Əsgər Abdullayev: Millinin gələcəyi bu gün qazanacağımız nəticədən önəmlidir
11.10.2013 - 16:29
Əsgər Abdullayev: Millinin gələcəyi bu gün qazanacağımız nəticədən önəmlidir
“Zəif rəqib yoxdur, oyuna zəif hazırlıq var. Yəni, əsas məsələ yanaşma tərzidir. Müasir futbolda istənilən komandanı məğlub etmək olar. Yetər ki, yolunu tapasan. Bu baxımdan milli komandamızdan qarşıdakı matçlarda uğurlu nəticə gözləyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Naxçıvanın “Araz” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

Vaxtilə millimizi çalışdıran təcrübəli mütəxəssis komandamızın DÇ-2014-ün seçmə mərhələsində bu gün Şimali İrlandiya, 4 gün sonra isə Rusiya yığmalarına qarşı keçirəcəyi oyunları dəyərləndirib.

Abdullayevin fikrincə, Berti Foqtsun rəhbərlik etdiyi kollektiv yeli publika amilindən maksimum yararlanmalıdır: “Seçmə mərhələnin son 2 matçını evdə keçirəcəyik. Bu isə komandamızın şansını artırır. Lakin indiki vəziyyətdə sərgiləyəcəyimiz futbolun, oyunçuların performansının nəticədən daha önəmli olduğunu qeyd edərdim. Bilirsiniz ki, turnir baxımından əldə edəcəyim 6 xal bizi növbəti mərhələyə daşımayacaq. Təbii, evdə qələbə qazanmaq, yerli azarkeşləri sevindirmək də lazımdır. Ancaq dediyim kimi, biz gələcəyin komandasını qururuq. İşimizi buna uyğun planlaşdırmalıyıq. Millinin gələcəyi bu gün qazanacağımız nəticədən önəmlidir”.
0