Mariya Stadnik: “Pekin Olimpiadasına qızıl medal üçün gedirəm”
05.08.2008 - 10:32
Mariya Stadnik: “Pekin Olimpiadasına qızıl medal üçün gedirəm”
“Hazırlıq prosesimiz uğurla keçdi. Bu il həm böyüklər, həm də gənclər arasında keçirilmiş qitə birinciliklərinin qalibi oldum. Fikrimcə, Pekində hər şey mənim üçün uğurlu alınacaq”. 20 yaşlı güləşçi Pekin Olimpiadasına lisenziyanı ötən il Bakıda keçirilmiş dünya çempionatında 7-ci yeri tutmaqla, əldə edib. M.Stadnik dünya birinciliyinin ¼ finalında Çiharu İço (Yaponiya), təsəlliverici görüşdə isə Stefani Murataya (ABŞ) uduzub. Finalda Ç.İço Ukrayna yığmasının üzvü İrina Merlenini məğlub edərək, qızıl medal qazanıb, S.Murata isə 6-cı olub. Ukrayna əsilli pəhləvanımız Pekində əsas rəqibi qismində məhz yaponiyalı dünya çempionunu gördüyünü bildirib: “Olimpiadada əsas rəqibim Çiharu İço olacaq. Çünki yaponiyalı pəhləvan çox titullu və böyük təcrübəyə malikdir. Lakin onunla görüşsəm, mənim üçün hər şeyin normal alınacağını düşünürəm. Həmyerlim İrina Merleni ilə isə heç vaxt qarşılaşmamışam. Mətbuatda yazılanların əksinə, Merleni ilə aramızda heç bir prinsip yoxdur. O, Ukrayna, mən isə Azərbaycan yığmasının uğurları üçün çalışırıq”. Olimpiadadan sonra da Azərbaycan yığmasında qalmaq istədiyini deyən M.Stadnik ölkəmizdə hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirib. Onun fikrincə, Olimpiadada çıxış edəcək daha 15 güləşçimizin də uğurlu nəticələr göstərmək imkanları var: “Amma bu, kimin yarışa psixoloji cəhətdən nə dərəcədə hazırlıqlılığından asılı olacaq”.
Qeyd edək ki, M.Stadnik Pekin Olimpiadasında döşək üzərinə avqustun 16-da çıxacaq.


0