“Hiss olunur ki, Elnur “yuxarılardadır”
22.04.2009 - 13:27
“Hiss olunur ki, Elnur “yuxarılardadır”
Azərbaycan cüdo yığmasının sabiq üzvü, Avropa çempionatının gümüş, hərbçilərin dünya çempionatının bürünc medalçısı, 8 dəfə Dünya Kubokunun qalibi, 2000-ci il Sidney, 2004-cü il Afina və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı Mehman Əzizovun apasport.az saytına müsahibəsi

- Bildiyimizə görə, səhhətinizdə problem yaranıb. Hazırda özünüzü necə hiss edirsiniz?
- Mənim ciyər nahiyəmdə problem var. Artıq 3-4 aydır müalicə olunuram. İndi özümü yaxşı hiss edirəm. Bu xəstəlik “fiziki yüklənmə” ucbatından yaranıb. Vaxtilə ciyərim müxtəlif zədələr alıb, amma bunların hamısı müalicə olunub. Bu dəfə isə tam başqa müalicə kursu qəbul edirəm. Şükür Allaha, indi yaxşıyam.

- Həkimlər nə rəy veriblər? Nə zaman tam sağalacaqsınız?
- Bu xəstəliyin müalicə kursu 6 aylıqdır. Çox bahalı müalicədir. Xərcləri öz boynuna götürdüyü üçün Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm.

- Yəqin ki, hələ də sizə kimono geyinməyinizə icazə vermirlər?
- Elədir, kimono geyinib, məşq keçməyə icazə yoxdur. Ciyəri “yükləmək” olmaz. Əgər məşqlərə başlasam, qan dövranı sürətlənər və ciyərə “yük” düşər.

- Bununla belə, deyəsən, məşqçi fəaliyyətinizi davam etdirirsiniz?
- “Kano” klubunda məşqçilik edirəm. Həmçinin, həftənin 1-ci və 5-ci günü “Atilla” klubunda məşq keçirəm. Hələlik böyüklərlə işləyirəm. Amma gələcəkdə cavan nəsil götürüb, yetişdirmək fikrim var.

- Milli komandada sizdən də yaşlı cüdoçular var. Amma Pekin Olimpiadasından sonra təkcə siz karyeranızı başa vurmaq qərarına gəldiniz. Bu nə ilə bağlı idi?
- Pekin Yay Olimpiya Oyunlarından sonra karyeramı bitirib, məşqçiliyə başlamağı planlaşdırırdım. Çünki yaş öz sözünü deyirdi. Mən çox əziyyət çəkmişəm. Məndə ən böyük problem çəki salmaqla bağlı idi. Hər dəfə 6-7 kq çəki salırdım. Bədənim “quru” olduğundan, bu proses çətin başa gəlirdi. 1996-cı ildən səfərlərdə idim. Açığı, heç ortancıl oğlumun böyüməyini görməmişəm (gülür). Onun körpəliyi Afina Olimpiadası ərəfəsinə düşmüşdü. Gəlirdik 3-4 gün evdə qalırdıq, sonra yenə həftələrlə, aylarla təlim-məşq toplanışında olurduq. Bir az yorğunluq var idi. Üstəlik, yaş da keçirdi. Həm də xəstəliyimə görə karyeramı başa vurmalı oldum.

- Demək olarmı ki, cüdodan ürəyiniz istədiyi kimi gedə bilmədiniz?
- Bəli. Əsas olimpiada medalı idi. Üç dəfə yay olimpiya oyunlarında qüvvəmi sınasam da, buna nail ola bilmədim. Afina Olimpiadasında məqsədimə çatmağa yaxın idim. Lakin hakimlərin qeyri-obyektivliyi üzündən medalsız qaldım. Bürünc medal uğrunda rusiyalı Dmitri Nosovla görüşdə fəndə düşdüm. Daha sonra rəqib 2 dəqiqə passiv olsa da, hakimlər ona xəbərdarlıq etmədilər. Yəqin ki, rəqibim rus olduğu üçün mənə qarşı ədalətsizlik etdilər. Afina Olimpiadasına Avropadan cəmi 7 hakim yollanmışdı ki, bunlardan biri rusiyalı idi. Bizdə isə hələlik belə yüksək səviyyədə hakim yoxdur. Əslində, olimpiadaya yaxşı hazırlaşmışdım, pələng kimi idim. Amma qismət... İdmanda bəxt də çox yaxşı şeydir. Təxminən 20 il cüdoda oldum, lakin olimpiya mükafatını qazana bilmədim.

