Nazir: Ələkbərov İrəvana da, erməni dilinə də az-çox bələddir
04.09.2009 - 16:14
Nazir: Ələkbərov İrəvana da, erməni dilinə də az-çox bələddir
Bu gün gənclər və idman naziri Azad Rəhimovun mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, nazir Ermənistana son səfəri ilə bağlı suallara aydınlıq gətirib: “Sentyabrın 3-də səhər saat 7:00-da Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərovla birlikdə Tiflisdən Ermənistana getdik. Bizi hava limanında yerli Olimpiya Komitəsinin vitse-prezidenti və idman nazirinin müavini qarşıladı. Onlarla birlikdə nazirliyə yollandıq. Açığını deyim ki, yol boyu gördüklərimə əsasən, İrəvan Bakıdan çox fərqlənir. Elə bil bu şəhər lap keçmiş əsrlərdən qalıb. Görüşdə Avropa Cüdo Federasiyasının prezidenti Sergey Soloveyçik, Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, israilli İfraim Zinger, yerli idman naziri Armen Qriqoryan, Olimpiya Komitəsinin vitse-prezidenti Romik Xaçatryan, Cüdo Federasiyasının prezidenti Ovetis Lovetisyan və Avropa çempionatının idman direktoru estoniyalı İnne Peterson iştirak edirdi”.

Rəhimov bildirib ki, tərəflər arasında saziş imzalanıb: “Danışıqların sonunda protokol da imzaladıq. Biz mətbuatın işi və internetlə bağlı bəndin də ora daxil edilməsini istəyib buna nail olduq. Nəticədə dövlətin təhlükəsizliklə bağlı təminat məktubunu verən qarşı tərəflə saziş imzaladıq”.

AGİN başçısı sazişin bir nüsxəsini açıqlamaq üçün nazirliyin mətbuat xidməti Səmayə Məmmədovaya verdi: “Birincisi, idmançılara və nümayəndə heyətinin bütün üzvlərinə viza verilməsi. İkincisi, ölkəyə daxil olandan çıxana qədər fiziki təhlükəsizliyin təminatı. Bundan başqa, yarış zamanı düşmənçilik hisslərinin qabarıq şəkildə hiss olunmaması, bayrağın qaldırılması və himnin çalınması, idmançıların məşq, gəzinti, qidalanma ilə bağlı probleminin olmaması, nümayəndə heyətinin internetlə təmin olunması da sazişdə öz əksini tapıb”.

Razılaşdırılmış şərtlərə şərh verən nazir Ermənistanda qarşı tərəfə yalan deməli olduğunu da gizlətməyib: “Romik dedi ki, himniniz çalınsa, mən tamaşaçıları necə ayağa qaldıra bilərəm. Bir-bir hamısının qolundan tutmayacağam ki? Amma ayağa qalxıb-qalxmamalarını sazişə sala bilməzdik. Bununla onlar öz mədəniyyətini göstərəcək. Ermənilər mənə dedi ki, Bakıda keçirilən dünya çempionatı zamanı azərbaycanlılar Ermənistan bayrağını və idmançılarını fitə basırdı. Mən də dedim ki, heç belə şey olmayıb. Hərçənd, bunun baş verdiyindən xəbərim var”.

Rəhimov Ermənistana gedəcək nümayəndə heyəti haqda da məlumat verib: “Bildiyiniz kimi, yarış 8 kişi və 8 qadın çəki dərəcəsində keçiriləcək. Biz qərara aldıq ki, orada 5 idmançı ilə təmsil olunaq. Qızların Ermənistana getməsi hələ tezdir. Ona görə fikirləşdik ki, yalnız kişiləri göndərək. Nümayəndə heyətinə kimin başçılıq etməsini də müzakirə edib bir neçə variantı nəzərdən keçirdik. Sonda Elşad Ələkbərov variantında dayandıq. Füzuli Ələkbərovun qardaşı həm də Cüdo Federasiyasının vitse-prezidentidir. Onun nümayəndə heyətinə rəhbərlik etməsi həm də ona görə yaxşıdır ki, Ələkbərov İrəvana da, erməni dilinə də az-çox bələddir. Onların əsilləri Ermənistandandır”.

Rəhimov komandamızın İrəvanda problemlə üzləşməyəcəyini düşünür: “Nümayəndə heyətində həkimlə yanaşı, hər ehtimala qarşı dopinq üzrə ekspert də olacaq. Bizimkilər Türkiyə və İsrailin qaldığı oteldə məskunlaşacaq. Orada qidalanma zamanı İsveç stolu olacaq. Hamı eyni yemək yediyindən hər hansı təhlükə gözlənilmir. Bundan əlavə, durub şəhərin restoranlarında yeyib-içəsi deyilik ki, problem yaransın. Əvvəl özümüzlə su aparmaq haqda düşünürdük. Sonra isə bu fikirdən daşındıq. Çünki buna ehtiyac yoxdur”.

Rəhimov Ermənistanda keçiriləcək yarışda iştirakımıza öz mövqeyini də bildirdi: “Əgər idmançı dünya və Avropa çempionatına qatılmırsa, belə idmançı nəyimizə lazımdır. Ermənistanın bundan sonra da yarışlar təşkil ediləcəyi mümkündür. O yarışlara qatılmaqla, ildə 2, 3, 5 medal da qazana bilərik. İndi bir vətəndaş kimi fikirləşək ki, yarışa getməyib Azərbaycanda qalmaq yaxşıdır, yoxsa gedib orada medal qazanmaq”.
0