“Qaydasız döyüşdə idmançılar vəhşilik edirlər” - MÜSAHİBƏ
04.05.2009 - 17:02
“Qaydasız döyüşdə idmançılar vəhşilik edirlər” - MÜSAHİBƏ
Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, millət vəkili Ağacan Abıyevin apasport.az saytına müsahibəsi

- Bu günlərdə Bakıda “Heydər Əliyev kuboku” uğrunda növbəti yarış keçirilir. Beynəlxalq turnirin yaranma tarixi necə olub?
- Ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş turniri artıq 7-ci dəfədir keçiririk. Yeddi il ərzində Avstraliyadan başqa, bütün qitələrin boksçuları bu yarışda iştirak ediblər. Maliyyə böhranına baxmayaraq, bu dəfə də bir sıra ölkələrin idmançıları paytaxtımıza gəliblər. Bəzi komandalar isə maddi problem ucbatından yarışa qatıla bilməyəcəklərini açıq etiraf edir. Hər halda, ən güclü boks ölkələri - Rusiya, Özbəkistan, İrlandiya, Ukrayna yığmaları “Heydər Əliyev kuboku”nda qüvvələrini sınayırlar. Ən güclülər arasında yalnız Kuba yoxdur. Kuba komandasını da dəvət etmişdik, lakin gələ bilmədilər.

- Kubalıların yarışdan kənarda qalmalarına səbəb nədir?
- Maliyyə məsələsi. Onlar deyirdilər ki, əgər maddi kömək etsəniz, gəlib turnirdə döyüşərik. Yarışda 1992-93-cü il təvəllüdlü 123 boksçu mübarizə aparır. Hesab edirəm ki, burdakı boksçulardan bəziləri gələn il Sinqapurda keçiriləcək Yeniyetmələrin I Olimpiya Oyunlarına lisenziya qazanıb, həmin yarışda iştirak edə bilərlər. Bu baxımdan da “Heydər Əliyev kuboku” yarışının keçirilməsinin böyük əhəmiyyəti var.

- Azərbaycan Boks Federasiyasının rəhbərliyi 3 ay öncə dəyişib. Rəhbər dəyişikliyi Azərbaycan boksuna necə təsir göstərib?
- Müsbət. İlk növbədə federasiyanın yeni prezidenti Kəmaləddin Heydərov bizdən fərqli, təkcə Bakıda yox, regionlarda da boksun inkişafına fikir verir.

- “Bizdən fərqli” dedikdə əvvəlki prezidenti, özünüzü nəzərdə tutursunuz?
- Bəli. İrandan 6 rinq almışıq. Rinqlər Lənkəran, Sumqayıt, Gəncə, Siyəzən-Dəvəçi bölgələrinə quraşdırılacaq ki, bu da həmin yerlərdə boksun inkişafına töhfəsini verəcək. Eyni zamanda, boksçularımızın təlim-məşq toplanışlarında, yarışlarda iştirakı yüksək səviyyədə təşkil olunur. Regionlarda boks zalları təmir edilib, yeniyetmələrin, gənclərin ixtiyarına verilir. Ən əsası isə Bakıda, “Xətai” metrostansiyası yaxınlığında “Boks evi” tikiləcək. “Boks evi”nin layihəsi artıq hazırdır. Layihəyə əsasən, təxminən 1500 nəfər tamaşaçı tutumuna malik boks zalı, bundan 30-40 metr aralıda isə 8 mərtəbəli otel inşa olunacaq. Orada boks üçün hər şey olacaq - məşq zalları, hovuz, mehmanxana, restoran. İdmançılar orada həm məşq edəcəklər, həm də yaşayacaqlar.

- Federasiyanın ofisi də “Boks evi”ndə yerləşəcək?
- Bəli. Layihə təsdiqləndikdən sonra tikinti işlərinə başlanılacaq. Çox güman ki, “Boks evi” il yarımdan sonra istismara veriləcək.

- Siz Azərbaycan Boks Federasiyası hələ də peşəkar qurum kimi fəaliyyət göstərə bilmədiyini etiraf edirsinizmi? Tutaq ki, federasiyanın ofis məsələsi il yarımdan sonra həllini tapacaq. Lakin sizdə mətbuat katibi, inzibatçı və digər vəzifələri yerinə yetirəcək şəxslər yoxdur...
- Bununla bağlı struktur hazırlanır, ştatın yaradılması prosesi gedir. Bizim mətbuat katibimiz də, mühasibimiz də, inzibatçımız da olacaq. İşi tam peşəkar şəkildə quracağıq. O ki qaldı nəticələrə, 2-3 il əvvələ qədər dünyanı lərzəyə salırdıq, planetin 5 ən yaxşı komandasından biri idik. Sonra nəsildəyişmə üzündən nəticələr zəiflədi. Əli İsmayılov, Ağası Məmmədov və digərləri həvəskar boksdan getdilər. Yığmaya yeni gələn cavanlar isə onları layiqincə əvəzləyə bilmədilər. Nəticə qazanmaq çox ətalətli prosesdir. Bu, bir əşya deyil ki, götürüb burdan başqa yerə qoyasan. Buna görə də boksçularımıza vaxt lazımdır.

