Baş məşqçidən sərt ittihamlar!
13.07.2009 - 16:21
Baş məşqçidən sərt ittihamlar!
Sabah Azərbaycan ağırlıqqaldırma yığmasının yeni baş məşqçisi Yanko Rusevin Gənclər və İdman Nazirliyində təqdimatı olacaq. Rusev baş məşqçi postuna rəsmən təsdiq edilsə də, qəribə məqamlar üzə çıxıb. Belə ki, Azərbaycan Ağır Atletika Federasiyasının I vitse-prezidenti, eyni zamanda milli komandanın çalışdırıcısı Vahid Nəzərov hələ də baş məşqçi postundan getmədiyini söyləyir. Nəzərov apasport.az saytına müsahibəsində bir sıra sərt ittihamlar irəli sürüb.

- Bolqarıstanlı Yanko Rusev Azərbaycan ağırlıqqaldırma yığmasına baş məşqçi təyin olunub və sabah onun təqdimat mərasimidir. Bundan xəbəriniz varmı?
- Heç nədən xəbərim yoxdur. Şəxsən mənə rəsmi şəkildə heç kim heç nə deməyib.

- Siz yığma komandanın baş məşqçisi olmaqla yanaşı, həm də federasiyanın birinci vitse-prezidentisiniz. Necə ola bilər ki, heç nədən xəbəriniz olmasın?
- Xəbərim yoxdur da.

- Hazırda özünüzü milli komandanın baş məşqçisi hesab edirsiniz?
- Əlbəttə! Hazırda yığmada baş məşqçi mənəm.

- Birdən sabah sizə rəsmən dedilər ki, artıq baş məşqçi deyilsiniz...
- Əgər belə məsləhət görürlərsə, olsun da...

- Necə düşünürsünüz, sizə qarşı haqsızlıq edilmir ki?
- Sizə qurban, məni bütün dünya tanıyır. Mən öz işimi can-başla yerinə yetirmişəm. Bu vaxta qədər ölkə idmanına şərəflə qulluq etmişəm, bundan sonra da şərəflə işləməyə hazıram. Amma siz jurnalistlər bu sualı mənə yox, onlara verməlisiniz ki, bu yerdəyişmə, təyinat nə ilə əlaqədardır? Avropa çempionatından parlaq qələbələrlə qayıtsam da, heç kim çağırıb təbrik etmədi. Amma dövlət başçısı İlham Əliyev bizim işimizə qiymət verib. Qitə birinciliyində 5 idmançıdan 4-ü “onluq”da, 2-ci “beşlik”də oldu. Bu, böyük nailiyyət idi. Həmçinin, hörmətli prezidentimiz Pekin Olimpiadasında mənə dedi ki, Vahid Nəzərovun ağırlıqqaldırmada xidmətləri var. Bu sözlər mənə bəsdir.

- Vahid müəllim, belə çıxır ki, sizi istəmirlər və başınızın üstündən iş görürlər?
- Vallah, mən ondan-bundan eşitmişəm ki, yığmaya bolqarıstanlı məşqçi gətirirlər. Mənim göstərdiyim nəticələr göz qabağındadır.

- Məgər, bu haqsızlıq deyil?
- Sizə bir söz deyim. Güləş yığmalarına baxın. Gətirib gürcü mütəxəssis qoyublar. A kişi, bütün idman növləri əcnəbilərə tapşırılır. Halbuki, özümüzdə güclü məşqçilər var. Son 4 olimpiadada medal qazanmışıq, dünya və Avropa çempionlarımız olub. Kim qazandırıb bu medalları? Əlbəttə, yerli məşqçilər. Ölkəmizdə yaxşı mütəxəssislər var və yetişir. Bəyəm ölkəyə əcnəbi gətirib onlara xeyli vəsait ödəmək bizə lazımdır? Həmin pulu özümüzünkülər versinlər də...

