Həmyerlimiz Çempionlar Kubokunun qalibi oldu
03.12.2009 - 17:55
Həmyerlimiz Çempionlar Kubokunun qalibi oldu
Azərbaycan karate yığmasının üzvü Rafael Ağayev növbəti titula layiq görülüb. Apasport.az saytının məlumatına görə, üçqat dünya çempionumuz Rusiyanın Tümen şəhərində karatenin WKF növləri üzrə ilk Çempionlar Kuboku turnirinin qalib olub. Yarışda Rusiya, İran, Qazaxıstan, Serbiya, Yunanıstan və Azərbaycandan olan 12 karate ustası iştirak edib. Dairəvi sistemlə təşkil olunmuş turnirdə yalnız dünya və Avropa çempionatlarının qalib və mükafatçıları mübarizə aparıblar.

Ağayev açıq çəki dərəcəsində iki rusiyalı və iranlı rəqibini məğlub edərək, yarımfinala yüksəlib. Final uğrunda döyüşdə serbiyalı idmançıya qalib gələn karateçimiz həlledici mərhələdə Yunanıstan təmsilçisini sınağa çəkib. Bu dəfə təşəbbüsü əldən verməyən Rafael qələbə qazanıb. O, kuboka sahib çıxmaqla bərabər, 3 min avro pul mükafatı da əldə edib.

Yarış təşkilatçıları Çempionlar Kuboku turnirinin ənənəvi olaraq, hər il noyabrın son günlərində Tümendə keçiriləcəyini bildiriblər.