Avropada tarix yazan yığmamız Vətənə döndü
06.04.2009 - 15:51
Avropada tarix yazan yığmamız Vətənə döndü
Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa çempionatında uğurla çıxış edən güləş üzrə Azərbaycan milli komandası bu gün Vətənə dönüb. Apasport.az saytının məlumatına görə, güləşçilərimiz Heydər Əliyev Beynəlxalq Hava Limanında təmtəraqla qarşılanıblar. Pəhləvanları qarşılamağa incəsənət xadimləri, o cümlədən rəqqasələr də təşrif buyurublar.

Sərbəst güləş yığmamızın məşqçisi Firdovsi Umudov qitə birinciliyində qazanılmış uğur münasibətilə bütün xalqımızı təbrik edib: “İranda qazandığımız Dünya Kubokundan sonra üzərimizdə böyük məsuliyyət var idi. Sevinirəm ki, qarşımızda duran vəzifənin öhdəsindən gələ bildik. Komanda hesabında birinci yeri tutmaqla, əsas favoritləri təxminən 20 xal qabaqladıq. Bütün bunlar dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsidir”.

Xatırladaq ki, sərbəst güləş yığmamız komanda hesabında birinci pillədə qərarlaşıb. Sərbəst, yunan-Roma və qadın güləşində isə ölkəmiz ümumilikdə 5 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

Qəribədir ki, Avropa çempionatında cəmi bir bürünc medalla kifayətlənən yunan-Roma güləşçilərimiz hava limanında gözə dəyməyiblər. Hər halda, güləşçilərimizi qarşılamağa gələn böyük kütlə onları görməyib. Onların hava limanının başqa çıxışından yararlandıqları güman edilir. Avropa çempionatında layiqincə mübarizə aparmış güləşçilərimiz isə hava limanını tərk etdikdən sonra mərhum ölkə prezidenti Heydər Əliyevin abidəsini ziyarət etməyə yollanıblar.