- Siz 25 il federasiya prezidenti olmusunuz. Ancaq demək olar, bütün işləri təkbaşına görürdünüz. Niyə 25 il ərzində qurumda mətbuat katibi, inzibatçı, mühasib işləməyib?
- Mətbuat katibinə pul vermək lazım idi. Sponsorumuz olmadığından, hər şeyi özümüz edirdik. Baş katibimiz Tofiq Babanlı və digər əməkdaşlarla birgə işləri həyata keçirirdik. Hazırda baş katib postunu İsa Əsgərov tutur. Bayaq qeyd etdiyim kimi, federasiyada ştat tezliklə formalaşacaq.

- Baş məşqçi məsələsində nə yenilik var? Milli komanda üçün yenə əcnəbi mütəxəssis axtarırsınız?
- Sözün düzü, yığmanın keçmiş baş məşqçisi Məmməd Eyvazov çox təcrübəli idi. Amma son vaxtlar nəticələr zəifləmişdi. 2007-ci ildə dünya çempionatında cəmi bir boksçumuz bürünc medal qazandı. Həmin ərəfədə Eyvazovun problemi var idi, fikrini işə cəmləyə bilmirdi. Mən də axı hər şeyi diqqətdə saxlaya bilməzdim. Elə məsələlər var ki, onlara baş məşqçi nəzarət etməlidir. Baş məşqçi komanda ilə birgə olmalıdır, kollektivin atası olmalıdır. Pekin Olimpiadasına lisenziya xarakteri daşıyan dünya çempionatına yarım il qalmış 6 boksçumuz ailə həyatı qurdu. Baş məşqçi yay olimpiya oyunlarını nəzər alıb, bunu təxirə salmalı idi axı. Demirəm ki, o yaxşı məşqçi deyil. Sadəcə, Eyvazov komandaya fikir vermirdi.

- Deyəsən, hazırkı baş məşqçi Nəriman Abdullayevdən də narazısınız? Belə olmasaydı, xaricdə baş məşqçi axtarmazdınız...
- Hərəsinin bir çatışmaz cəhəti var. Nəriman müəllim çox yumşaq adamdır, ziyalıdır. Bəzən bizim idmançılara sərt münasibət göstərmək lazımdır. Məsələn, yunan-Roma güləşi yığmamızın baş məşqçisi Elçin Cəfərov kimi. Milli komandamızın indiki üzvlərinin çoxu yeniyetmə vaxtlarında da Nəriman Abdullayevin rəhbərliyi altında məşq ediblər. Buna görə də onlar çox yaxındırlar. Hərdən bu, mənfi effekt verir. Bizim uşaqların əksəriyyəti xaricdən məşqçi gələndə özlərini yığışdırırlar. İndi məşqçi və boksçularımız qardaş münasibətindədirlər: “salam, privet”. Əslində, onlara qarşı sərt olmaz lazımdır. Yaxşı əcnəbi mütəxəssis tapsaq, ölkəmizə dəvət edəcəyik. O, yığmada baş məşqçi yox, məşqçi də ola bilər. Lakin bütün səlahiyyətlər onun əlində olacaq. Baş məşqçi funksiyasını yerinə yetirəcək həmyerlimiz isə əcnəbiyə baxıb, iş üslubunu öyrənəcək.

- Adətən, yığmamıza ağır çəki dərəcələrində legionerlər cəlb olunur. Amma bu yaxınlarda çeçenistanlı Umar Kalayev Türkiyədə keçirilən beynəlxalq turnirdə 75 kq-da ölkəmizi təmsil etdi. Belə demək olarmı, yığmada orta çəkiləri də tədricən xarici boksçulara təhvil verirsiniz?
- Umar Kalayevi qarşı tərəfin xahişi ilə Türkiyəyə aparmışdıq. Lakin o, çox zəif təsir bağışladı. Legioner götürəndə də, gərək layiqlisini seçəsən. Əvvəllər yığmamızda Əli Əliyev və David Arjba var idi. Əli karyerasını başa vurub. Arjba isə milli komandamıza qayıtmaq üçün çox pul istədi.

- Nə qədər pul istədi ki?
- Çox istəyirdi. Milliyətcə abxaz olan David Rusiya yığmasının əsas üzvü deyil. Əgər o, bizdə qalsaydı, Pekin Olimpiadasına lisenziya qazanacaqdı.

