Üçqat dünya çempionu: “Olimpiadada əsas rəqibim Azərbaycandandır”
08.08.2008 - 17:08
Üçqat dünya çempionu: “Olimpiadada əsas rəqibim Azərbaycandandır”
Pekin. Elşən Məmmədov – APA-Sport. “Pekin Olimpiadasında əsas rəqibim Rövşən Bayramov olacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri İran yunan-Roma güləşçisi, 55 kq çəki dərəcəsində son üç dünya çempionatının qalibi Həmid Surian Reyhanpur deyib. 23 yaşlı pəhləvan XXIX Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmaq istədiyini bildirib: “Əlbəttə, Olimpiadada hər kəs məni məğlub etməyə çalışacaq. Ona görə də qələbə qazanmaq asan olmayacaq. Lakin istənilən halda həm fiziki, həm də psixoloji cəhətdən yaxşı hazırlaşmışam. Hədəfim karyeramda ilk dəfə Olimpiya çempionu tituluna yiyələnməkdir”. İranlı güləşçi azərbaycanlı pəhləvan Rövşən Bayramovu ciddi rəqib kimi dəyərləndirib: “Hələ iki il öncə Çinin digər şəhəri Quançjouda keçirilən dünya çempionatının finalında Bayramovla qarşılaşmışdım. Həmin görüşdə qələbə qazanmışdım. Amma ötən il Bakıda təşkil olunan dünya birinciliyinin həlledici görüşündə onunla görüşə bilmədim. Bununla belə, Bayramovu özümə ən ciddi rəqib sayıram”.
Qeyd edək ki, 2006-ci ildə Çinin Quançjou şəhərində keçirilən dünya çempionatında R.Bayramov Cənubi Koreya təmsilçisi Eun Çol Parkı yenərək, finala vəsiqə qazanıb. Lakin ötənilki dünya birinciliyində həmyerlimiz ¼ finalda məhz E.Ç.Parka uduzaraq, qızıl medal şanslarını itirib.


0