11:08 03-09-2016
news_image
3055
DİGƏR NÖVLƏR

Olimpiya səhnəsində yeni ad – Azərbaycan LAYİHƏ

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Olimpiada: Azərbaycan üçün “idman ölkəsi” imicini təsdiqləmək imkanı” istiqamətindəki qalib olan mövzunu davam etdirir. Atletlərimizin 4 illiyin möhtəşəm yarışına keçdiyi yolu əhatə edəcək 12 yazıdan beşincisi Milli Olimpiya Komitəsinin yaradılması, Olimpiya səhnəsinə yeni adın – Azərbaycanın əlavə olunması, Olimpiya yığmamızın formalaşması və üçrəngli bayrağımızın Olimpiadada debütünə həsr olunub.

 

 

MOK necə yarandı?

İlk yazılarda qeyd etdiyimiz kimi, Azərbaycan idmançılarının Olimpiada çıxışı 3 dövrə bölünür. Artıq SSRİ bayrağı altında (1952-1988) və Müstəqil Dövlətlər Birliyinin (MDB) tərkibində (1992) çıxışımızı analiz edib, 40 il ərzində ölkəmiz adına uğur gətirən və təmsilçilərimizin daha çox medal qazandığı idman növlərini müəyyənləşdirmişik. Bu dəfə Azərbaycanın müstəqil ölkə kimi Beynəlxalq Olimpiya Hərəkatına qoşulduğu dövrdən söhbət açacağıq. 1992-ci ildən indiyədək davam edən dövrə növbəti yazılarda da nəzər yetərcəyik.

 

Belə ki, 1992-ci ilin əvvəli dünyanın siyası xəritəsində dəyişikliklər olduğundan yeni milli olimpiya komitələri formalaşmağa başladı. Azərbaycan da 1991-ci ildə müstəqilliyini bərpa etdiyindən ölkədə idmanın inşikafına nəzrat edəcək qurumun yaradılması vacib idi. Siyasi xəritədə dəyişiklik tək Azərbaycana görə deyil, Çexoslavakiyanın, Yuqaslaviyanın dağılması və Sovet İttifaqına görə Olimpiadada iştirakdan imtina edən ölkələrin də Oyunlarda iştirakını bərpa etməsi səbəbindən reallaşdı.

 

Düzdü, SSRİ Milli Olimpiya Komitəsi 1992-ci il martın 12-də fəaliyyətini rəsmən dayandırdı. Lakin artıq bunadək bəzi ölkələri kimi Azərbaycanda da analoji qurum yaranmışdı. Belə ki, ölkəmizdə yanvarın 14-də ümumrespubilika konfransında Milli Olimpiya Komitəsinin (MOK) işə başlaması ilə bağlı qərar verilmişdi və həmin ilin martında Ədliyyə Nazirliyində qeydiyyata da alınmışdı. Qurumun ilk prezidenti isə 3 qat dünya çempionumuz, Seul-1988-in iştirakçısı Məhəddin Allahverdiyev seçildi. Amma artıq hər şey geç idi. Çünki həmin il Olimpiya ili olduğundan, lisenziya yarışlarının əksəriyyəti bitmişdi və Beynəlxalq Olimpiya Komitəsi sabiq SSRİ ölkələrindən yalnız Baltikyanı respublikaları – Livta, Estoniya və Lativiyanı tanımışdı. Bu səbəbdən də həmin vaxt Azərbaycan da daxil olmaqla, digər 11 İttifaq ölkəsinin idmançıları Barselona-1992-də MDB yığmasının tərkibində cəmləşdi. Lakin bu yarışın ardından lazım olan bütün hüquqi sənədlər qaydasına salındı və ölkəmiz beynəlxalq idman qurumları tərəfindən tanınmağa başladı.

 

İspaniyada keçirilən 4 illiyin möhtəşəm yarışından sonra 1992-ci ilin noyabrında MOK Avropa Olimpiya Komitəsinin Akapulkoda keçirilən Baş Assambleyasında üzvlüyə qəbul edildi. 1993-cü ilin sentyabrında isə Beynəlxalq Olimpiya Komitəsi Monakoda baş tutan Baş Assambleyada ölkəmizi rəsmən tanıdı. Beləliklə, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyəti və yarışlara öz bayrağı altında çıxması üçün vacib olan “yaşıl işıq” yandırıldı.