- Arjbanın istədiyi məbləğ nə qədərdir ki, federasiyanın bunu ödəməyə gücü çatmır?
- Federasiyanın gücü çatır. Sadəcə, mən buna razı deyiləm. Dünya çempionatından 10 ay qabaq idmançıya hər ay 5 min manat maaş verirəm, eləyir cəmi 50 min manat. O da rinqə çıxıb uduzur. Əgər medal olacaqsa, 5 min manat çox maaş deyil.

- Deməli, Arjba 5 min manat əməkhaqqı istəyir. Özü də medal qazanacağına zəmanət vermir, elədir?
- Bəli.

- Artıq milli komandamızda qadın boksçu da var. Hərçənd, siz həmişə azərbaycanlı xanımın boksla məşğul olmasına qarşı çıxmısınız.
- Mən nəinki bizdə, ümumiyyətlə, dünyada qadın boksunun əleyhinə olmuşam. Başa düşmürəm ki, nəyə görə Ümumdünya Sağlamlıq Təşkilatı hansı idman növü ilə məşğul olmağın zəruriliyi barədə açıqlama vermir? Hər bazar günü televizorda qaydasız döyüşə baxıram. Kimə lazımdır bu idman növü? Qaydasız döyüşdə idmançılar vəhşilik edirlər. Kim yerə yıxılıbsa, onu vururlar. Biz bilirik ki, yıxılanı vurmazlar. Ağız-burun cırılır, baş yarılır. Bu idman növü gənclərimizə nə tərbiyə edir? Əgər mən AİBA-nın prezidenti olsaydım, qadınların boksla məşğul olmasına qadağa qoyardım. Qadınlar üçün o qədər növ var ki.

- Bəs etirazını boykot şəklində edə bilməzdiniz? Yəni, boks yarışlarına qadın idmançı göndərməməklə...
- Yığmamızda yeganə qadın boksçu Əzizə Abbasovanı əvvəllər heç tanımırdım. Mənə dedilər ki, bir qız var, olimpiadaya lisenziya qazanmaq istəyir. Gördüm ki, yaxşı psixologiyası var, danışıq qabiliyyəti yaxşıdır. Onu yarışa apardıq. İlk dəfə olaraq Azərbaycanın şərəfini qadınlar arasında Əzizə Abbasova qorudu. Ancaq Türkiyədə keçirilən beynəlxalq turnirin püşkatmasında onun bəxti gətirmədi. Əzizə birinci döyüşünü ikiqat dünya çempionu polşalı boksçuya qarşı keçirməli oldu. Rəqibin 27 yaşı var idi, Əzizə isə 19 yaşındadır. Təbii ki, məğlubiyyət gözlənilən idi. Buna baxmayaraq, Əzizə sonra 2 yoldaşlıq görüşü keçirib qələbə qazandı. Qadın boksu 2012-ci il yay olimpiya oyunlarının proqramına salınacaq. Olimpiadada qadın boksunda 1 medal qazansaq belə, bu da ölkəmiz üçün reklamdır.

- Qadın boksçumuz olimpiadada medal qazanacaq, bəs həmin vaxt siz ürək ağrısı keçirməyəcəksiniz?
- Mən qadın boksunun əleyhinəyəm, amma bütün dünya deyir ki, qoy xanımlar da bu növlə məşğul olsunlar. Biz qadın boksunun qadağan olunması barədə Ümumdünya Sağlamlıq Təşkilatına müraciət edirik, bu qurum isə müraciəti nüfuzlu insan hüquqları təşkilatına ünvanlayır. Həmin hüquq təşkilatı isə bildirir ki, qadınların hüquqlarını pozmağa haqqımız yoxdur. Kişilər kimi, xanımlar da boksla məşğul ola bilərlər. Qadın boksunda gözəllik yoxdur, əvəzində, kişilik, mərdlik var. Yəni, Azərbaycanın kişisi də, qadını da mərddir. Ölkəmiz müharibə vəziyyətindədir. Qadınlarımız boksu seçməklə, lazım gələcəyi təqdirdə, döyüşə hazır olduqlarını göstərirlər. Yaxşı olar ki, bir xanımımız da erməni qadınla görüşüb, onu məğlub etsin!

- Əli İsmayılovun yığmanın məşqçi postundan uzaqlaşdırılması nə ilə bağlıdır?
- Biz Əli ilə əməkdaşlığa başlayanda, onun peşəkar boksu atacağını, fikrini yalnız yığmaya yönəldəcəyini düşündüm. Amma gördüm ki, peşəkar boks İsmayılovu daha çox çəkir. Bu səbəbdən Əli yığmanın məşqçisi vəzifəsindən çıxarıldı.

