Azərbaycan cüdoçularının Pekin Olimpiadasında rəqibləri bəlli oldu
08.08.2008 - 13:22
Azərbaycan cüdoçularının Pekin Olimpiadasında rəqibləri bəlli oldu
Pekin. Elşən Məmmədov - APA-Sport. 2008-ci il Pekin Yay Olimpiya Oyunları çərçivəsində keçiriləcək cüdo yarışlarının püşkü atılıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yığmasının tərkibində yer alan 5 kişi və 1 qadın cüdoçunun rəqibləri müəyyənləşib.
Avqustun 10-da həmyerlilərimizdən mübarizəyə Ramil Qasımov başlayacaq. 66 kq çəkidəki təmsilçimiz B qrupunda yer alıb. Püşkə əsasən, ilkin mərhələdə R.Qasımovun rəqibi olmayacaq. Növbəti qarşılaşmada həmyerlimiz Alim Qadanovla (Rusiya) üz-üzə gələcək. Ümumiyyətlə, cüdoçumuz qrup qalibi kimi yarımfinala çıxmaq üçün cəmi 3 görüşünü qələbə ilə başa vurmalıdır. Buna nail olsa, R.Qasımov finala vəsiqə uğrunda döyüşdə A qrupunun qalibini yenməlidir.
Ertəsi gün daha iki cüdoçumuz - ötənilki dünya çempionatının gümüş mükafatçısı Elnur Məmmədli (73 kq) və bu il Avropa çempionatında bürünc medal qazanmış Kifayət Qasımova (57 kq) tatami üzərinə çıxacaqlar. B qrupunda yer alacaq E.Məmmədli ilk görüşündə Dirk van Tikeltlə (Belçika) qarşılaşacaq. Bu və sonrakı iki cəhddə qələbə qazanacağı halda, həmyerlimiz yarımfinala vəsiqə qazanacaq. Finala çıxmaq üçün isə o, A qrupunun qalibini məğlub etməlidir.
K.Qasımova da B qrupuna düşüb. Amma o, qrup qalibi kimi yarımfinala çıxmaq üçün cəmi 2 görüş keçirməlidir. Qadın cüdoçumuzun ilk rəqibi ötənilki dünya çempionatında bürünc, Asiya çempionatında isə qızıl medal qazanmış Ayko Sato (Yaponiya) olacaq. Görüşü məğlub başa vursa belə, K.Qasımova mübarizəni bürünc medal uğrunda təsəlliverici qarşılaşmalarda davam etdirəcək.
Avqustun 12-də yalnız Mehman Əzizov (81 kq) mübarizəyə qoşulacaq. A qrupunda yer alan M.Əzizovun ilk rəqibi 2005-ci ilin Avropa çempionu, ötənilki Super kateqoriyalı Dünya Kubokunun və bu il keçirilmiş Dünya Kubokunun mərhələ yarışının qalibi Ole Bişof (Almaniya) olacaq. Həmyerlimiz bu və sonrakı iki qarşılaşmadan da qalib ayrılsa, yarımfinala çıxacaq.
Sonrakı gün tatami üzərinə builki Avropa çempionatının gümüş mükafatçısı Elxan Məmmədov (90 kq) çıxacaq. A qrupunda çıxış edəcək E.Məmmədov yarımfinala vəsiqə qazanmaq üçün üç görüşü qələbə ilə başa vurmalıdır. Onun ilk rəqibi Neqmatulla Asranqulov (Tacikistan) olacaq.
Nəhayət, avqustun 14-də tatami üzərinə çıxacaq Mövlud Mirəliyev (100 kq) C qrupunda yer alacaq. Onun ilk rəqibi isə beynəlxalq aləmdə ciddi uğuru olmayan Həssən Azzun (Əlcəzair) olacaq. Bu və sonrakı iki görüşünü də qələbə ilə başa vuracağı halda, M.Mirəliyev yarımfinala çıxacaq. Finala vəsiqə uğrunda sınaqda isə onun rəqibi D qrupunun qalibi olacaq.


0