London Olimpiadasına hazırlıq prosesində su idman növlərinə diqqət artırılacaq
05.08.2008 - 17:47
London Olimpiadasına hazırlıq prosesində su idman növlərinə diqqət artırılacaq
Bakı. Elşən Məmmədov – APA-Sport. Azərbaycanda 2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlıq zamanı su idman növlərinin inkişafına diqqət artırılacaq. «APA-Sport» agentliyinin məlumatına görə, bu haqda gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir bildirib ki, 2009-cu ilin büdcəsində Bakıda hovuz kompleksinin tikintisi üçün vəsaitin ayrılması da əksini tapacaq. Hazırda kompleks üçün müvafiq ərazinin axtarıldığını deyən A.Rəhimovun sözlərinə görə, idman qurğusu üzgüçülük, sinxron üzgüçülük, suyatullanma və su polosu bölmələrindən ibarət olacaq. Kompleksin iki il ərzində tikilib istifadəyə veriləcəyi gözlənilir. Digər su idman növlərinə gəldikdə, nazir akademik, kayak və kanoe qayıqlarında avarçəkmə sahəsində qısa müddətdə xeyli irəliləyişin əldə olunduğunu bildirib. Hazırda Mingəçevir şəhərində «Kür» Olimpiya İdman Mərkəzinin tikildiyini söyləyən A.Rəhimov avarçəkənlərimizin bir sıra beynəlxalq yarışlarda uğurla çıxış etdiklərini vurğulayıb: «Son altı ay ərzində avarçəkənlərimiz beynəlxalq yarışlarda uğurlu nəticələr göstəriblər. Belə ki, kanoeçimiz Dünya Kubokunun mərhələ yarışlarında 3 qızıl, akademik avarçəkənlərimiz isə beynəlxalq «Kiyev reqatası»nda bir bürünc medal qazanıblar. İnanıram ki, ölkəmiz gələcəkdə avarçəkmə növündə də öz sözünü deyəcək». Yelkənli idman növlərindəki vəziyyətə toxunan nazir maddi-texniki bazanın möhkəmləndirilməsinin vacibliyini söyləyib. O, bildirib ki, bunun üçün yeni qayıqlar alınmalı, kütləviliyi artırmaq üçün yelkənli növlər üzrə klublar və bölmələr fəaliyyət göstərməlidir.
0