 

 

Yeni ad – Azərbaycanla Olimpiya ailəsində

Bütün baş verən yeniliklər, müstəqil ölkələrin sayının artması ilə Olimpiya Hərəkatı da böyüdü. Əgər Barselona-1992-yə 169 ölkə qatılmışdısa, bundan 4 il sonra Atlantada baş tutan Oyunlara 197 komanda qatıldı. Bu isə Olimpiadalar tarixində rekord idi. İdmançı sayında da eyni hal yaşandı. Katatoniya paytaxtında vahid ölkə kimi çıxış edən Çexoslovakiya və MDB yığması, həmçinin BOK-un bayrağı altında komanda artıq Atlantada yox idisə, əvəzində 31 yeni bayraq Corciya paytaxtında dalğalanırdı. Bunlardan Yuqoslaviya, Əfqanıstan və Fələstin ərazisindəki hərbi münaqişə ilə əlaqədar kənarda qaldığı Olimpiadalara dönmüşdüsə, Çexiya və Slovakiya Çexoslovakiyanın, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan, Rusiya, Moldova SSRİ-nin parçalanmasından yaranan ölkələr idi. Müharibələr nəticəsində Yuqoslaviyadan ayrılmağı bacaran Makedoniya da artıq müstəqil bayrağını Olimpiya kəndində dalğalandırırdı. Eyni zamanda, o qədər də böyük ölkə sayılmayan Bruney, Burundi, Kamboca, Kabo-Verde, Komor adaları, Dominika, Qvinea-Bissau, Liberiya, Nauru, Sent-Kitts və Nevis, Sent-Lusia, San-Tome və Prinsipi, Somalinin də Olimpiya Hərəkatına yolu açılmışdı.

 

Olimpiya yığmamızın formalaşması

MOK-un ilk sınağı Atlanta-1996-ya təsadüf etdi. Amma yeni komandanı formalaşdırmaq, ilk cəhdəcə Olimpiadada uğur qazanmaq heç də asan deyildi. Çünki ilk addımlarını atan qurum müstəqilliyə yeni qədəm qoyduqdan sonra ölkəmizdə müharibənin olması idmanımızı da xeyli geri atmışdı. Bu azmış kimi, əksər idman növlərində federasiyalar yaradılmamış, bir çox idman bazaları baxımsızlıq səbəbindən yararsız hala düşmüşdü. Yaxud da bazalardan təyinatı üzrə istifadə edilmir, lazımı ləvazimatlar çatışmırdı. Bir sözlə, hər şey sıfırdan deyil, mənfidən başlayırdı. Bütün növlər üzrə federasiyaların yaradılması, onların yeni komanda formalaşdırması və daha güclü idmançıları üzə çıxarmaq üçün vaxt da az idi. Biz BOK-a üzv qəbul edildikdə artıq lisenziya yarışlarına da start verilirdi. Bu işdə isə yeni rəhbərliyin sərşitəsinin də az olmasını vurğulamaq yerinə düşər. Çünki yarışlara qatılmaq üçün indiki kimi əlaqələrimiz yox idi. Ən əsası da ölkədə idmana lazımı diqqətin ayrılmaması səbəbindən aparıcı idmançılarımız və mütəxəssislərinizin başqa ölkələr qaçması, Bakıda beynəlxalq turnirlərin olmaması əleyhimizə işləyən amillərdən idi. Azsaylı idmançılarımızın lisenziya yarışlarına qatılmasında da maddi çətinliklər özünü göstərirdi. Həmçinin həmin turnirlərdə təzyiqlərlə, hakim haqsızlıqları ilə üzləşirdilər. Amma bütün bu çətinliklərin fonunda MOK ilk Olimpiya yığmamızı formalaşdıra bildi.

 

İlk “23-lüy”ümüz

Azərbaycan Atlanta-1996-ya nə az, nə çox - 23 idmançı ilə yollanmaq hüququ qazandı. Bu, sabiq SSRİ yığmasında heç vaxt təmsil olunmadığımız rəqəm idi. Daha çox rusiyalılar, həmçinin ukraynalılara üstünlük verən İttifaq millisindən qurtulduqdan sonra Olimpiadada daha böyük heyətlə çıxış etmək imkanı qazanmışdıq. Üstəlik, SSRİ yığmasında heç bir şansımız olmadığı növlərdə belə okeanın o tayına yollanmaq imkanına yiyələnmişdik. Son Olimpiadada olduğu kimi bu dəfə cüdo, güləş, qılıncoynatma və atıcılıqda yenidən təmsil olunduq. Amma artıq İlqar Məmmədov Atlantaya Azərbaycan vətəndaşı kimi deyil, Rusiya yığmasının üzvü kimi yollandı. Onu millimizdə isə Elxan Məmmədov əvəzlədi. Barselonada olduğu kimi Nazim Hüseynov və Valeri Timoxin isə yenə komandadaydı.

