Milyarder 4,5 milyon dollarını qurban verdi
08.04.2009 - 12:10
Milyarder 4,5 milyon dollarını qurban verdi
Braziliyalı milyarder Eyke Batista 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilatçılıq hüququnu Rio-de-Janeyro şəhərinin qazanması üçün 4,5 milyon dollar xərcləyib. Apasport.az saytının məlumatına görə, Batista bu məbləği əks etdirən qəbzi Braziliya Olimpiya Komitəsinin prezidenti Karlos Arturo Nuzmana təqdim edib. Milyarder həmin məbləğin ölkədə idman infrastrukturunun yaxşılaşdırılmasına xərclənməsi üçün belə addım atıb.

Rio-de-Janeyro ştatının qubernatoru Serjio Kabral, idman naziri Orlando Silva, həmçinin digər dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə nitq söyləyən biznesmen Braziliyanın bütün iş adamlarını şəhərin namizədliyini dəstəkləməyə çağırıb.

Batistanın varidatı 20 milyard dollara bərabərdir.

Qeyd edək ki, 7 il sonra keçiriləcək olimpiadaya Rio-de-Janeyro ilə yanaşı, Madrid, Tokio və Çikaqo şəhərləri də namizəddir. 2016-cı il Yay Olimpiya Oyunlarının ev sahibinin adı bu il oktyabrın 2-də açıqlanacaq.