“İnter” “Fənərbaxça”nı Bakıya gətirmək üçün Belqrada getdi
05.08.2008 - 11:01
“İnter” “Fənərbaxça”nı Bakıya gətirmək üçün Belqrada getdi
Bu da Azərbaycan çempionunun ilk dəfə ÇL-nin üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmasıdır. Avrokuboklarda debüt mövsümündə iki mərhələ adlayan ilk klubumuz kimi tarixə düşən paytaxt təmsilçisinin “Fənərbaxça”nı Bakıya gətirmək şansı yaranıb. Potensial rəqibimiz olan Türkiyə vitse-çempionu Macarıstanın MTK klubunu öz meydanında 2:0 hesabı ilə yendiyindən, üçüncü mərhələyə yüksəlməyə daha çox şanslıdır. 1997-ci ildən ÇL-də çıxış edən klublarımız indiyədək ən yaxşı halda ikinci mərhələnin iştirakçısı olub. Bu, “İnter”i də nəzərə alsaq, dörd dəfə baş verib və onların ikisi “Neftçi” ilə bağlıdır. Ancaq həm “Neftçi”, həm də ÇL-də ilk dəfə mərhələ adlayan “Şəmkir” ikinci mərhələ səddini aşa bilməyib. Klublarımız nüfuzlu turnirin ikinci mərhələsinin cavab görüşlərində yalnız bir dəfə qələbə qazanıb ki, buna da “Neftçi” üç il öncə Respublika stadionunda Belçikanın “Anderlext” klubu ilə oyunda (1:0) nail olub. Ancaq flaqman Brüsseldə keçirilən ilk oyunda böyük hesabla uduzduğundan (0:5), qələbə yalnız reytinqi artırmaq baxımından faydalı olub. Buna qədər isə cavab görüşlərində “Neftçi” Moskvada MOİK-ə (0:2), “Şəmkir” Bakıda Çexiyanın “Slaviya” klubuna (1:4) uduzub. “İnter”in əsas oyun qurucusu olan Mahmud Qurbanov hər iki görüşün iştirakçısı olub. “Partizan”la Bakıdakı oyunda (1:1) qələbəyə çox yaxın olduğu halda, buna nail olmayan V.Xodukinin komandası mərhələ keçmək üçün səfərdə mütləq qol vurmalıdır. Serbiyalıların rəqib meydanında vurduğu qol ona əlavə üstünlük verir. Yəni Slavişa Yokanoviçin komandasına üçüncü mərhələyə yüksəlmək evdəki oyunda qolsuz heç-heçə də kifayətdir. “İnter” ilk təsnifat mərhələsində Makedoniyanın “Rabotniçki” ilə cavab görüşündə məhz səfərdə vurulan qol hesabına mərhələ adlamağa müvəffəq olub. Ümumiyyətlə, ÇL-də debüt mövsümünü keçirən komandamız hər üç oyunda heç-heçə edərək, məğlubiyyətsiz oyunlar seriyasını sıralayır. V.Xodukinin komandası yenə uduzmayacağı halda, ölkəmizin UEFA-nın klub reytinqində son 5 mövsümdə xal ehtiyatını rekord həddə çatdırmış olacaq. İndiyədək klublarımız ilk oyunda nəinki 1:1, ümumiyyətlə, heç-heçə etdikdən sonra mərhələ adlaya bilməyib. Bakı vaxtı ilə 23:45-də başlayacaq sabahkı oyunu ispaniyalı hakimlər idarə edəcək. “Lider TV” “Partizan”la ilk görüşü olduğu kimi, Belqraddakı görüşü də canlı yayımlayacaq.
Qeyd edək ki, “İnter” bu gün səhər saatlarında çarter reysilə Belqrada yollanıb.
0