 

Heyətdə kifayət qədər yeniliklər də vardı. Əgər atletika növündə sonuncu dəfə Münhen-1972-də təmsil olunmuşduqsa, bu dəfə komandada 4 atlet yer alırdı. Onlardan ikisinin isə üçtəkanla tullanma növündə olması qeyri-adi sayıla bilər. Çünki bu növdə SSRİ çempionatında da zəif təsir bağışlayan ölkəmiz Olimpiadaya birdən-birə 2 idmançı ilə yollanırdı. Bundan əlavə, Oyunlar tarixində 2 azərbaycanlı idmançının bir-birinə rəqib olması özü də nadir hadisə idi. Həmçinin müəyyən fasilədən sonra 4 illiyin ən möhtəşəm yarışında suyatullanma və üzgüçülük növlərində də mübarizə aparacaqdıq. Bizim üçün ənənəvi olan güləş növündə isə 8 pəhləvan lisenziya qazanmışdı.

 

Atlanta-1996 Azərbaycan yığması üçün debütlə əlamətdar olduğu kimi bir sıra idman növlərində “siftə”lərlə də yadda qaldı. Təmsilçilərimiz tarixdə ilk dəfə boks və ağırlıqqaldırma növlərində çıxış etdilər. Bununla yanaşı, Timoxin atıcılığın stend növündə dəqiqliyini yoxladığı halda, İradə Aşumova güllə atıcılığında hədəf önünə keçdi.

 

Əvəzində, SSRİ və MDB yığmasının heyətində daima yer aldığımız komanda idman növləri “kölgə”yə çəkildi, son 2 Olimpiadada say üstünlüyü təşkil edən avarçəkənlərimiz “yox”a çıxdı.

 

İlk bayraqdardan ilk legioner və ilk medaladək

Komandamızın ümumi çıxışına gəlincə, ilk cəhd üçün uğurlu saymaq olar. Düzdü, son Olimpiya çempionumuz Nazim Hüseynov əvvəlki uğurunu təkrarlaya bilmədi. O, ikinci cəhdində meksukalı idmançıya məğlub oldu. Amma buna baxmayaraq, Hüseynov Atlanta-1996-da da adını idman tariximizə yazdıra bildi. Barselona-1992-də MDB millisinin tərkibində Azərbaycan yığmasının bayraqdarı olan cüdoçumuz müstəqil ölkə kimi qatıldığımız ilk yarışda da eyni funksiyanı yerinə yetirdi. Müasir Olimpiadanın 100 illiyinə təsadüf edən Oyunlarda ilk dəfə Azərbaycan adı məhz onun paradda ilk addımından sonra səsləndi. Ardınca isə ilk Olimpiya yığmamız azarkeşlər önündən keçdi. Qürurvericidi ki, Atlanta-1996-dan başlayaraq, bütün mükafatlar birbaşa ölkəmizin adına yazılacaqdı.  

 

ABŞ-da ilk və yeganə medalçımız isə Namiq Abdullayev oldu. 52 kq çəki dərəcəsində sərbəst güləşçimiz birinci görüşündə yerli pəhləvan Lou Rossellini 7:0 hesabı ilə məğlub etdikdən sonra yaponiyalı Hideo Sasayamaya və özbəkistanlı Adxam Açilova 11:0 hesabı ilə qalib gəlməklə, yarımfinala yüksəldi. Bu dəfə də Qulamreza Məhəmədiyə (İrlandiya) yerini göstərdi – 10:0. Həmyerlimizi finalda isə daha güclü – Barselona-1992-nin bürünc mükafatçısı, 7 qat dünya çempionu Valentin Yordanov (Bolqarıstan) gözləyirdi. Gərgin keçən qarşılaşma da daha təcrübəli rəqibin minimal hesablı (4:3) qələbəsi ilə yekunlaşdı. Buna baxmayaraq, 25 yaşlı Abdullayev gümüş medalla gələcək uğurların təməlini qoydu. Onun bu nailiyyəti müstəqil ölkəmizin idman tarixinə “qızıl” hərflərlə düşdü. Məhz bu səbəbdən də həmin vaxt Azərbaycan prezidenti, mərhum Heydər Əliyev Olimpiya yığmamızı qəbul edərkən, Namiqin mükafatını “qızıl” kimi dəyərləndirmişdi.

 

Atlanta-1996-da digər idmançılarımızdan Ədalət Məmmədovun da çıxışını xüsusi vurğulamaq yerinə düşər. Çünki Olimpiadada debüt etdiyimiz növdə artıq dünyasını dəyişmiş boksçu 1/4 finala kimi irəlilədi. O, ilk 2 döyüşdən sonra nigeriyalı idmançıya məğlub oldu. Düzdü, həmyerlimiz stratda rəqibini 2 dəfə nokdauna salıb, lakin bunun ardını gətirə bilməyib. Yekunda Məmmədov 5-ci yeri tutub.