- Daha bir ağır çəkili boksçumuz Vüqar Ələkbərovun 3 illik fasilədən sonra rinqə qayıdışı uğursuz oldu. Bununla belə, o, yenə ölkə çempionatda iştirak etmək fikrindədir. Ona nə məsləhət görərdiniz?
- Kişi boksa reklam üçün yox, həqiqətən qayıdar. Əgər Vüqar bilmirsə, idman xadimi, professor kimi ona deyirəm: o, bir daha boksa qayıda bilməyəcək!

- Bunu nəyə əsasən belə əminliklə söyləyirsiniz?
- Ələkbərov yenə qayıdarsa, gərək ona qəhrəmanı adı verilsin. Lap elə SSRİ qəhrəmanı, əfsanəvi təyyarəçi Aleksey Maresyev kimi. Bilirsiniz ki, II dünya müharibəsi zamanı təyyarə qəzasına uğradıqdan sonra Maresyevin hər iki ayağını dizdən yuxarı kəsiblər. Lakin o, ruhdan düşməyib, protest ayaqlar düzəltdirib, bütün əzab-əziyyətlərə baxmayaraq, məşqlərə başlayıb. Bir müddətdən sonra yenidən döyüşməyə yollanıb. Müharibə başa çatdıqdan sonra ona qəhrəman adı verilib. Gərək Maresyev kimi adam olasan.

- Vüqar Ələkbərov yenidən rinqə qayıtmaq üçün nə etməlidir?
- Əvvəla, onun çəkisi bu qədər olmamalıdır. 91 kq-da döyüşən oğlanın çəkisi qoy olsun 100 kq, daha 120 kq yox.

- Tutaq ki, Vüqar növbəti Azərbaycan çempionatında döyüşmək istədi. Buna imkan verməyəcəksiniz?
- Ölkə çempionatına qatılmaq üçün o, bizə həkimdən arayış təqdim etməlidir ki, rinqə çıxdıqdan sonra başına iş gəlməyəcək. Fevralda döyüşəndə də mən ona demişdim ki, istəyirsən rinqə çıx, amma bu çəki ilə heç nə edə bilməyəcəksən. Ağır çəki super boksçu olmaq anlamına gəlmir. Super boksçunun boyu 1.95, 2 metr, çəkisi isə 95-100 kq olmalıdır. Qoy, Vüqar özü üçün məşq etsin. Məşq etmək sağlamlıq deməkdir. Lakin mən onu heç bir yarışa aparmaram. Hətta Azərbaycan çempionu olsa da!

- Həkimdən arayış təqdim etsə də, aparmazsınız?
- Yox. Çünki onun göstəriciləri buna uyğun gəlmir.

- Bəlkə Afina Olimpiadasında baş verənlər üzündən belə qərara gəlmisiniz?
- Afinada bizi lap biabır elədi. Özü də o vaxt çəkisi hələ aşağı idi. Bizi də biabır elədi, özünü də. 2004-cü il olimpiadasında qazanmalı olduğumuz medalı suriyalı rəqibinə hədiyyə etdi. Ona görə ki, düzgün məşq etməmişdi. O, Varşavada lisenziya əldə edəndə, ideal formada idi. Çəkisi 86 kq-a bərabər idi. Döyüşünə görə Vüqara ilk dəfə “sağ ol” deyirdim. Afina Yay Olimpiya Oyunlarında baş hakim olmasaydım, onu rinqə buraxmayacaqdılar. Çünki çəkisi 91 kq-dan artıq idi. Amma birtəhər onu yarışa buraxdıq. Ələkbərovun çəkisi olimpiadaya qədər 5 kq artmışdı.

- Ağır çəki dərəcələrində problemi aradan qaldırmaqdan ötrü yenə legioner dəvət edəcəksiniz?
- Yaxşı idmançı olarsa, onun yığmamızda çıxışına razılıq verərik.

- Ölkəmizdə çoxlu beynəlxalq turnirlər keçirilir. Bəs dünya və ya Avropa çempionatları kimi nüfuzlu yarışları nə zaman təşkil edəcəyik?
- Dünya çempionatını təşkilatçılıq hüququnu əldə etmək çox çətindir. Həm də bundan ötrü AİBA-nın hesabına 2 milyon dollar pul keçirmək lazımdır. Üstəlik, təxminən 1 milyon dollar təşkilati işlərə sərf olunur. Lakin ölkəmizdə Avropa çempionatı keçirə bilərik. 2012-ci il üçün qitə birinciliyinə namizədliyimizi vermək fikrindəyik. İstənilən halda, 2012-ci ildə Bakıda London Olimpiadasına lisenziya xarakterli beynəlxalq turnir baş tutacaq.