Sabah Azərbaycan Premyer Liqasında yeni mövsümün startı veriləcək
08.08.2008 - 11:38
Sabah Azərbaycan Premyer Liqasında yeni mövsümün startı veriləcək
Ötən çempionat avqustun 11-12-də başlamışdısa, bu dəfə yarışa bir qədər tez start veriləcək. Premyer Liqanın yeni mövsümümün 14 iştirakçısından tən yarısı Bakını təmsil edir. Ağdamın “Qarabağ” klubunun da məlum səbəbdən Bakıda məskunlaşdığını nəzərə alsaq, paytaxt təmsilçilərinin sayı əyalət komandaları ilə müqayisədə çoxdur. Əsas yeniliklərdən biri odur ki, hər turdan bir gün öncə əvəzedici komandaların oyunları keçiriləcək. Əvəzediciləri meydana çıxmayan klublar buna görə 5000 manat məbləğində cərimə ödəyəcək.
Sözsüz ki, ilk turun mərkəzi oyunu “Olimpik”lə “İnter” arasında olacaq. Premyer Liqanın qızıl və gümüş mükafatçısı yenidən “Şəfa” stadionunda görüşəcək. Özü də “Olimpik”in “İnter”ə çempionluğu son turda verməsi matçın prinsipiallığını artırır. Bürünc mükafatçı “Neftçi” isə həmin arenada ötən mövsüm 4 dəfə görüşdüyü “Standard”ın qonağı olacaq. Flaqman ölkə kubokunda mübarizədən kənarlaşdırdığı həmşəhərlilərinə indiyədək uduzmayıb. Son iki mövsümdə Azərbaycan kubokunu qazanan “Xəzər-Lənkəran” ötən mövsüm olduğu kimi, mövsümə Yevlaxda “Karvan”la oyunla başlayacaq. Əsas fərq baş məşqçilərin dəyişikliyi ilə bağlıdır. Belə ki, bu dəfə Təbriz Həsənov – Ağasəlim Mircavadov yox, Yunis Hüseynov – Rasim Kara qarşıdurması olacaq. 58 yaşlı türkiyəli mütəxəssis üç ildən sonra “Xəzər-Lənkəran”ın baş məşqçisi kimi ilk oyuna çıxacaq. Sonuncu dəfə bu postda 2005-ci ilin sentyabrın 11-də “İnter”lə Respublika stadionunda olan R.Kara həmin səfər matçında 0:2 hesablı məğlubiyyətdən sonra istefa verib.
Sumqayıtın “Gənclərbirliyi” ilə Bərdənin ABN klubu birinci diviziona düşdüyündən, “Masallı” isə maliyyə problemlərinə görə yeni mövsümün iştirakçısı olmayacaq. Onları əvəzləyən “Bakılı” ilə MOİK üç illik fasilədən sonra güclülər dəstəsinə qayıdırsa, Salyanın NBC klubu Premyer Liqanın debütantıdır. Hər üç komandanı ötən mövsümlə müqayisədə iddiası artan, heyətini xeyli gücləndirən “Bakı”, “Qarabağ” və “Qəbələ” ilə çətin sınaq gözləyir. Çempionluğa əsas namizədlərdən olan “Bakı”nın baş məşqçisi Qyoko Hacievskini yenə Respublika stadionunda Qəhrəman Əliyevin komandası ilə görüşəcək. Ölkəmizdə debüt matçında bu mütəxəssislə görüşən makedoniyalı məşqçini bu dəfə “Masallı” yox, MOİK sınağa çəkəcək. Q.Əliyev MOIK, Qurban Qurbanov “Qarabağ”, Vladislav Qədirov NBC, Mustafa Yılmaz isə “Turan”ın sükanı arxasında debüt edək. Qeyd edək ki, 54 yaşlı türkiyəli mütəxəssis Premyer Liqa klublarının çalışdırıcıları arasında yeganə debütantdır.

9 avqust

“Bakılı” – “Qarabağ”

Baş hakim: Fariz Yusifov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00

“Standard” – “Neftçi”
Baş hakim: Anar Niyazov
Bakı. “Şəfa” stadionu. Saat 21:00

“Qəbələ” - NBC
Baş hakim: Əfqan Həmzəyev
Qəbələ. Şəhər stadionu. Saat 18:00

10 avqust

“Karvan” – “Xəzər-Lənkəran”

Baş hakim: Babək Quliyev
Yevlax. Şəhər stadionu. Saat 18:00

“Olimpik” – “İnter”
Baş hakim: Zöhrab Qədiyev
Bakı. “Şəfa” stadionu. Saat 19:00

“Bakı” – MOİK
Baş hakim: Rasim Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00

“Simurq” – “Turan”
Baş hakim: Hacıəli Ağayev
Qax. Şəhər stadionu. Saat 18:00
0