“Bu çempionluq mənə çox çətin başa gəldi”
07.08.2009 - 12:10
“Bu çempionluq mənə çox çətin başa gəldi”
Türkiyənin paytaxtı Ankarada keçirilən dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşi üzrə yığma komandamız dünən axşam saatlarında vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançıları Azərbaycan Güləş Federasiyasının rəsmiləri və mətbuat nümayəndələri qarşılayıblar. KİV nümayəndələrinə verdikləri müsahibədə məşqçi və idmançılar bir sıra maraqlı məqamlara aydınlıq gətiriblər:

Ağalar Aslanov – yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi

- Sözün yaxşı mənasında nəticə qazanmış idmançılara görə qaldığımız mehmanxanada otaqdan bayıra çıxa bilmirdik (gülümsəyir). Digər ölkə nümayəndələri dərhal yaxınlaşıb güləşçilərimizlə bağlı öz fikirlərini söyləyir və onlara heyran olduqlarını deyirdilər. Həqiqətən də idmançılarımız əla çıxış elədilər. Bu sözlər təkcə medal qazanmış güləşçilərə aid deyil. Mən 5-ci yeri tutmuş Rüstəm Əliyev və Murtuza Tağıyev haqda da bu sözləri deyirəm. Orxan və Həsən əvvəldən yarışın favoritləri sayılırdılar və onlar öz çəkilərində həm Avropanın, həm də dünyanın ən güclüsü olduqlarını sübuta yetirdilər. Bu il gənclər arasında yunan-Roma növündə heç kim həm qitə, həm də dünya çempionatında çempion olmayıb – Orxanla Həsəndən başqa. Nəticələrdən çox razıyam.

Orxan Əhmədov (55 kq) – Dünya və Avropa çempionu

- Tiflisdəki Avropa çempionatında qazandığım qələbə məni xeyli ruhlandırmışdı və mən dünya çempionatında da uğurla çıxış edəcəyimə inanırdım. Dünya çempionatında keçirdiyim 4 görüşün 3-də Asiya nümayəndələri ilə qarşılaşdım. Həm finalda qalib gəldiyim İran, eləcə də Qırğızıstan və Qazaxıstan güləşçiləri kifayət qədər güclü rəqiblər idi. Amma nə qədər çətin olsa da, Azərbaycan güləş məktəbinin digərlərindən daha üstün olduğunu sübut etdim və dünya çempionu olduğum üçün çox sevinirəm.

Həsən Əliyev (60 kq) – Dünya və Avropa çempionu

- Öz çəkimin aşkar favoriti sayılsam da, çempionluq mənə çox çətin başa gəldi. Ağır görüşlər keçirdim. Xüsusilə finalda qarşılaşdığım son dünya çempionu türkiyəli idmançı ilə qarşılaşmanın 1-ci hissəsi xeyli ağır alındı. Təbii ki yerli idmançı ilə güləşdiyimdən hadisələrin istənilən şəkil alacağını gözləyirdim. İlk hissədə edilən xəbərdarlıq da məni ruhdan salmadı. Görüşdən qabaq məşqçi mənə səhv etməməyi və çox diqqətli olmağı tapşırmışdı. Şadam ki sonda qalib gəldim.

Xurşud Babaşov (50 kq) – Dünya və Avropa birinciliyinin bürünc mükafatçısı

- Təbii ki həm Avropa, həm də dünya birinciliyində daha yüksək nəticə qazanacağıma ümid edirdim. Bunun üçün əlimdən gələni etdim, amma görünür daha artıq çalışmalıyam. Təbii ki, dünya və Avropa birinciliyində qazandığım bürünc medal məni çox sevindirir, amma etiraf edirəm ki, bundan da yaxşı nəticə göstərə bilərdim. Qarşıdakı yarışlarda ən azından finala çıxmağa çalışacağam. Əsas hədəfim isə təbii ki çempionluq olacaq.
0