[b]“İnter”in əsas rəqibi “Neftçi” yox, “Qarabağ”dı”[/b] - MÜSAHİBƏ
22.12.2014 - 12:40
[b]“İnter”in əsas rəqibi “Neftçi” yox, “Qarabağ”dı”[/b] - MÜSAHİBƏ

“İnter” klubunun futbolçusu Nizami Hacıyevın apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XVIII turunda “Qəbələ” ilə qarşılaşdınız. 1:1 hesabı ilə başa çatan görüşdə komandanız sanki gözləniləndən bir qədər aşağı çıxış etdi. Buna səbəb nə idi?

- Oyunumuz alınmadı. Ciddi hazırlaşmışdıq, ancaq müəyyən səbəblər var ki, onlar həlledici oldu. İlin son matçı idi, futbolçularda yorğunluq var idi, üstəlik, çoxları istirahət, yeni il, ailəsi haqda düşünürdü. Bu da meydanda öz təsirini göstərdi. Rəqib isə yaxşı oynadı. Hətta qələbə də qazana bilərdilər.

 

- Son 3 turdu məğlubiyyətdən ikinci hissədə qaçırsınız. Fasiləyəcən hər dəfə yenik duruma düşməyiniz nə ilə bağlıdı?

- Yəqin oyuna yaxşı konsentrasiya olmuruq. Həm də oyunu hissələrə bölmək düzgün deyil. Biz 90 dəqiqənin yekunu haqda danışırıq. Üstəlik, uduzmuruq. Rəqiblərimizin bizdən çox uzaqlaşmasına imkan vermirik. Yalnız “Qarabağ” 5 xal irəlidədi.

 

- “Qarabağ” əksər görüşləri çətinlik çəkmədən qazanır. Bu baxımdan, “İnter son çempionu dayandıra biləcəkmi?

- Əlbəttə, niyə dayandıra bilmir? Buna gücümüz çatır. “Qarabağ” yaxşı komandadı, amma məğlubedilməz deyil. Biz də meydana gəzməyə çıxmırıq. Yaxşı komandamız var, öz işimizi yerinə yetiririk. Hazırda “İnter”in əsas rəqibi üçüncü pillədəki “Neftçi” yox, “Qarabağ”dı. “Neftçi”ni məğlub etdik, qalıb “Qarabağ”.  

 

- Meydana çıxdıqdan sonra azarkeşlər sizə qarşı qeyri-etik şüarlar səsləndirməyə başladılar. Onların dediklərini eşidirdinizmi?

- Haqqımda nə demələrinin fərqi yoxdu. 100 nəfərlə baş-başa gəlmək mümkün deyil. İnsan nə edirsə, sabah qarşısına çıxır. Onlara heç nə demək istəmirəm. Özləri bilər.

 

- Son iki turda əsas heyətdə yer almırsınız. Hansısa problem var?

- Problem yoxdu. Sadəcə, yorğunluqla bağlı baş məşqçi ehtiyatda qalmağımı məsləhət bildi. Ehtiyac olduqda isə meydana çıxır və bacardığım qədər kömək edirəm. Həm də ola bilsin taktiki dəyişikliklərlə də əlaqədar ehtiyatda qalım. Hansısa problem axtarmağa dəyməz.

 

- Arxada qalan iki dövrə haqda nə deyə bilərsiniz? “İnter” fasiləyə arzuladığı pillədə yollanır?

- “İnter” arzuladığı yerdə deyil. Biz çempion olmaq istəyiriksə, zirvədə yer almalıyıq. Ancaq hazırkı vəziyyətdə heç nə bitməyib. Liderin ən yaxın izləyicisiyik. Qarşıda daha 2 dövrə var. Qış fasiləsindən sonra çox şey dəyişə bilər. Mübarizəmizi sona qədər davam etdirəcəyik.

 

0