- Ötən ilədək Avropa çempionatında güləşmisiniz. Bu dəfə isə qitə birinciliyinə tamaşaçı qismində yollanacaqsınız. Sizi bu yarışa xüsusi dəvət ediblər?
- Yox. Bunu yığmanın üzvləri məndən xahiş ediblər. Mən psixologiyanı güclü bilirəm. Yarışa nə cür yanaşmağı, döşəyə necə çıxmağı bilirəm. Ona görə də uşaqlar xahiş etdilər ki, bizimlə getsən yaxşı olar. Çempionat Tiflisdə keçiriləcək, məsafə uzaq olmadığından yarışa mən də yollanacağam.

- Avropa çempionatında cüdoçularımızdan hansı nəticəni gözləyirsiniz?
- Onların təlim-məşq toplanışları çox olub, amma bunların heç birində iştirak etməmişəm. Yalnız bir dəfə, ötən ay Zaqatalada oldum. Sözün düzü, məşqlər ürəyimə yatmadı, nədənsə xoşuma gəlmədi. Məndən əvvəl, yaxud sonra yaxşı olub-olmadığını deyə bilmərəm. Xəstəliyimə görə Zaqatalada çox qala bilmədim. Çünki iynələri, dərmanları dəqiq vaxtında qəbul etməliyəm. Buna baxmayaraq, inşallah, cüdoçularımız Avropa çempionatında medal qazanarlar.

- Yığmada konkret nə xoşunuza gəlmədi?
- Milli komandada hər şey yaxşı idi. Uşaqlar işləyirlər, çalışırlar. Ancaq mən işin keyfiyyətini görmədim. Bir misal çəkim. Bizim cüdoçu fransızla güləşir və onu sağa da çırpır, sola da. Görüş qurtardıqdan sonra fransızın baş məşqçisi yetirməsinə nəyə görə, hansı səbəbdən yıxıldığını başa salır. Lakin elə ki, fransız azərbaycanlı cüdoçuya qalib gəlir, bizim məşqçi başlayır həmin idmançının üstünə qışqırmağa: “İşləmək istəmirsənsə, dur çıx bayıra!”. Yəni, bizim məşqçilər öz yetirmələrinə məğlubiyyətin səbəbini başa salmırlar.

- Bu, əvvəllər də var idi, yoxsa sizin yığmadan gedişinizdən sonra yaranıb?
- Həmişə belə olub. Bizi xarici ölkələrdə təşkil olunan təlim-məşq toplanışları xilas edir. Həm də bir çox məqamlar idmançının özündən asılıdır. Əgər onun məqsədi varsa, çalışacaq. Məsələn, Elnur Məmmədlini başa salırdılar ki, belə deyil, elədir. Ancaq Elnur öz bildiyi kimi işləyirdi.

- Ümumiyyətlə, yığmamız çox dəyişib?
- Bunu bilmək üçün gərək, milli komandaya qoşulum. Hər halda, yığmada inkişaf olduğuna inanmıram. Qarşıdakı Avropa çempionatı bir sıra məsələlərə aydınlıq gətirəcək. Orada nə Elnur Məmmədli, nə də Mövlud Mirəliyev iştirak edəcək. Tiflisdə əsas medal ümidlərimiz Elxan Məmmədov, Elxan Rəcəbli, Ramil Qasımovdur.

- Sizin adətən çıxış etdiyiniz 81 kq-dan nə gözləyirsiniz? Bu çəki dərəcəsində Elxan Rəcəbli güləşəcək...
- Elxan Rəcəbli bir ara çəkisini 90 kq-a dəyişdi. Gördü ki, 90 kq-da gücü çatmır, yenə düşdü 81 kq-a. Bu çəki dərəcəsində beynəlxalq turnirdə güləşdi, uduzdu gəldi. Nə bilim, vallah... Biz neçə il yarışa birgə getmişik. Pekin Olimpiadasına lisenziya xarakterli turnirlərdə mübarizə apardıq. Bəzən bir ay ərzində 4 yarışda güləşirdik. Çəki salmağın çətinliyi, rəqabətdən geri qalmamaq kimi məsələlər var idi. Rəcəbli çıxış etdiyi turnirlərin hamısında mən də güləşməyə məcbur idim. Yekunda reytinq cədvəlində Elxandan daha yüksək pillədə qərarlaşdım və 81 kq-da Pekinə yeganə vəsiqəni mən qazandım. Nə bilim...

- Pekinə sizin getməyiniz bilindikdən sonra Elxan Rəcəbli bərk narazılıq etmişdi, söz-söhbət yaranmışdı...
- Bizə qabaqcadan deyilmişdi ki, kimin xalı çox olacaqsa, o da olimpiadaya gedəcək. Məşqçilər sözlərinin üstündə durdular. Elxan reytinqdə daha yuxarı olaydı və Pekinə gedəydi. Məşqçilər üçün nə fərqi var ki, Pekinə Əzizov getdi, yoxsa Rəcəbli?

- Bəs söz-söhbət yarandıqdan sonra Elxan Rəcəbli ilə təkbətək danışığınız olmadı ki?
- Yox, aramızda heç nə olmayıb. Biz idmançıyıq, bu məsələyə qarışa bilməzdik. Bəlkə də onun atası, əmisi qıcıqlanıb, nəsə deyib.

