Baş məşqçidən ittiham: Şahmatçılarımız sanki oynamaq istəmirdilər
15.01.2010 - 12:00
Baş məşqçidən ittiham: Şahmatçılarımız sanki oynamaq istəmirdilər
“Şahmat üzrə milli komandamız Türkiyənin Bursa şəhərində başa çatan dünya çempionatında gözlədiyimiz nəticəni göstərmədi. Ən azı, 1-3-cü yerləri gözləyirdik. Hətta 1-ci yerə ümid edirdik. Buna komandamızın gücü və hərtərəfli imkanları da çatırdı. Amma əlbəttə, 4-cü yer qənaətbəxş deyil”. Bu fikirləri Lent.az-a açıqlamasında şahmat üzrə Azərbaycan yığmasının baş məşqçisi Fikrət Sideifzadə deyib.

Onun sözlərinə görə, cəmi iki ay öncə Avropa çempionu olan komandamızın tam fərqli nəticə göstərməsi başadüşülən deyil. Sideifzadə, xüsusən, yığmamızın sonuncu turda ABŞ-la görüşə iki əsas şahmatçısının buraxılmamasını və Vüqar Həşimovun zəif çıxışına diqqət çəkib: “Yığmamızın medalsız qalmasında əsas amillərdən biri Həşimovun pis, uğursuz çıxış etməsidir. Onu vaxtında dəyişmək lazım idi. Məndə olan məlumata görə, özünü yaxşı hiss etməyib, oynamaq iqtidarında olmayıb. Ona dərhal ən azı bir oyun fasilə vermək lazım idi. Digər tərəfdən, sonuncu turda ABŞ-la matçda iki əsas şahmatçımızın oynamamasının səbəbini başa düşmədim. Həlledici qarşılaşmada nəyin bahasına olursa-olsun, Teymur Rəcəbovla Vüqar Həşimov oynamalı idilər. Əgər sağlamlıqları imkan verirdisə, bu, mütləq lazım idi. Çünki Azərbaycan ABŞ-ı yensəydi, ikinci yeri tutacaqdı. Bu da çox yaxşı nəticə sayılacaqdı”.

ABŞ-la oyunun gedişindən təəccübləndiyini deyən baş məşqçi komandamızın üzvlərinin mübarizə aparmadıqlarını bildirib: “Elə bil ki, hamısı oynamaq istəmirdi. Heç bir mübarizə görmədim. Düzdür, komandamızın tərkibi nisbətən zəif idi. Amma yenə də mübarizə aparmaq lazım idi”.

Sideifzadə yığmanın göstərdiyi nəticəyə görə kapitan Zurab Azmayparaşvilinin cavabdehlik daşıdığını vurğulayıb. O bildirib ki, Azmayparaşvili üzərinə düşən işin öhdəsindən gələ bilməyib: “Şahmatda nəticəyə görə kapitan məsuliyyət daşıyır. Dəqiq bilirəm ki, nəticə qənaətbəxş deyil. Şahmatçılara şahmatı öyrətmək lazım deyil. Hamısı peşəkardırlar. Burada yalnız kapitanın rolu var. Sadəcə, komanda üzvləri arasında münasibətləri, hazırlıq dövründə psixoloji durum, ab-havanın qaydasında olmasını kapitan tənzimləməlidir. Bunlar kapitanın borcudur. Komanda pis oynayıbsa, belə nəticə göstəribsə, çox güman ki, o, borcunu yerinə yetirə bilməyib”.
0