Güləşçilərimiz mükafatlandırıldılar - FOTOSESSİYA
11.08.2009 - 22:17
Güləşçilərimiz mükafatlandırıldılar - FOTOSESSİYA
Bu gün Azərbaycan Güləş Federasiyasının rəhbərliyi ilə iyulun 21-26-da Serbiyanın Zrinyanin şəhərində təşkil olunmuş yeniyetmələr arasında Avropa və avqustun 4-9-da Türkiyənin Ankara şəhərində təşkil olunmuş gənclər arasında dünya birinciliklərinin qalib və mükafatçıları, hakim və məşqçilərlə görüş keçirilib. Tədbir iştirakçılarını salamlayan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Namiq Əliyev Azərbaycan güləşinin sürətlə inkişaf etdiyini, həyata keçirilən islahatların artıq öz bəhrəsinin verdiyini bildirib. Onun sözlərinə görə, gənclər, eləcə də yeniyetmələr arasında fərqlənən idmançılar güləşimizin gələcəyidir və onlardan 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarında da ciddi nəticələr gözlənilir.

Əliyev idmanın bütün sahələrinə olduğu kimi, güləşə də daim diqqət və qayğı göstərdiyinə görə dövlət başçısı İlham Əliyevə bütün güləşçilər adından minnətdarlığını bildirib. Məhz bu diqqət və qayğının nəticəsində ilk dəfə olaraq azərbaycanlı sərbəst güləşçinin (Cəbrayıl Həsənov – 66 kq) dünya birinciliyinin qalibi olduğunu vurğulayıb.

Tədbirdə digər çıxış edənlər adıçəkilən birinciliklərdə həm yunan-Roma, həm də sərbəst güləş yığmalarının çox yüksək səviyyədə çıxış etdiyini qeyd etmiş, Azərbaycan güləşinin ehtiyat qüvvəsinin səviyyəsindən razılıqla danışmış və bu idmançıların çox yaxın gələcəkdə əsas yığmaya düşəcəyinə inandıqlarını bildiriblər.

Sonra dünya və Avropa birinciliklərində fərqlənən idmançılar, onların məşqçiləri, hakimlər və komandaların həkimlərinin mükafatlandırılması mərasimi keçirilib.
0