Yığmamız “Qara qitə”də yoldaşlıq görüşü keçirəcək
14.01.2010 - 15:10
Yığmamız “Qara qitə”də yoldaşlıq görüşü keçirəcək
16 yaşadək oğlanlardan ibarət otüstü hokkey üzrə Azərbaycan milli komandası (U-16) Avropa çempionatına Misirdə hazırlaşacaq. Bu haqda apasport.az saytına Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyev məlumat verib. Onun sözlərinə görə, yığmamız bu məqsədlə Misirdə təlim-məşq toplanışı keçəcək.

Həmyerlilərimiz Afrikanın şimalına yanvarın 19-da yollanacaqlar. Səfərə çıxmamışdan əvvəl isə U-16 Bakıda 3 yoxlama matçına çıxacaq. Onlar yanvarın 16-da gənc qızlardan ibarət yığmamız, ertəsi günü kişilər arasında son ölkə çempionu “Atasport” və nəhayət, yanvarın 18-də gümüş mükafatçı “Akkord”la görüşəcək. Misirə 18 hokkeyçi aparılacaq. Yeniyetmə idmançılarımız təlim-məşq toplanışı çərçivəsində misirli həmyaşıdları ilə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Avropa çempionatı bu ilin iyulunda Sloveniyada təşkil olunacaq.
0