“Useyn Boltla yanaşı qaçmaq istərdim” - MÜSAHİBƏ
14.07.2009 - 11:09
“Useyn Boltla yanaşı qaçmaq istərdim” - MÜSAHİBƏ
Yüngül atletika növünün ümumdünya olimpiya hərəkatında xüsusi çəkisi var. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında sahibini tapan 302 dəst medal 38 idman növü arasında bölüşdürülərkən, atletikanın payına daha çox – 47 dəst medal düşüb. İştirakçı atletlər arasında yamaykalı sprinter Useyn Bolt 3 qızıl medal qazanaraq, Pekin olimpiadasının ən parlaq idmançıları sırasına düşüb. Həmin vaxt cəmi 18 yaşı olan azərbaycanlı sprinter Ramil Quliyev 200 metrlik məsafəyə qaçışda yarımfinaladək irəliləməyi bacarmışdı. 1 – 12 iyulda Serbiyanın paytaxtı Belqradda keçirilmiş Yay Universiadasında isə Quliyev bu məsafəni hamıdan öndə tamamlayaraq, qızıl medala layiq görüldü. Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası tərəfindən yaxın gələcəyin sürpriz atleti qismində göstərilən Ramil Quliyev artıq Bakıdadır.
19 yaşlı atletimiz Lent.az-a müsahibəsində bir sıra maraqlı məqamlara toxunub:

- Əvvəlcə bir idmançı kimi indiyədək qət etdiyiniz yola nəzər salardın...
- Hələ uşaqlıqdan idmanla məşğul olmağa başlamışam. Əvvəlcə bir il üzgüçülüyə getmişəm. Sonra idman gimnastikası ilə məşğul olmuşam. Artıq 15 yaşımda ikən yüngül atletika növündə hazırlığa start vermişəm. Valideynlərim də əvvəllər bu növlə məşğul olublar. Atam Eldar Quliyev atletika üzrə idman ustasıdır. Əvvəllər o da 200 metrlik məsafəyə qaçış üzrə müəyyən nailiyyətlərə imza atıb. Atletika növünə keçdikdən sonra mən də nəticələr göstərməyə başlamışam. 2007-ci ildə Avropa Yeniyetmələrinin Olimpiya Festivalında 100 metr və 200 metr məsafələrə qaçışda 2 qızıl medal qazandım. Sonra yeniyetmələrin dünya birinciliyində 200 metr məsafəyə qaçışda gümüş medal əldə etdim və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziyaya sahib oldum. Ötən il keçirilmiş gənclərin dünya birinciliyində yarış öncəsi aldığım zədə üzündən mükafatçılar sırasına düşə bilmədim və 5-ci yerlə kifayətləndim. Pekin olimpiadasında yarımfinaladək irəlilədim və şəxsi nəticəmi yaxşılaşdırdım. Sonra İtaliyanın Turin şəhərində baş tutan qış Avropa birinciliyinə hazırlaşdım. Orada 60 metr məsafəyə 6,66 saniyəyə qaçaraq, 7-ci oldum və şəxsi nəticəmi yaxşılaşdırdım. Bu yaxınlarda Türkiyədə keçirilmiş beynəlxalq turnirdə 100 metrlik məsafəni 10,08 saniyəyə, 200 metrlik məsafəni isə 20,42 saniyəyə qaçdım. Orada hava şəraiti və stadionun vəziyyəti yaxşı deyildi. Daha yaxşı nəticə göstərməyimizə məhz bu amillər mane oldu. Nəhayət, 1 – 12 iyulda Serbiyanın paytaxtı Belqradda baş tutan Yay Universiadasında 200 metrlik məsafəyə qaçışda daha yüksək nailiyyətə imza atdım. Finalda bu məsafəni 20,04 saniyəyə qət edərək, qızıl medal qazandım və şəxsi nəticəmi yüksəltdim. Bu da Belqradda hava şəraiti və qaçış cığırının yaxşı vəziyyətdə olması ilə əlaqədar idi.

- Nailiyyətlərinin get-gedə yüksəlməsinin sirri nədədir?
- Mən öz Vətənimin adından çıxış edir və daha yaxşı nəticələr göstərirəm. Çox şadam ki, Azərbaycanın bayrağını ucaldır, himnini səsləndirirəm. Hər yerdə daha çox qalib gəlmək və ölkəmizin təkcə güləş, cüdo və boksda deyil, atletikada da layiqli idmançılarının olduğunu göstərməyə çalışıram. Bununla da idmanın inkişafına öz töhfəmi vermək və Azərbaycanda da yüngül atletikanın mövcudluğunu nümayiş etdirmək məqsədini güdürəm.

- Qısa müddətdə bu uğurlara necə nail olmusan?
- Hazırda mənim 2 məşqçim var. Bunlar atam Eldar Quliyev və Oleq Muxindir. Onların rəhbərliyi altında biz uzun müddətli hazırlıq keçmişik. Hər şey elə də asanlıqla başa gəlməyib. İşim sadəcə, qaçmaq və nəticə göstərməkdən ibarət olmayıb. Bir neçə il ərzində müntəzəm məşqlər sayəsində daha yaxşı nəticələrə nail oluram. Federasiyamız da bizim üçün hər cür şərait yaradır.

- Sprinter qaçışlarında hansı spesifik xüsusiyyətlər var?
- Əlbəttə, sprinter məsafəsi yüngül atletikanın digər növlərinin hər birindən fərqlənir. Məsələn, 400 metrdən yuxarı məsafəyə qaçış artıq uzun məsafə sayılır. Sprinter qaçışında əsasən, fiziki hazırlığa önəm verilir. Məhz bu amil nəticəsində müəyyən nailiyyətlər əldə etmək mümkündür. Əlbəttə, ABŞ, Yamayka, Kuba və Afrika ölkələrinin sprinterləri ilə mübarizə aparmaq çox çətindir. Bununla belə, mənim üzərimə də çıxış etmək və yüksək nəticə göstərmək düşür.

