DÇ-də IV gün: Yığmamız üçün daha 1 qızıl və 1 gümüş
24.09.2009 - 22:35
DÇ-də IV gün: Yığmamız üçün daha 1 qızıl və 1 gümüş
Danimarkanın Herninq şəhərində təşkil olunan dünya çempionatı bu gün qadın güləşçilərin mübarizəsi ilə davam edəcək. Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığmasının üzvləri mübarizəyə 1/8 final mərhələsindən qoşulacaqlar.

55 kq
Bu çəki dərəcəsində Sona Əhmədli uğurlu start götürüb. Həmyerlimiz Alyona Filipova (Belarus) üzərində çətin qələbə qazanıb. Xanım güləşçimiz 1/4 final görüşündə də sevinib. O, İtaliya təmsilçisi Valentina Minguzzi üzərində qələbə (3:0) qazanmaqla, yarımfinala çıxıb. Əhmədlini final yolunda rəqibi Tatyana Suares olub. Həmvətənimiz ABŞ təmsilçisinin də kürəyini yerə vuraraq finala yüksəlib. O, qızıl medal uğrunda yapon Saori Oşida ilə mübarizə aparıb. Ancaq təəssüf ki, Sona həlledici qarşılaşmada uduzaraq, gümüşlə kifayətlənib.

59 kq
Yuliya Ratkeviçin ilk rəqibi Braziliya güləşçisi Joyse Silva olub. İdmançımız 3 hissənin yekununda xal hesabı ilə rəqibini məğlub edib. O, yarımfinala çıxmaq üçün ABŞ təmsilçisi Deanra Rikslə qüvvəsini sınayıb. 4:3 hesablı qələbə ilə rəqibini məyus edən Yuliya növbəti mərhələyə yüksəlib. Onun yarımfinaldakı rəqibi macar Marianna Sastin olub. Ratkeviç bu dəfə də rəqibinə heç bir şans verməyib. İndi həmyerlimiz dünya çempionu adını qazanmaq üçün polyak Agata Pietrzakla qarşılaşıb. O, polyax güləşçiyə qalib gələrək, dünya çempionatının qızıl medalına sahib çıxıb.

63 kq
Püşk Olesya Zamulaya nisbətən güclü rəqib çıxarıb. O, ilk cəhdində Yaponiya təmsilçisi Mio Nişimaki ilə güləşib. Təssüf ki, Olesya Sona və Yuliyadan fərqli, ilk görüşündəcə xalçanı məğlub tərk edib.
Yapon rəqibi finaladək irəlilədiyindən Olesya təsəlliverici görüşlərə qatılıb. Güləşçimiz burada ilk rəqibi almaniyalı Stefani Stuberi məğlub edib. Növbəti cəhddə qazaxıstanlı Bena Şalyaginaya uduzan güləşçimiz bürünc medala sahib çıxa bilməyib.


Daha 2 pəhləvanımız – Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanova (72 kq) isə sentyabrın 25-də mübarizəyə qoşulacaqlar.

Xatırladaq ki, dünya çempionatının 3 gününün yekunlarına görə, qadın güləşçimiz Mariya Stadnik (48 kq) qızıl, sərbəst güləşçilərimizdən Zəlimxan Hüseynov (60 kq), Xetaq Qazyumov (96 kq) və Çamsulvara Çamsulvarayev (74 kq) gümüş, Şərif Şərifov (84 kq) bürünc medal qazanıb.