[b]Qara Qarayev: Bu cür söz-söhbətin olması bizi ümidləndirir - MÜSAHİBƏ[/b]
20.12.2014 - 10:39
[b]Qara Qarayev: Bu cür söz-söhbətin olması bizi ümidləndirir - MÜSAHİBƏ[/b]

“Qarabağ”ın müdafiəçisi Qara Qarayevin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XVII turu çərçivəsində “Xəzər Lənkəran”la oyunun bu qədər çətin keçəcəyini gözləyirdinizmi?

- Avropa Liqasından sonra ən çətin oyunlarımızdandı. Çünki “Xəzər Lənkəran çempionatın ən yaxşılarındandı. Hesabı açdıq, sonra geri düşdük, nəhayət sonda hər şeyi xeyrimizə dəyişə bildik. Vacib 3 xal qazandıq.

 

- “Qəbələ”yə məğlub olduğunuz zaman komandada psixoloji gərginliyin olduğu deyilirdi. Bu fikirlə razısınızmı?

- Gərginlik var idi. Amma bu qarşılaşma psixoloji gərginliyi atmaq üçün vacib idi. Artıq həmin gərginlikdən çıxmışıq. Komandada “İnter”lə oyun haqda danışan yoxdur. Unutmaq istəyirik ki, yenidən başlayaq.

 

- Azərbaycan prezidenti İlham Əliyevin sizi qalib komanda kimi qəbul etməsi, yaranıza məlhəm oldumu?

- Çox xoş təəssüratlardı. Ölkə başçısı avrokuboklardakı çıxışımızı yüksək qiymətləndirdi. Bu bizim üçün motivasiya oldu. Cənab prezidentə təşəkkür edirik ki, onunla ünsiyyətdə olmağımıza şərait yaratdı.

 

- Qış fasiləsinə lider kimi yollanmağa real namizədsiniz.

- Biz də fasiləyə zirvədə yollanmaq istəyirik. Ancaq fasilə haqda düşünmürük. Çünki hələ qarşıda bir oyunumuz var. Bu matçı udduqdan sonra qış fasiləsi haqda düşünmək olar. “Sumqayıt” son turlarda uduzmayan komandadı. Bizim üçün də çətin oyun olacaq. İlin son qarşılaşması olduğundan, qalib ayrılmaq istəyirik.

 

- Fevralın 5-də “İnter”lə oyunda baş vermiş biabırçılıqla əlaqədar iclas keçiriləcək. Hansı qərarın qəbul ediləcəyinə ümid edirsiniz?

- Bu cür söz-söhbətin olması bizi ümidləndirir. Amma qərarın dəyişəcəyinə inanmıram. Ümidimiz hardasa müsbət sonluqla bitməyəcək. Artıq bununla bağlı suallar verməməyi xahiş edirəm. Çünki bu bizi motivasiyadan salır. Unuda bilməyəcəyimiz bir mərhələ yaşadıq. Bəlkə də nə vaxtsa bu mərhələyə qədər gələ bilməyəcəyik. Amma unuda bilməyəcəyimiz hadisələr idi.

 

- Yığmanın yeni baş məşqçisi Robert Prosineçki çempionat bütün turlarını izləyir. Onu işə bu cür aktiv başlamasını necə qiymətləndirirsiniz?

- Türkiyədə işlədiyi dövrdən tanıyırdıq, haqqında məlumatlar eşitmişdik. Futbolumuza və ölkəmizə xeyirli bir təyinat olacaq. Həm bizə, həm də ona qürurverici məqamdı. Eşitdiyimə görə, gənclərlə işləməkdə daha çox maraqlıdı. Yeniliklərin olacağına ümid edirik. Hələ rəhbərliyi altında məşq etməmişik. Birgə işlədikdən sonra nə istədiyini biləcəyik.

0