- Pekin olimpiadasında 3 qızıl medal qazanan yamaykalı sprinter Useyn Boltla eyni yarımqrupda çıxış etmək sənə qismət olmadı. Həmin vaxt onunla birgə qaçmağı arzulayırdın?
- Əlbəttə, Boltla eyni qaçış cığırında durmaq və yanaşı qaçmaq istərdim. Onun necə qaçdığını canlı izləmək başqa şeydir. Amma Pekin olimpiadasında həm 100 metr, həm də 200 metr məsafələrə qaçışın final mərhələlərini izləmişəm. Belə dahi idmançıları görəndə xüsusi zövq alırsan və böyük təcrübə qazanırsan.

- Bilirsənmi ki, sənin Yay Universiadasında 200 metr məsafəyə qaçışda göstərdiyin 20,04 saniyəlik nəticə Useyn Bolta məxsus gənclər arasında dünya rekordundan cəmi 0,11 saniyə geri qalır?
- Bəli. Onu da bilirəm ki, Useyn Bolt mənim yaşımda olarkən, 100 metr məsafəyə məndən ləng qaçıb. Amma məsələ yaşda deyil. Daim stabil nəticə göstərmək lazımdır. Yalnız bu halda idmançı karyeranın uğurla davam etdiyini söyləmək olar.

- 200 metrlik məsafəyə qaçışda hələlik kifayət qədər uğurlu nəticələr göstərmisən. Bəs 100 metrlik məsafədə nailiyyətlərinin az olmasına səbəb nədir?
- Sadəcə, 100 metrlik məsafəyə qaçış üzrə yarışlar az olub. Bu mövsüm cəmi 1 dəfə - Türkiyədəki turnirdə bu məsafəyə qaçışda iştirak etmişəm. Amma qarşıda Avropa birinciliyi və müxtəlif yarışlar var. Ona görə də 100 metrlik məsafəyə qaçışda da iştirak etmək və layiqli nəticələr göstərmək üçün kifayət qədər imkanım olacaq.

- Bəs Yay Universiadasında 100 metrlik məsafəyə qaçış yox idi?
- Var idi. Sadəcə, 200 metrlik məsafəyə qaçışda sonadək mübarizə aparan idmançı 4 dəfə - seçmə mərhələ, ¼ final, yarımfinal və finalda qaçmalıdır. 100 metrlik məsafəyə qaçışda da iştirak etsəydim, 8 dəfə qaçmalı idim. Bu isə çox çətindir və xeyli güc sərf etmək lazım gəlir.

- Demək, həm 100 metr, həm də 200 metr məsafələrə qaçışda iştirak etməyə fiziki cəhətdən hazır deyildin?
- Bəli, eyni zamanda hər iki məsafəyə qaçış üzrə sabit nəticə göstərməyə fiziki cəhətdən hələ hazır deyiləm. Bu, yaşdan asılı məsələdir. Mən isə hələ gəncəm. Sprinter əsasən, 23 – 26 yaşlarında yaxşı qaçır.

- Kumirin kimdir?
- Təbii ki, Useyn Bolt. Belə sürətli insan hələ olmayıb.

- Amma onun səviyyəsinə çatmaq üçün sən həm 100 metr, həm 200 metr, həm də 400 metr məsafəyə 4 nəfərlik qaçışda 3 qat olimpiya çempionu olmalısan...
- Bizim 4 nəfərlik estafet komandamız hazırlanır, amma bu heyət yamaykalı kvartet səviyyəsində deyil. 100 metr və 200 metr məsafələrə qaçışda onun nailiyyətini təkrarlayıb-təkrarlaya bilməyəcəyimi isə gələcək göstərər.

- Azərbaycan Atletika Federasiyası sənin daha yaxşı məşq keçməyin və qaçış texnologiyasını dərindən mənimsəməyin üçün əcnəbi mütəxəssislə danışıq aparmaq niyyətində deyil?
- Xeyr, başqa mütəxəssisin rəhbərliyi altında məşq etməyimə ehtiyac yoxdur. Çünki öz məşqçilərim məni heç də pis hazırlaşdırmırlar. Onlarla işləmək xoşuma gəlir. Çıxışlarımda durğunluq yoxdur, nəticələr inkişaf üzrə gedir və öz bəhrəsini verir.

- Yaxın gələcək üçün planların nədən ibarətdir?
- İyulun 19-da Serbiyanın Novi Sad şəhərinə Avropa çempionatına yollanırıq.

- Bəs avqustda Almaniyanın paytaxtı Berlində keçiriləcək böyüklər arasında dünya çempionatında çıxış edəcəksən?
- Hələlik bu məsələ açıq qalır. Çünki bu, çox böyük yarışdır. Daha çox hazırkı yaş dövrümə uyğun yarışlara hazırlaşmaq niyyətindəyəm. Bunun üçün kifayət qədər turnir var. Böyüklər arasında turnirlərə qatılmaq üçün hələ xeyli vaxtım var. Hələlik öz yaş qrupumda yüksək nəticələr göstərməyi düşünürəm. Vaxtından tez irəli qaçmaq lazım deyil.

- Amma sprinterlər hədəfə doğru daha sürətlə qaçmağı sevirlər...
- Haqlısız. Sprinter sürəti sevir. Amma bu, o demək deyil ki, harasa tələsməlisən. Daim tələssən, istədiyin nəticələri əldə edə bilməzsən.
0