Rəcəbov da yığmamıza kömək edə bilmədi - YENİLƏNİB
08.01.2010 - 21:30
Rəcəbov da yığmamıza kömək edə bilmədi - YENİLƏNİB
Azərbaycanın kişi şahmat yığması Türkiyənin Bursa şəhərində təşkil olunan dünya çempionatında bu gün dördüncü oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, milli komandamız Rusiya ilə qüvvəsini sınayıb. Bakı vaxtı ilə saat 17:00-da başlanan görüş ərəfəsində yığmamızın heyətində ötən turla müqayisədə iki dəyişiklik olub. Şəhriyar Məmmədyarov yenidən dördüncü taxtadan üçüncüyə qayıdıb. Rauf Məmmədov isə iki oyunluq fasilədən sonra mübarizəyə qoşulub.

Ehtiyat oyunçular Qədir Hüseynovla Nicat Məmmədov bu görüşdə çıxış etməyib. Bir sözlə, milli komandamız Rusiya önünə əsas heyətlə çıxıb. Görünür, yığmamızın kapitanı Zurab Azmayparaşvili iki təcili dəyişikliyə ötən tur Hindistanla qarşılaşmada (1,5:2,5) uğursuz eksperimentlər etdiyindən ehtiyac duyub.

Azərbaycan – Rusiya - 1,5:2,5

1. Vüqar Həşimov (2759) - Aleksandr Qrişuk (2736) - 0:1
2. Teymur Rəcəbov (2733) - Dmitri Yakovenko (2730) - 0,5:0,5
3. Şəhriyar Məmmədyarov (2741) - Aleksandr Morozeviç (2732) - 1:0
4. Rauf Məmmədov (2640) - Vladimir Malaxov (2716) - 0:1

Digər görüşlər:

Ermənistan - Braziliya - 2,5:1,5
Yunanıstan - İsrail - 1,5:2,5
ABŞ - Misir - 3:1
Türkiyə - Hindistan - 1:3

IV turdan sonra Ermənistan və ABŞ 10 xalla ilk pillələri bölüşdürür. İsrail və Rusiya 9,5, Hindistan 9, Azərbaycan 8,5, Braziliya və Yunanıstan, 7, Misir 6, Türkiyə isə 3,5 xal toplayıb. Hazırda 6-cı yerdə olan komandamız V turda Misirlə üz-üzə gələcək.