Azərbaycan yığması Türkiyəni 11:0 hesabı ilə məğlub edib
23.07.2008 - 10:39
Azərbaycan yığması Türkiyəni 11:0 hesabı ilə məğlub edib
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 21 yaşadək qızlardan ibarət otüstü hokkey üzrə milli komandası Avstriyanın paytaxtı Vyanada təşkil olunan Avropa çempionatı Çelenc divizionunun ilk turunda böyük hesablı qələbə qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Mixail Pinkovun yetirmələri Türkiyə yığmasını darmadağın ediblər - 11:0. Otüstü hokkeyçilərimiz xüsusilə ikinci hissədə fəal olublar. Fasilədən sonra onlar türkiyəli həmyaşıdlarını 7 dəfə cəzalandırıblar. Çempionatın digər matçında Avstriya milli komandası Slovakiyaya 5:1 hesabı ilə qalib gəlib. Reqlamentə əsasən, yarışda 4 kollektiv bir dövrəli sistem üzrə mübarizə aparır. Bu gün yığmamız meydan sahiblərini sınağa çəkəcək. Yekunda ilk iki pillədə qərarlaşanlar Trofi divizionuna yeganə vəsiqə uğrunda qarşılaşacaqlar.
İtaliyanın Bra şəhərində 21 yaşadək oğlanlardan ibarət komandaların Avropa çempionatı Trofi divizionu yarışı isə Azərbaycan yığması üçün uğursuz davam edir. Saleh Hüseynovla Yusif Qasımovun rəhbərlik etdiyi kollektiv İtaliyanın ardından (1:5), Çexiyaya da uduzub. Milli komandamız rəqibə minimal hesabla məğlub olub - 2:3. Bununla da, otüstü hokkeyçilərimiz turnirin qalibi olmaq şansı xeyli azalıb. Aktivində xal olmayan yığmamız hazırda sonuncu, 5-ci pillədə qərarlaşıb. Bu gün həmvətənlərimiz belaruslularla qüvvələrini sınayacaqlar. Komandamız qitə birinciliyinin ən yüksək divizionuna iki vəsiqədən birinə sahib çıxmaq üçün qrup mərhələsini minimum ikinci yerdə başa vurmalıdır.
0