- Milli komandada işləmək imkanınız nə dərəcədədir?
- Baş məşqçiləri çıxmaq şərti ilə, yığmadakı hansı məşqçimiz güləşib? Cüdonun nə olduğunu bilirlərmi? Söhbət yeniyetmə və gənclərdən ibarət yığmaların baş məşqçilərdən gedir. Axı, onlar kimdirlər? Mən gənclərin baş məşqçisi işləməyi xahiş etdim, buna razılıq vermədilər.

- Cüdo Federasiyasının rəhbərliyi razılıq vermədi?
- Federasiya rəhbərliyi yox, baş məşqçilər. Dedilər ki, gözlə, məşqçilikdə hələ sənin təcrübən yoxdur. Ola bilər, məşqçilikdə təcrübəm yoxdur. Ancaq mən idmançını necə hazırlaşdırmağı bilirəm axı! Düzdür, cüdoya yeni başlayanı yetişdirmək çox çətindir. Püxtələşmiş idmançını yarışa hazırlamağı isə bacarıram. Öz bildiyimi başqalarına öyrətmək istəyirəm. Bu, məndə, necə deyərlər, xəstəlikdir. İndi “Kano”da məşqlər keçirəm, uşaqlar mənə görə tökülüb-gəlirlər. Çünki onlar mənim güləşməyimdən, bu idman növünü dərindən bilməyindən xəbərdardırlar. “Kano”ya o qədər çox uşaq gəlir ki, həftədə 2 dəfə “Atilla” klubuna gedirəm.

- Baş məşqçi məsələsi ilə bağlı yenə müraciət etmək fikriniz varmı?
- Mən daha müraciət etməyəcəyəm. Onlara cüdo lazım olarsa, məni yığmaya təyin edərlər.

- Ölkəmizdə cüdonun səviyyəsi sizi qane edirmi?
- Axırıncı dəfə yay olimpiya oyunlarında 1992-ci ildə medal qazanmışdıq. 16 il medal əldə edə bilmədik. Köhnə tapança olsa da, gec-tez atmalı idi. Elnur Məmmədli və Mövlud Mirəliyev bunu bacardı. Mövlud heç də, gecə-gündüz çalışır. O yorulmur. Onun adını “Şirxan” qoymuşuq.

- Yeri gəlmişkən, siz son bir neçə ildə Elnur Məmmədli ilə əksər yarışlarda birgə olmusunuz. Olimpiya çempionu olduqdan sonra onun xarakterində dəyişiklik hiss etməmisiniz ki? Bəziləri Elnurun artıq “ulduz xəstəliyi”nə tutulduğunu bildirirlər.
- Hərdən uşaqlar deyirlər ki, Elnur belədir, elədir. Mən də onlara zarafatca cavab verirəm ki, olimpiya çempionu olsaydım, sizə heç salam verməzdim. Təbii ki, bunu zarafatca deyirəm. Elnur cavan oğlandır, birdən-birə belə yüksək titul qazanıb, ona maddi köməklik göstərilib. İnsan istər-istəməz özünü itirə bilər. Ona deyən, başa salan, yol göstərən lazımdır. Elnur Məmmədli dəyişməyib, ancaq hiss olunur ki, “yuxarılardadır”.

- Sizin davamçınız varmı?
- İki oğlum, bir qızım var. Böyük oğlumun bu yaxınlarda 7 yaşı tamam olacaq. O, idman gimnastikası ilə məşğul olur. Onun sümüyü bərkiyəndən sonra, təxminən 1-2 ilə onu cüdoya keçirəcəyəm.

- Siz cüdoya 20 il həsr etmisiniz. Sonda həm olimpiya medalı qazana bilmədiniz, həm də səhhətinizdə problem yarandı. Cüdoçu həyatı yaşamağınıza peşman olmadınız ki?
- Əlbəttə, yox. Hərdən məndən soruşurlar ki, ikinci dəfə dünyaya gəlsəydin, cüdoçu olardın? Sözsüz ki, yenə cüdonu seçərdim. Zala girəndə həvəsə gəlirəm, yenə tatamiyə çıxıb, güləşmək istəyirəm. Amma görürəm ki, bacarmıram, xəstəlik imkan vermir.

- Bəs cüdo sizə həyatda nə qazandırıb?
- Cüdo mənə hər şey verib. Hörmət qazandım, dünyada tanındım. Dövlətimiz tərəfindən mənə ev verildi, cüdonun sayəsində bütün şərait təmin olundu.

- Cüdo ilə bağlı ən böyük arzunuz nədir?
- Olimpiya çempionu yetişdirmək. Özüm bunu edə bilmədim, amma tələbəm gec-tez olimpiya çempionu olacaq.
0