Milli komandamız Dünya Kubokunda debüt etdi
27.01.2010 - 11:44
Milli komandamız Dünya Kubokunda debüt etdi
Buzadırmanma üzrə Azərbaycan yığma komandası 2010-cu il Dünya Kubokunda iştirak edib. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından (AHEİNF) apasport.az saytına verilən məlumata görə, millimiz tarixində ilk dəfə belə məsul turnirdə adıçəkilən qurumun təşkilatçılığı ilə iştirak edib.

Buzadırmananlarımız Dünya Kuboku yarışlarının birinci mərhələsində iştirak etmək üçün Rusiyanın Kirov şəhərində olub. İlk mərhələdə 14 ölkəni (Hollandiya, İtaliya, ABŞ, Çexiya, Slovakiya, Belçika, Böyük Britaniya, Sloveniya, Avstriya, Yaponiya, İspaniya, Polşa, Azərbaycan və Ukrayna) təmsil edən 68 idmançı yarışıb. Dünya səviyyəli buzadırmananların da iştirak etdiyi yarışda 42 kişi və 26 qadın idmançı mübarizə aparıb. Sürət dırmanması üzrə kişi idmançılarımız 18-ci, qadın idmançımız isə 17-ci yeri tutub.

Yarışlar keçirilən dövrdə bu idman növü üzrə hakimlər üçün təşkil edilmiş seminarda AHEİNF-in nümayəndələri də iştirak edib. Təmsilçilərimiz Beynəlxalq Alpinizm Federasiyasının (UIAA) beynəlxalq hakimlik sertifikatlarını alıb.

İlk dəfə belə yüksək səviyyəli yarışda iştirak edən yığmamızın üzvləri ən güclü idmançılarla birgə yarışmaqla yaxşı təcrübə qazanıb. Bu da gələcəkdə idmançılarımızın buzadırmanma texnikasını yaxından öyrənməyə və bu idman növünün səviyyəsini yüksəltməyə şərait yaradacaq. Dünya Kuboku buzadırmanma üzrə milli idmançıların hazırlanmasında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, beynəlxalq yarışların keçirilməsi təcrübəsinin əldə edilməsi imkanını da yaradıb. Belə ki, AHEİNF yaxın zamanda ölkəmizdə ilk dəfə buzadırmanma üzrə beynəlxalq turnir təşkil etməyi planlaşdırır.
0