[b]Araz Abdullayev: Dəyişiklik komandaya təsirsiz ötüşmədi[/b]
19.12.2014 - 14:59
[b]Araz Abdullayev: Dəyişiklik komandaya təsirsiz ötüşmədi[/b]

“Oyuna yaxşı başladıq, hər şey istədiyimiz kimi gedirdi. Hətta hesabı da açdıq. Ancaq bu üstünlüyü qoruya bilmədik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev deyib.

 

22 yaşlı futbolçu bildirib ki, Premyer Liqanın XVII turu çərçivəsində “İnter”lə dünən keçirilən (1:2) görüşün ikinci hissəsində zəif oynayıblar: “İkinci hissədə matçın ssenarisi dəyişdi, oyunumuz alınmadı. Düzü, ilk yarı ilə müqayisədə elə ciddi bir şey baş vermədi. Görünür, rəqib bizi yaxşı öyrənmişdi. Çalışdıq sona qədər qələbə hesabını qoruyaq. Uduzmaq istəmirdik, amma qismət beləymiş”.

 

“Neftçi” üçün artıq bitən ilk iki dövrəni də dəyərləndirən Abdullayev hazırkı mövqedə olmalarını baş məşqçi dəyişikliyi ilə əlaqələndirib: “Mövsümün gedişində baş məşqçi dəyişikliyi oldu ki, bu da komandaya təsirsiz ötüşmədi. Amma yenə də hədəfimiz dəyişməyib. Yüksək yerlər uğrunda mübarizə aparmaqda davam edirik. Bunun üçün də qış fasiləsindən maksimum yararlanmalıyıq. Yəqin ki, yeni transferlər də olacaq”.

 

Qeyd edək ki, XVIII turda istirahət edəcək “Neftçi” qış fasiləsinə 26 xalla 3-cü pillədə yollanıb.

0