“Reyncers” avrokuboklardan kənarlaşdırılıb
06.08.2008 - 10:38
“Reyncers” avrokuboklardan kənarlaşdırılıb
Bakı. Mehman Süleymanov - APA-Sport. UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk iki iştirakçısının adı bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, Şotlandiyanın “Reyncers” klubu avrokuboklarda çıxışını başa vurub. Ötən mövsüm UEFA kubokunun finalçısı olan Qlazqo təmsilçisi “Kaunas” səddini keçə bilməyib. Səfərdə qolsuz heç-heçə edən Litva çempionu öz meydanında əzmkar qələbə qazanıb – 2:1. 33-cü dəqiqədə Kevin Tompsonun qolu ilə hesabda geridə düşən litvalılar fasiləyə az qalmış (43-cü dəqiqədə) Nerius Radziusun sayəsində tarazlığı bərpa edib. “Kaunas” üçüncü mərhələyə yüksələn qələbə topunu matçın sonuna 4 dəqiqə qalmış Linas Pilibatislə vurub. Latviyada “Ventspils” ilə Norveçin “Brann” klubu arasında keçirilən cavab görüşündə də meydan sahiblərinin 2:1 hesablı qələbəsi qeydə alınıb. Ancaq litvalılardan fərqli, latviyalılar mərhələ adlaya bilməyib. Öz meydanında qalib gələn (1:0) “Brann” cavab görüşündə ilk hissədən sonra hesabda 0:2 geridə olub. “Ventspils”dən 6-cı dəqiqədə Zurab Menteşaşvili, 44-cü dəqiqədə Vits Rimkus fərqlənib. “Brann”ın futbolçusu Armann Byornssonun 50-ci dəqiqədə vurduğu qol həlledici olub. Belə ki, norveçlilər məğlub olsalar da, rəqib meydanında vurulan qol iki oyunun nəticəsinə görə mərhələ keçməyə imkan yaradıb. ÇL-nin üçüncü mərhələsinə vəsiqə qazanan daha 14 komandanın adı bu gün bəlli olacaq.
Qeyd edək ki, “Kaunas” üçüncü mərhələdə “Modritsa” (Bosniya və Herseqovina) – “Olborq” (Danimarka) cütünün qalibi, “Brann” isə “Fransanın “Marsel” klubu ilə görüşəcək.
0