Qızıl da bizim, gümüş də
04.08.2009 - 16:05
Qızıl da bizim, gümüş də
Bu gün Türkiyənin paytaxtı Ankarada güləş üzrə gənclər arasında dünya birinciliyi start götürüb. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə döşək üzərinə Azərbaycan yunan-Roma güləşi yığmasının 3 üzvü çıxıb. Həmyerlilərimizdən ikisi medal qazana bilər.

50 kq
Bu çəkidə mübarizə aparan Xurşud Babaşov ardıcıllıqla Məhəmməd Qodri (İran) və Zurab Matçaraşvilini (Gürcüstan) məğlub edib. Lakin onun finala gedən yolunu qazaxıstanlı Artur Umbetkaliyev kəsib. Rəqibin finaladək irəliləməsi isə Xurşudun təsəlliverici mərhələdə iştirakına şərait yaradıb. ABŞ idmançısı Maks Nouriyə qalib gələn Babayevi bürünc medaldan bir görüş ayırır. O, Həsən Süleymanovu (Qırğızıstan) üstələyəcəyi təqdirdə, fəxri kürsünün üçüncü pilləsinə qalxacaq.

60 kq
Avropa birinciliyinin qalibi Həsən Əliyev 1/16 finalda rumıniyalı Razvan Motoyu (1:1, 7:0) məğlub edib. Ardından misirli Əli Məhəmməd (7:2, 6:0), gürcüstanlı Arçil Turmanidzeni (1:0, 0:1, 4:0) də üstələyən pəhləvanımız yarımfinalda İran idmançısı Abuza Nurzadəyə asanlıqla qalib gəlib - 3:0, 5:0. Həsən həlledici görüşdə türkiyəli dünya çempionu Rəhman Bilici ilə qarşılaşacaq. Yeri gəlmişkən, Əliyev iyulda Tiflisdə keçirilmiş Avropa birinciliyinin yarımfinalında Rəhman üzərində təmiz qələbə qazanıb. Nəzərə alsaq ki, həmvətənimiz finalda qardaş ölkənin təmsilçisi ilə üz-üzə gəlir, deməli, qızıl medal da bizim olacaq, gümüş də.

96 kq
Səbuhi Hümbətov üçün çempionat uğursuz alınıb. Hərçənd, o, debütdə iraqlı Əli Qasıma qalib gəlib - 2:0, 6:0. Ancaq Səbuhi ikinci görüşdə məğlubiyyət acısı dadıb. Pəhləvanımız İslam Maqomedovla (Rusiya) bacarmayıb. Rusiya təmsilçisinin yarımfinalda uduzması isə Hümbətovun təsəlliverici mərhələyə qatılmaq şansından da məhrum edib.

Dünya birinciliyinin mükafatçıları Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşlər zamanı bilinəcək. Bu qarşılaşmaları Türkiyənin TRT3 kanalı canlı yayımlayacaq. Yarışa avqustun 9-da yekun vurulacaq.
0