Sabah Ağasəlim Mircavadovla Əsgər Abdullayevin taleyinə aydınlıq gələcək
30.07.2008 - 18:16
Sabah Ağasəlim Mircavadovla Əsgər Abdullayevin taleyinə aydınlıq gələcək
Hər iki komanda ilk görüşlərini 0:1 hesablı məğlubiyyətlə başa vurub. Fərq ondadır ki, “Olimpik” Serbiyada “Voyvodina”ya, “Xəzər-Lənkəran” Bakıda Polşanın “Lex” klubuna minimal hesabla uduzub. Bu mənada Ağasəlim Mircavadovun çalışdırdığı komandanın işi daha çətin olacaq. Avrokuboklarda 5-ci oyununa çıxacaq lənkəranlılar qələbə üzünə həsrət qalıb. Qitə miqyaslı turnirdə debüt edən “Olimpik” isə hələ ki qol hesabını açmayıb.
UEFA kuboku Çempionlar Liqası və İntertoto ilə müqayisədə Azərbaycan klubları üçün elə də uğurlu turnir sayılmır. Təsadüfi deyil ki, UEFA kubokunda indiyədək yalnız bir dəfə mərhələ adlamışıq və bunun reallaşması üçün 12 il gözləmək lazım gəlib. 2006-cı ildə “Karvan” Slovakiyanın “Spartak” klubunu hər iki oyunda 1:0 hesabı ilə məğlub etməklə, mərhələdə adlamağa müvəffəq olub. “Olimpik”lə “Xəzər-Lənkəran”ın cavab görüşləri həm də onların çalışdırıcılarının talelərinə aydınlıq gətirə bilər. A.Mircavadovdan fərqli, “Olimpik”in çalışdırıcısı Əsgər Abdullayev avrokuboklarda mərhələ adlamayıb. Onun elə UEFA kubokunda “Şəfa” və “Bakı” klublarının sükanı arxasında cəhdi uğursuz olub. Məlumatlara görə, “Xəzər-Lənkəran” və “Olimpik” UEFA kubokunda mübarizəni dayandırsa, klub rəhbərliyi baş məşqçilərlə yollarını ayıracaq.
Qeyd edək ki, “Olimpik” – “Voyvodina” matçını macarıstanlı, “Lex” – “Xəzər-Lənkəran” görüşünü israilli hakimlər briqadası idarə edəcək.
0