Elçin Zeynalov əcnəbi “qaçqın”ları “milliləşdirir”
11.01.2010 - 12:29
Elçin Zeynalov əcnəbi “qaçqın”ları “milliləşdirir”
Bolqarıstanlı avarçəkən Aleksandr Aleksandrov Azərbaycan bayrağı altında çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, gənclər arasında ikiqat dünya çempionu bundan sonra ölkəmizin şərəfini qorumaq istəyir.

Ötən il Avropa çempionatında 6-cı yeri tutan idmançı Bolqarıstan Avarçəkmə Federasiyasına (BAF) müraciətində yığmadan imtina etdiyini bildirib. Qərarını daha sərfəli təklif alması ilə izah edən Aleksandrovun bu hərəkəti BAF rəhbərliyinin narazılığına səbəb olub.

Federasiyanın prezidenti Svetla Otsetova avarçəkənin peşman olacağını düşünür: “Bu ilk belə hal deyil. İki il əvvəl İskra Angelova ABŞ-dan aldığı təklifi dəyərləndirmişdi. Ona universitet və yaxşı təqaüd vəd etmişdilər. Aleksandrova gəlincə, bu uşaq hara getdiyini bilmir. Mən Azərbaycanda olmuşam və ona dedim ki, ora getsən, peşman olacaqsan. Təbii ki, bizdə pul çox deyil. Orada ona nə təklif olunduğunu bilmirəm. Məsələni belə qoymayacağıq. Federasiyanın şurasını yığıb məsələni müzakirə edəcəyik”.

Qeyd edək ki, prezidenti Elçin Zeynalov olan Azərbaycan Avarçəkmə Federasiyası daha çox əcnəbilərlə işləməyə üstünlük verir. Bir müddət əvvəl yığmamıza məşqçi dəvət olunan Yuliana Stoyevanın Aleksandrın çalışdırıcısıdır. Bolqarıstanlı həmkarlarımız Aleksandrovla yanaşı, ölkənin ən yaxşı kanoeçisi Adnan Əliyevin də Azərbaycan tərəfindən milliləşdirilmək istədiyini iddia edir.

Bundan başqa, məşqçi və idmançı daxil olmaqla, milli komandada 15-dək əcnəbi var.
0