Güləş hakimlərimiz üçün seminar keçirildi - FOTO
09.10.2009 - 17:07
Güləş hakimlərimiz üçün seminar keçirildi - FOTO
Bu gün Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən milli və beynəlxalq dərəcəli hakimlər üçün seminar keçirilib. AGF-nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən xəbərə görə, 30-a yaxın hakimin qatıldığı toplantının əsas məqsədi son zamanlar güləşin qaydalarında еdilən dəyişiklikləri tam təfərrüatını onlara çatdırmaq olub.

AGF Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov hakimlərə Danimarkanın Hеrninq şəhərində keçirilmiş dünya çempionatında təsdiqini tapan yеniliklər barədə məlumat verib. O bildirib ki, təsdiq edilmiş yeni qaydalara beynəlxalq yarışlarla yanaşı, ölkədaxili turnirlərdə də ciddi əməl olunmalıdır. Bunun üçün bütün hakimlər öz üzərlərində daim çalışmalı və yenilənmiş qaydalarla praktiki tanış olmalıdırlar.

Cəfərov hər bir milli hakimin beynəlxalq dərəcə almaq üçün çalışmalı olduğunu və bunun ölkəmiz üçün vacibliyini qeyd edib: “Beynəlxalq yarışlarda, Dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında nə qədər çox hakimimizə etimad göstərilərsə, bu həm də ölkəmizə olan etimaddır. Güləşçilərimizin xalça üzərində öz qüvvələrini ortaya qoyaraq bayrağımızı dalğalandırıb, himnimizi səsləndirdikləri kimi, hakimlərimiz də ədalətli qərarları ilə öz sözlərini deməlidir”. Bunun üçün Federasiya tərəfindən hər cür şərait yaradıldığını bildirən Əjdər Cəfərov bu dəstəyin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Daha sonra sеminarda hakimlərimizə dünya çеmpionatındakı qarşılaşmalardan videogörüntülər göstərilib, mübahisəli məqamlar ətrafında fikir mübadiləsi aparılıb.
0