Qalmaqal: Azərbaycan milli komandasını dünya çempionatına buraxmırlar
18.07.2009 - 13:11
Qalmaqal: Azərbaycan milli komandasını dünya çempionatına buraxmırlar
Avqustun 13-də Kanadanın Dartmut şəhərində start götürəcək böyüklər arasında kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatında Azərbaycan yığmasının iştirakı sual altına düşüb. Apasport.az saytının xəbərinə görə, Kanadanın ölkəmizdə nümayəndəliyi olmadığından, Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) komandamızın üzvlərinə viza almaq üçün bu ölkənin Türkiyədəki səfirliyinə müraciət edib. Lakin Kanada səfirliyi viza verməyərək, nümayəndə heyətimizin üzvləri barədə əlavə sənədlər istəyib.

Ortaya çıxan problemi qalan vaxt ərzində yoluna qoymaq üçün AMAF rəhbərliyi Kanadanın Türkiyədəki səfirliyinə təminat məktubu verib. Beynəlxalq Kanoe Federasiyası (İCF), Kanada Kayak və Kanoe Federasiyası da səfirliyə Azərbaycanın dünya çempionatında təmsil olunmasına razılıq məktubu ünvanlayıb. Hazırda nümayəndə heyətinin dünya çempionatına yollana bilmələri üçün bütün imkanlarını səfərbər edən AMAF rəhbərliyi problemin tezliklə yoluna qoyulacağına ümid edir.

Dünya çempionatında millimizin baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında 3 kanoeçimiz - Valentin Demyanenko, Sergey Bezuqlıy və Maksim Prokopenko iştirak etməli idi. Hazırda Qəbələ rayonundakı Nohurqışlaq gölündə hazırlıq keçən avarçəkənlərimizin Kanadaya avqustun 2-də yollanmaları nəzərdə tutulmuşdu. Demyanenko və Bezuqlıy - Prokopenko dueti 25-28 iyunda Almaniyanın Brandenburq şəhərində keçirilmiş Avropa çempionatında çıxış edib və onlar ölkəmizə ilk dəfə 1 qızıl, 1 bürünc medal qazanıblar. Dünya çempionatında da kanoeçilərimiz mükafatlara iddialılar sırasında göstərilirlər. Buna görə də kanoeçilərimizin qarşıdakı mötəbər yarışda iştirakı böyük önəm daşıyır.

Xatırladaq ki, Kanadanın Türkiyədəki səfirliyi ötən il qadın güləşçimiz Zümrüd Qurbanhacıyevaya viza vermədiyindən, pəhləvanımız 16-17 may 2008-ci ildə Kanadanın Edmonton şəhərində keçirilmiş 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq turnirdə iştirak edə bilməmişdi.

amaf.az
0