Azərbaycan idmançıları sabah Pekin Yay Olimpiya Oyunlarına yollanacaqlar
05.08.2008 - 16:15
Azərbaycan idmançıları sabah Pekin Yay Olimpiya Oyunlarına yollanacaqlar
Nazir bildirib ki, səhər saatlarında yola düşəcək nümayəndə heyəti “Boinq-747” markalı təyyarə ilə 7 saatlıq məsafəni qət etdikdən sonra Pekinə çatacaq. Nümayəndə heyətinin tərkibində avqustun 8-də start götürəcək Pekin Olimpiadasında çıxış edəcək idmançıların böyük hissəsi, o cümlədən güləşçilər, boksçular, atletlər və üzgüçülər, məşqçilər, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, eləcə də bir sıra federasiyaların rəsmiləri yer alacaqlar. Daha bir çarter reysi isə avqustun 16-da təşkil olunacaq. Həmin gün qalan idmançılar və məşqçilər turistlərlə birgə Çinin paytaxtına uçacaqlar. Təyyarə çıxışlarını başa vurmuş idmançılarla birgə Bakıya qayıdacaq. Çinin paytaxtına sonuncu çarter reysi Olimpiadanın başa çatmasından bir gün sonraya - avqustun 25-ə təsadüf edəcək. Pekinə boş gedəcək təyyarə idmançılar və nümayəndə heyətinin qalan hissəsini ölkəmizə gətirəcək. A.Rəhimov Azərbaycan Hava Yolları Dövlət Konserninə (AzAL) məxsus təyyarə ilə nəzərdə tutulan reyslər üçün ümumilikdə 800 min manat ayrıldığını bildirib: “Biz öncədən avqustun 30-u üçün də çarter reysi təşkil etməyi düşünürdük. Lakin həmin günə nəzərdə tutulan çarter reysini adi reyslə əvəzlədiyimizdən, AzAL-ın hesabına köçürəcəyimiz vəsaitin məbləği azala bilər”. Nazir Pekin Olimpiadasına hazırlıq üçün büdcədə nəzərdə tutulan 3 milyon 150 min manatlıq vəsaitin ən böyük hissəsini məhz AzAL-ın hesabına keçirdiklərini açıqlayıb. İndiyədək 2 milyon 300 manat vəsaitin sərf olunduğunu deyən A.Rəhimov sonrakı xərclərin yığma komandamızın açılış mərasimi, parad və idman geyim dəstlərinin alınmasına çəkildiyini vurğulayıb. O, bildirib ki, geyim dəstləri sifariş əsasında Sloveniya və İsveçrə firmaları tərəfindən tikilib. Ümumilikdə geyimlərin hazırlanmasına 500 min avrodan çox vəsait xərclənib. Nazir açılış mərasimi üçün nəzərdə tutulan formada ölkəmizin bayrağının rənglərinin öz əksini tapmamasından təəssüfləndiyini bildirib: “İstəyirdik ki, geyim dəstində bayrağımızın hər üç rəngi olsun. Amma təəssüf ki, bayrağımızın rəngləri ilə birgə dizayn tapa bilmədik. Əvəzində ağ kostyum, üzərində bayrağımızın rənglərinin əksini tapdığı qırmızı qalstuk və ay köynəkdən ibarət geyim dəsti hazırlatmışıq. İnanıram ki, avqustun 8-də keçiriləcək açılış mərasimində nümayəndə heyəti tamaşaçılar qarşısına çıxarkən, gözəl geyimlə diqqəti cəlb edəcək”. A.Rəhimov Olimpiya şəhərciyində Azərbaycan nümayəndə heyətinin qalacağı binada Ermənistan idmançılarının da olacağı haqda məlumatları təkzib edib. O, bildirib ki, həm yeməkxana, həm də nəqliyyat vasitələrinə yaxın olan yığma komandamızın qalacağı bina əlverişli məkandadır: “Bu binanı özümüz seçmişik. Artıq əvvəlcədən yola saldığımız idmançılarımız orada qalırlar və şəraitlərindən razıdırlar”. Nazir Pekində Olimpiya yığmamızın təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını söyləyib. Onun sözlərinə görə, iyulun 25-dən Pekində olan Gənclər və İdman Nazirliyinin şöbə müdirləri - Azərbaycanın şef de-missionu İlham Mədətovla Mirkamil Rəhimov təhlükəsizlik məsələlərinə də ciddi yanaşırlar: “Onlar hər gün bizimlə əlaqə saxlayırlar. İdmançılarımızın təhlükəsizliyi tam təmin olunub”.
Qeyd edək ki, Pekin Olimpiadasında 44 idmançımız çıxış edəcək.
0