Yenə bir xal əngəl törətdi
17.10.2009 - 11:15
Yenə bir xal əngəl törətdi
Danimarkanın paytaxtı Kopenhagendə kişi və qadın taekvondoçular arasında keçirilən dünya çempionatı başa çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan yığmasının daha 3 üzvü qüvvəsini sınayıb. 63 kq çəki dərəcəsində mübarizə aparan Fariz Əliyev inamlı təsir bağışlasa da, bir xalın ucbatından medal qazana bilməyib.

Həmyerlimiz ardıcıllıqla, Valdo Penanı (Çili) 7:2, Keyta Suzukini (Yaponiya) 13:1 və Tsomli Qonu (Filippin) 4:3 hesabı ilə məğlub edib. Lakin 1/8 finalda Fariz Hollandiya təmsilçisi Rafik Zohriyə minimal fərqlə uduzub - 4:5.

Digər taekvondoçularımıza gəlincə, həm İlkin Şahbazov (68 kq), həm də Arzu Bağırova (53 kq) uğursuzluğa düçar olub. Bu gün Samir Aydınov (54 kq), dünya çempionatının gümüş mükafatçısı Təvəkkül Bayramov (87 kq) və Xəyalə Quliyeva (46 kq) çıxış edəcək.

Xatırladaq ki, milli komandamız dünya çempionatında Rəşad Əhmədovun (80 kq) sayəsində hələlik 1 bürünc medal qazanıb.