Əsədovdu. Mən də dözə bilmədim, dedim ki, Əhməd müəllim mən burdayam, əvəzlənmişəm e, meydanda deyiləm.

Ruslan SADIQOV

0