 

Maraqlıdı ki, bu gün olduğu kimi ABŞ-da iştirak edən yığmamızda da legionerlər yer alıb. Özü də bizim üçün ənənəvi sayılan güləş növündə. Atlantada Maqomedsalam Hacıyev komandamızda debüt etsə də, uğur qazana bilmədi. 4 il öncə MDB yığmasında Rusiya adından çıxış edən dağıstanlı 8-ci yerlə kifayətləndi. Onun həmyerlisi Maqomed İbrahimov isə medalın bir addımlığında büdrədi. O, ilk qarşılaşmasında məğlub olduqdan sonra “bürünc” üçün ardıcıl 4 görüşdə qələbə qazansa da, 3-cü yer uğrunda iranlıya məğlub oldu və 5-ci yerlə kifayətləndi. Yeri gəlmişkən, həmin vaxt 22 yaşı olan dağıstanlı vətəndaşlığımızdan imtina edərək, 3-cü ölkəni – Makedoniyanı seçdi. Sidney-2000-də yeni komandasına yığmamızla qazana bilmədiyi “bürünc”ü bəxş etdi, Afina-2004-ü isə erkən bitirdi.

 

Atlanta-1996-da “23-lüy”ümüzün tam siyahısı və göstərdiyi nəticələr

 

İdmançı

Növ

Nəticə

İlham Kərimov

Boks, 81 kq

İlk döyüşdə uduzub

Ədalət Məmmədov

Boks, +91 kq

1/4 finalda uduzub

Elxan Məmmədov

Qılıncoynatma, sablya

İlk döyüşdə uduzub

Namiq Abdullayev

Sərbəst güləş, 52 kq

Gümüş medal qazanıb

Emin Cəbrayılov

Suyatullanma, 10 m

27-ci yer

Arif Abdullayev

Sərbəst güləş, 57 kq

10-cu yer

Vilayət Ağayev

Yunan-Roma güləşi, 57 kq

10-cu yer

Elşad Allahverdiyev

Sərbəst güləş, 68 kq

14-cü yer

İradə Aşumova

Atıcılıq (güllə)

10-cu yer (10 m); 15-ci yer (25 m)

Arif Axundov

Atletika, 100 m

7-ci yer (təsnifat mərhələsi)

Elvira Cabbarova

Atletika, 100 m

8-ci yer (təsnifat mərhələsi)

Vasif Əsədov

Atletika, üçtəkanla tullanma

11-ci yer (qrupda)

Aleksey Fatyanov

Atletika, üçtəkanla tullanma

18-ci yer (qrupda)

Maqomedsalam Hacıyev

Sərbəst güləş, 74 kq

8-ci yer

Tofiq Heydərov

Ağırlıqqaldırma, 83 kq

11-ci yer

Nazim Hüseynov

Cüdo, 60 kq

1/8 finalda uduzub

Zülfiyyə Hüseynova

Cüdo, 56 kq

7-ci yer

Davud Məhəmmədov

Sərbəst güləş, 100 kq

11-ci yer

Tahir Zahidov

Yunan-roma güləşi, 48 kq

14-cü yer

Maqomed İbrahimov

Sərbəst güləş, 82 kq

5-ci yer

Valeri Timoxin

Atıcılıq (stend)

38-ci yer

Asif Məlikov

Ağırlıqqaldırma, 59 kq

-

Emin Quliyev

Üzgüçülük, sərbəst üsulla (50 m)

59-cu yer

 

Debütantlar arasında 12-ci, ümumi hesabda 61-ci

 

İlk komandamızın heyətində təcrübəlilər olduğu kimi, yeni şans qazananlar da vardı. Yığmamızda İradə Aşumova ən yaşlı idmançımız idi. O, Atlantaya yollananda 38 yaş 152 günlük olub. Komandamızın ən gənc üzvü isə 17 yaş 160 günlük Tahir Zahidov idi.

 

Beləliklə, XXVI Yay Olimpiya Oyunlarına 23 idmançı ilə yollanan Azərbaycan 1 gümüş medalla qeyri-rəsmi komanda yarışında Baham adaları, Çin Taypeyi, Latviya, Filippin, Tonqa və Zambiya ilə birgə 61-ci yerə şərik oldu. Atlantada debüt edənlər arasında isə 19 ölkəni qabaqlamaqla, 12-ci yerdə qərarlaşdı.

 

Tahir HÜMMƏTOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir