9 Mart 14:19 “Basketbol federasiyası bütün Azərbaycanı aldadır”
TOP OYUNLARI xəbərləri 9 Mart 14:19
3757 baxış

“Basketbol federasiyası bütün Azərbaycanı aldadır”

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin sabiq meneceri Ləvənt Türknasın apasport.az saytına müsahibəsi

 

- Təxminən 6 ildi Azərbaycandan ayrılmısız. Hazırda nə işlə məşğulsuz?

- Azərbaycandan döndükdən sonra 2012-2013 mövsümündə Superliqa təmsilçisi “Pınar Karşıyaka”da baş menecer kimi fəaliyyət göstərdim. Komandamız “EuroChallange Kuboku”nda final oynadı. Türkiyə çempionatında “Fənərbaxça”ya qalib gəlməklə, “Dördlər finalı”da iştirak hüququ qazandı. Sonra “Petkim” İdman Klubuna keçdim. Son 4 ildə bu komandada həm İdarə Heyətinin üzvü, həm də baş menecer kimi çalışıram.

 

- Türkiyəyə yollandıqdan sonra Azərbaycan basketbolunu izləyirsizmi?

- Bəli, izləyirəm. Azərbaycanda ən zəif və inkişafı üçün maddi gücü olmayan yeganə növ basketboldu. Basketbolun inkişafı üçün hansısa addım atılmır. Ölkə çempionatı, yığma komandası, uşaq basketbolu demək olar yoxdu, sürünür. Çox pis vəziyyətdədi. Federasiyanın özünün zalı belə yoxdu. Bununla yanaşı, nə inkişaf, nə istək, nə də arzuları var. Əhalisi 4 milyondan az olan Gürcüstanın Avropa kuboklarında oynayan komandası, NBA-da çıxış edən basketbolçusu var. Lakin 9 milyondan çox əhaliyə sahib Azərbaycanda 6 klublu saxta bir çempionat oynanılır. Heç bir legioneri, oyunçu olmadığından 4-5 ildi yığması da yoxdu.

 

- Siz işləyən vaxt vəziyyət necə idi? Həmin zamanla hazırkı durumu müqayisə edə bilərsizmi?

- Mən federasiyada işləyən zaman özüm 2-3 sponsor taparaq, çempionata 8 komanda çıxarırdım. Ardıcıl 3 il Avropa çempionatının seçmə mərhələsində oynadıq. Basketbol dünyasında Azərbaycan adını bütün qitə tanıdı.

 

- Sonradan bütün arenalardan çəkilməyimizdə kimi günahkar sayardız?

- Bu biabırçılığı yaşadan və hamını aldadanlara qarşı səssiz qalan hər kəs günahkardı. Azərbaycanda basketbol istisna olmaqla, bütün növlərdə müntəzəm inkişaf gedir. Çox güclü federasiyalar yaradıldı. Onlara maliyyə və uğur üçün vaxt da ayrıldı. Təəssüf ki, basketbol bu sırada ən zəifidi. Bu günə qədər ancaq gerilədi, daha aşağılara yuvarlandı və hamı da buna seyrçi qaldı. Hazırda Azərbaycan milli komanda belə yoxdu. Bu çox ağır bir şeydi. Saxta 3X3 komandası yaradılıb və bu oyunçular da xaricidən gəlib, Azərbaycan adına yarışırlar. Federasiya rəhbərliyi bütün Azərbaycanı aldadır.

 

- Saxta Azərbaycan çempionatı keçirildiyini qeyd etdiz. Bəs bu yarış ölkə basketboluna nəsə qazandıra bilərmi?

- Təbii ki, basketbolunuz üçün heç bir faydası yoxdu. Amma bu, gözdən pərdə asmaq kimi bir şeydi. Yəni dövlət sual verdikdə ki, çempionatı keçirirsizmi, bunlar cavabında “bəli” desinlər. Çox saxta bir çempionatdı.

 

- Necə fikirləşirsiz, ən azından 5-6 il əvvəlki klubları və yığmanı qaytarmaq olarmı? Bunun üçün hansı addımlar atılmalıdı?

