Emin İmaməliyev: “Partizan”a qarşı Bakıdakı oyunu Belqradda da göstərsək, mərhələ adlayacağıq”
05.08.2008 - 13:14
Emin İmaməliyev: “Partizan”a qarşı Bakıdakı oyunu Belqradda da göstərsək, mərhələ adlayacağıq”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Çempionlar Liqasında üçüncü mərhələyə yüksələcəyimizə inanıram. Biz Belqrada böyük ümidlərlə yollanırıq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Çempionlar Liqasında iştirak edən Bakının “İnter” klubunun kapitanı Emin İmaməliyev deyib. Sabah Serbiyada “Partizan”la cavab görüşünə çıxacaq 28 yaşlı yarımmüdafiəçi Belqraddakı çılğın azarkeşlərindən çəkinmir: “Artıq bizdə əvvəlki kimi səfər oyunları ilə bağlı psixoloji gərginlik yoxdur. Vaxtilə rəqib meydanında keçirdiyimiz oyunlarda 1-2 top fərqi ilə uduzmağı düşündüyümüz halda, indi vəziyyət tam fərqlidir. Elə son vaxtlar səfərdə keçirdiyimiz oyunlar buna bariz nümunədir. Rəqiblə səfər meydanındakı görüşdə çəkinməyərək, başa-başa mübarizə aparır, çoxlu hücum edirik. Artıq səfər oyununda qol vurmaq da bizim üçün problem deyil. Bu mənada “Partizan”ın qapısına Bakıda olduğu kimi, Belqradda da yol tapacağımıza inanıram”. E.İmaməliyev üçüncü təsnifat mərhələsinə yüksəlib, Türkiyənin “Fənərbaxça” klubunu Bakıya gətirə biləcəklərini real sayır: “Əsas oyunumuzun alınmasıdır. “Partizan”la Bakıdakı görüşün ikinci hissəsində baxımlı oynadıq, çoxlu qol imkanları yaratdıq. Belqradda da belə inamlı oynaya bilsək, “Partizan”a yenə gücümüzü göstərib, onu keçə bilərik. İnşallah, daha bir mərhələ adlayıb, “Fənərbaxça” ilə də gücümüzü sınayarıq”.


0