Ermənini qabaqladıq, amma medalsız qaldıq - YENİLƏNİB
26.11.2009 - 15:33
Ermənini qabaqladıq, amma medalsız qaldıq - YENİLƏNİB
Koreyanın Qoyanq şəhərində keçirilən dünya çempionatında bu gün Azərbaycan yığmasının daha bir üzvü qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, həmyerlilərimizdən İntiqam Zairov podiuma çıxıb. 24 yaşlı idmançımız 85 kq çəki dərəcəsində A qrupunda çıxış edib.

Zairov dünya çempionatında əsasən iki erməniyə - Gevorik Poqosyan və Tiqran V. Martirosyana qarşı mübarizə aparıb. Həmvətənimizin digər ciddi rəqibi isə çinli Yonq Lu olub. Müqayisə üçün qeyd edək ki, indiyədək Zairovun ən yaxşı göstəricisi 375, Lunun isə 385 kq olub.

Ağırlıqqaldıranımız Bakı vaxtı ilə saat 14 radələrində mübarizəyə qoşulub və yarışın gedişi apasport.az saytı vasitəsilə canlı yayımlanıb. Yeri gəlmişkən, bu çəki dərəcəsinin hakimləri arasında həmyerlimiz, beynəlxalq dərəcəli referi, yığmamızın sabiq baş məşqçisi Vahid Nəzərov da yer alıb.

Birdən qaldırma
Birinci cəhd: İntiqam Zairov ilk cəhddə 165 kq sifariş verib. O, çətinlik çəkmədən bu ağırlığı başı üzərinə qaldırdı.
İkinci cəhd: Həmyerlimiz ikinci cəhddə 170 kq qaldırmaq iddiasındadır. Təəssüf ki, Zairov bu dəfə uğursuzluğa düçar oldu.
Üçüncü cəhd: Təbii ki, idmançımız başqa çəki sifariş verə bilməz. Buna görə də o, yenə 170 kq-a yaxınlaşdı və onun cəhdi uğurlu alındı.

İntiqam 170 kq-lıq göstərici ilə birdən qaldırmada çıxışını yekunlaşdırdı. O,Tiqran V. Martirosyandan (172 kq) geri qalsa da, Gevorik Poqosyanı (166 kq) üstələdi. Zairov hələlik 6-cı yerdədir.

Təkanla qaldırma
Birinci cəhd: İlk cəhddə yığmamızın üzvü 200 kq sifariş verib. İntiqam bu çəkini də qaldıra bildi.
İkinci cəhd: 202 kq sifariş etmiş Zairovun istəyi həyata keçmədi.
Üçüncü cəhd: O, çempionatda sonuncu cəhdində 203 kq-lıq çəkinin öhdəsindən gəldi.

Beləliklə, Zairov 373 kq-la (170+203), 5-ci pillədə qərarlaşdı. Çempion tituluna gözlənildiyi kimi, Yonq Lu (383 kq:175+208) layiq görüldü. Ermənistanlı atletlərdən biri Martirosyan qeyri-müəyyən səbəbdən təkanla qaldırmada iştirak etmədi. Bu səbəbdən İntiqam bədnam qonşularımızın nümayəndəsini avtomatik olaraq qabaqladı. Gevorik Poqosyan isə 374 kq-lıq (166+208) göstərici ilə 4-cü oldu