- Bu gün Azərbaycanda ölkə basketbolu sıfıra enib. Ölkədə nə çempionat, nə də yığmada çıxış edə biləcək oyunçu var. Məqsəd gənc uşaqları oynadaraq, hər kəsi aldatmaqdı. Hazırda hər şeyi dəyişməyə başlasaq, ən azı 5 illik bir proqram lazımdı. Zalı, maliyyəsi olmayan bir federasiyanın inkişaf etməsi mümkün deyil. Strategiya lazımdı. Sürətli inkişaf istəmək vacibdi. Yoxsa saxta nəsə etmək, vaxt keçirmək yox.

- Bəli, yeni baş məşqçi Samit Nuruzadə təcrübəlilərlə vidalaşaraq, gənclərlə güclü komanda yaradacağını açıqlayıb. Sizin dönəminizdə millidə yer alanların yığmadan kənarlaşdırılması düzgün addımdımı? Ümumiyyətlə, təcrübəlilər olmayan yerdə uşaqlar yetişə bilərmi?

- 4-5 il əvvəl Azərbaycan basketbolu barədə bütün Avropa məlumatlı idi. İndisə nə yığma yarada, nə çempionat keçirə, nə də oyunçu tapa bilirlər. Vəziyyət çox pisdi.

 

- Ümumiyyətlə Nuruzadəni tanıyırsızmı? Sizcə o ölkəmizə uğur qazandıra biləcəkmi?

- Tanımıram. Yığma olmayandan sonra hansı uğuru qazandıra bilər ki?

 

- Onda Elxan Əliyevin millidən göndərilməsi düzgün addım deyildi?

- Elxan müəllim, Azərbaycan basketbolu üçün bir simvoldu. İllərlə ölkəsinə xidmət etmiş çox dəyərli bir basketbol adamıdı. Düzdü, gənc bir məşqçi ilə işləmək istəyi mümkündü. Amma bu dəyərli insanı həmişə federasiyada qorumaq lazım idi. Məsləhətçi, yaxud direktor kimi ondan faydalanmaq olardı. Hazırda Əliyevdən başqa, Azərbaycanda təcrübəli bir basketbol adamı yoxdu. Onun bu təcrübəsindən yararlanmaq lazımdır. Elxan Əliyevi kənarlaşdırmaq düzgün deyil.

 

- Bəs belə bir zamanda sizə yenidən federasiyadan dəvət gələrsə, qəbul edərsizmi?

- Bunun üçün əvvəlcə uzun inkişaf proqramı hazırlamaq və yatırımların olacağına zəmanət vacibdi. Bunlar gerçəkləşərsə, sevə-sevə gəlib çalışaram. Amma hazırkı federasiyanın işi ilə bu mümkün deyil.

 

- Yəni federasiyada dəyişikliyə ehtiyac var?

- Ölkə basketbolu uğurla addımlayırsa və azarkeşlər bundan məmnundusa, dəyişikliyə nə ehtiyac? Yola davam edilir. Amma 12 nəfərdən ibarət olan milli komanda yaratmırsansa, ölkə çempionatı rəzil gündədisə, 10 ildi federasiyaya məxsus zal belə yoxdusa, özünüz qərar verin. Mən sadəcə qıraqdan baxıb, üzülürəm. Cəmi 3 il işləyib, bəlli səviyyəyə gətirdiyimiz, Avropada uğurlar qazandığımız, bəlkə də yüzlərlə azərbaycanlı uşağa idmanın bu növünü sevdirdiyimiz Azərbaycan basketboluna baxıb, təəssüf keçirirəm. Özü də çox.

 

- Bəs ölkəmizdən getdikdən sonra federasiyada bununla bağlı kiminlə danışmısızmı?

- 2-3 ildi heç kimlə danışmıram. Elxan Əliyevlə ara-sıra telefonla əlaqə saxlayırıq.

 

- Bəs bu bataqlıqdan çıxmaq üçün onlara hansı məsləhətləri verərdiz?

- Federasiyanızın işini bildiyim üçün onlara məsləhət verməyə ehtiyac yoxdu. Hər şey üçün niyyət və istək vacibdi. Sonra strategiya və proqram lazımdı. Ardınca bunu həyata keçirmək üçün güc, həmçinin maliyyə dayağı gəlir. Yekunda işləyib, lazımı səviyyəyə çatırsan. Ölkə voleybolu kimi.

Xəbər lenti