Naxçıvan pəhləvanları hamıdan güclü oldular
17.11.2009 - 19:08
Naxçıvan pəhləvanları hamıdan güclü oldular
Şərur Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçirilib. Bu haqda apasport.az saytına Azərbaycan Güləş Federasiyasının (AGF) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib. Turnirdə Azərbaycan, Naxçıvan, Türkiyə (Kars), İran (Urmiya) və Rusiya (Dağıstan) komandaları iştirak edib.

Turnir iştirakçıları əvvəlcə mərhum prezident Heydər Əliyevin abidəsi ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Daha sonra yarışın açılış mərasimi olub. Mərasimdə Naxçıvan Güləş Federasiyasının sədri Azər Zeynalov, gənclər və idman naziri Azad Rəhimov, AGF-nin regionlar üzrə vitse-prezidenti Cavanşir Qurbanov və AGF-nin yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev çıxış edib. Natiqlər ölkəmizdə son dövrlərdə idmanın sürətlə inkişafından, idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətlərdən, xüsusilə güləşçilərimizin Danimarkada keçirilən son dünya çempionatında əldə etdikləri nəticələrdən söhbət açıblar.

Ardından turnirin final mərhələsi başlanıb. Gərgin mübarizə şəraitində keçən yarışlarda Kənan Qasımov (32 kq, Azərbaycan), Aqil Qasımlı (35 kq, Naxçıvan), Vurğun Əliyev (38 kq, Azərbaycan), Məhəmməd Həsənzadə (42 kq, Azərbaycan), Hədiyi Yusifi (47 kq, İran), Elnur Səttarov (53 kq, Naxçıvan), Behnam Kərimi (59 kq, İran), Savalan Nəbiyev (66 kq, Naxçıvan), Rəhman Nəbiyev (73 kq, Naxçıvan) və Hüseyin Babaian (85 kq, İran) bütün rəqiblərindən üstün olaraq, qızıl medala layiq görülüblər. Komanda hesabında isə Naxçıvan Muxtar Respublikasının pəhləvanları fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.