Azərbaycan çempionatı start götürdü
16.01.2010 - 12:29
Azərbaycan çempionatı start götürdü
“Sərhədçi” Olimpiya İdman Mərkəzində boks üzrə Azərbaycan çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, yarışa respublikamızın 40 şəhərindən 200 idmançı qoşulub. Çempionatın rəsmi açılış mərasimində çıxış edən Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Abıyev iştirakçılara uğurlar arzulayıb, Azərbaycan boksunun son illər inkişafını diqqətə çatdırıb və idmançılarımızın beynəlxalq yarışlarda qazandığı nailiyyətləri buna misal göstərib.

Abıyev ölkəmizdə beynəlxalq turnirlərin tez-tez keçirilməsini bildirərək, Azərbaycanın son illər dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb. Ötən ilin dekabrında Bakıda yüksək səviyyədə təşkil olunmuş AİBA Prezidenti Kubokunu xatırladan vitse-prezident bu ilin aprelində gənclər arasında boks üzrə dünya birinciliyinin də Bakıda keçiriləcəyini və bu turnirin Yeniyetmələrin I Olimpiadasına lisenziya xarakteri daşıdığını vurğulayıb. Dövlət himni səsləndirildikdən sonra yarışlar açıq elan olunub.

Mənbə: AzərTaC
0