İki idmançımız qaydasız döyüş üzrə dünya çempionu oldu
18.11.2009 - 09:26
İki idmançımız qaydasız döyüş üzrə dünya çempionu oldu
Rusiyanın Omsk şəhərində gənclər arasında pankration (qaydasız döyüş) üzrə ikinci dünya çempionatı keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan, Avstraliya, Hindistan, Yunanıstan, Kamerun, Sinqapur, Bolqarıstan, İran, Rusiya, Litva, Latviya, Belarus, Moldova, Gürcüstan, Tacikistan və Qazaxıstandan 200-dən yuxarı idmançı mübarizə aparıb.

14-15 yaşlı yeniyetmələr arasında medallar 36, 40, 45, 50, 56, 62, 68 və 68 kq-dan artıq yuxarı çəki dərəcələrində, 16-17 yaşlılar arasında 48, 52, 57, 62, 74, 82 və 82 kq-dan yuxarı çəki dərəcələrində, 18-20 və yuxarı yaşlı gənclər arasında 57, 64, 70, 77, 85, 95, 105 və 105 kq-dan yuxarı çəki dərəcələrində oynanılıb.

Olimpiya sistemi üzrə keçirilən çempionatda uduzan idmançı mübarizəni dayandırıb. Yarışda 33 medal dəsti olub. Bunlardan 10-u, o cümlədən 2 qızıl, 6 gümüş və 2 bürünc medal bizim pankrationçuların payına düşüb.

Çempionatda Nazənin Məmmədova (52 kq) və Vüqar Kərimov (57 kq) qızıl medala layiq görülüblər. Fəxri kürsünün ikinci pilləsinə Məlik Məmmədov (40 kq), Ziya Fətəliyev (48 kq), Elvin Məlikov (56 kq), Əjdər Mehdizadə (57 kq), Xəyalə Əsgərova (58 kq) və Aslan Rüstəmov (67 kq) yüksəliblər. Bürünc medalların sahibləri isə İsrafil Musasoylu (52 kq) və İlham Teymurov (79 kq) olub.

Beləliklə, ikiqat dünya çempionu, Rusiya çempionu, Azərbaycan Pankration Federasiyasının prezidenti Azad Əsgərovun rəhbərlik etdiyi yığmamız komanda hesabında 3-cü pillədə qərarlaşıb. Daha ön sıralarda isə Rusiya və Ukrayna yer alıb.

Mənbə: AzərTAc