Güləşçimiz dünya çempionu oldu - FOTO
04.08.2009 - 23:09
Güləşçimiz dünya çempionu oldu - FOTO
Türkiyənin paytaxtı Ankarada güləş üzrə gənclər arasında dünya birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk yarış günü döşək üzərinə çıxan 3 yunan-Roma güləşçimizdən 2-si medal qazanıb.

60 kq çəki dərəcəsində yarışan son Avropa birinciliyinin qalibi Həsən Əliyev dünyanın da ən güclüsü olduğunu sübut edib. Mübarizəyə 1/16 final mərhələsindən başlayan güləşçimiz ilk qarşılaşmada rumıniyalı Razvan Motoyu (1-1, 7-0), 1/8 finalda misirli Əli Məhəmmədi (7-2, 6-0), ¼ finalda isə gürcüstanlı Arçil Turmanidzeni məğlubiyyətə uğradıb (1-0, 0-1, 4-0).

Finala çıxış uğrunda Həsənin rəqibi İran təmsilçisi Abuza Nurzadə olub ki, o da idmançımızın qarşısında duruş gətirə bilməyib (3-0, 5-0). Dünya çempionu adı uğrunda Həsən Əliyev türkiyəli güləşçi, ötən il dünya birinciliyinin qalibi olmuş Rəhman Bilici ilə qarşılaşıb. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Həsən iyulda Tbilisidə keçirilən Avropa birinciliyinin yarımfinalında adıçəkilən güləşçini təmiz qələbə ilə məğlubiyyətə uğratmışdı. Gərgin neçən final görüşünün 1-ci hissəsində idmançımız çətin qələbə qazansa da (2-1), 2-ci hissədə daha inamlı təsir bağışladı (6-1) və Avropa çempionluğunun ardınca Dünya çempionluğunu da bayram etdi.

Medal qazanan digər idmançımız isə 50 kq çəkidə yarışan Avropa birinciliyinin bürünc mükafatçısı Xurşud Babaşovdur. 1/16 finalda iranlı Məhəmməd Qodrini (2-0, 0-2, 3-0), 1/8 finalda isə gürcü Zurab Matçaraşvilini məğlub edən (1-0, 0-1, 5-0) Xurşud 1/4 finalda qazaxıstanlı Artur Umbetkaliyevə uduzub. Rəqibin finala çıxması güləşçimizin təsəlliverici görüşlərdə iştirakına şərait yaradıb. ABŞ idmançısı Maks Novrini məğlub edən təmsilçimiz (6-0, 1-0) dünya birinciliyinin bürünc medalı uğrunda qırğızıstanlı Həsən Süleymanovla qarşılaşıb. 1-ci hissədə güləşçimiz 1-2 hesabı ilə uduzsa da, 2-ci yarıda inamla müdafiə olunaraq aktivinə bir xal yazıb və ümumi hesab bərabərləşib. Həlledici hissədə isə Xurşud 2-1 hesablı qələbə qazanmaqda dünya birinciliyinin bürünc medalını boynundan asıb.

96 kq çəki dərəcəsindəki təmsilçimiz Səbuhi Hümbətov isə ilk qarşılaşmada iraqlı Əli Qasımı məğlub etsə də (2-0, 6-0), ikinci görüşdə Rusiya güləşçisi İslam Maqomedova uduzub (0-1, 0-2). Rusiya təmsilçisinin yarımfinalda kubalı güləşçiyə məğlubiyyəti isə Səbuhini medal şansından məhrum edib. Beləliklə, ilk yarış gününü Azərbaycan yığma komandası 1 qızıl və 1 bürünc medalla başa vurub.

Bu gün daha 3 güləşçimiz – 55 kq-da Orxan Əhmədov (Avropa çempionu-2009), 66 kq-da Rustəm Əliyev və 84 kq-da Murtuza Tağıyev (Avropa ikincisi-2009) dünya birinciliyinin medalları uğrunda yarışacaqlar.
0