- Siz Azərbaycan yığmalarında əcnəbi məşqçilərin işləməsinə razı deyilsiniz?
- Bizə idmanı anlayan mütəxəssislər lazımdır. Amma bunu məsləhətləşmək lazımdır. Mən xeyli vaxtdır nazir Azad Rəhimovun qəbuluna düşə bilmirəm. Xidməti qeyd yazmışdım. Ancaq onunla görüşə bilmirəm. Təsəvvür edin, milli komandanın baş məşqçisi nazirin qəbuluna düşə bilmir. Onunla görüşüb ürək sözlərimi demək istəyirəm. Orda bəzi işbazlar var ki, aranı qarışdırmaqla məşğuldurlar. Yalan söz gəzdirib nazirə və federasiya prezidentinə düzgün məlumat vermirlər.

- Həmin işbazlar Gənclər və İdman Nazirliyindədir?
- Bəli. Çox dərinə getmək istəmirəm. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası Azərbaycana məktub yazır ki, sizdə Vahid Nəzərov kimi mütəxəssis var. 2000-ci ilədək komandanı hazırlaşdırdım, lakin Sidney Olimpiadasından sonra məni yığmadan uzaqlaşdırdılar. Məgər görmədiniz dünya çempionu Nizami Paşayevi nə günə saldılar? Guya milli komandanın baş məşqçisinə mütəxəssis gətirmişdilər. Nizaminin zədəsi ağırlaşdı, nəticədə o, ağır atletikadan uzaqlaşdı. Pekin Olimpiadasına il yarım qalmış yığmaya baş məşqçi təyin olunmuşam. Qısa müddətdə yerli məşqçilərlə birgə Avropada ən güclü komandalardan birini hazırlaşdırmışıq, indi baş məşqçi vəzifəsini məndən alırlar. London Yay Olimpiya Oyunlarına komandanı hazırlaşdırmağa qoymurlar.

- Birdən sizə Yanko Rusevin köməkçisi vəzifəsi təklif olundu. Bununla razılaşarsınızmı?
- Rusev məşhur idmançı olub. Olimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib. Ona böyük hörmətim var. Lakin Rusev məşqçi kimi özünü heç yerdə göstərə bilməyib. Eşitdiyimə görə, o, özünə İvan İvanovu köməkçi gətirir. İvanov isə beynəlxalq federasiya tərəfindən cəzalanmış məşqçidir. O, İranda işlədiyi vaxt yeniyetmə atletlərə dopinq vermək üstündə cəzalandırılmışdı. İran Ağır Atletika Federasiyası isə 400 min dollar cərimələnmişdi. Ümumiyyətlə, Bolqarıstan məşqçilərinin xaricdə işləmələrinə qadağa qoyulub. Çünki onlar dopinqdən istifadə edirlər. Əgər bolqar məşqçilər güclüdürsə, niyə Avropa çempionatında 11-ci yeri tutdular? Ölkəyə əcnəbi məşqçi gələndə müvafiq idman növünü inkişaf etdirməlidir. Özünüz gərəcəksiniz: Rusev 3-4 aydan sonra bolqar idmançıları dartıb gətirəcək bura. Bizim hazırladığımız atletləri pis günə qoyacaq. Güləş növünə baxın. Yığmamızda demək olar, hamı ləzgi, osetin, çeçendir. Baş məşqçi vəzifəsini də gürcüyə tapşırıblar. Bu, bizə təhqirdir. Axı bizim Məhyəddin Allahverdiyev, Xəzər İsayev, Aslan Ağayev kimi güclü mütəxəssislərimiz var. Başqa millətin nümayəndəsini qoyublar baş məşqçi. Adama ləzzət eləmir e. Mənim komandam isə sırf azərbaycanlı idmançılardan təşkil olunub. Yenə deyirəm, yığmaya bolqar məşqçinin gətirilməsi barədə mənə rəsmi heç nə deyilməyib. Bildiyimə görə, Milli Aviasiya Akademiyasının zalında təqdimat mərasimi olub. Federasiyasının birinci vitse-prezidenti olsam da, bundan xəbərim yoxdur.
0