Van Damm olimpiya çempionu ilə vuruşacaq
29.01.2010 - 17:55
Van Damm olimpiya çempionu ilə vuruşacaq
Məşhur Hollivud ulduzu Jan-Klod Van Damm Olimpiya çempionu ilə döyüşəcək. Apasport.az saytının məlumatına görə, 50 yaşlı idmançı kinoaktyor 1996-cı ildə Atlanta Olimpiadasının qalibi olan Somluk Kamsinq ilə vuruşmağa qərar verib.

Bu təşəbbüsü irəli sürən Jan-Klod tailandlı boksçu ilə görüşünü teleşouya çəkmək fikrindədir. Bu ilin oktyabrın 10-da keçiriləcək həmin döyüş teleşounun kulminasiya nöqtəsi olacaq. Van Damm qərarını belə izah edib: “İnsan fiziki gücünün hesabına çox şeyə əldə edib, kinoulduz ola bilər. Mən bunu hamıya sübut etmək istəyirəm”.

Muay-tay qaydaları ilə keçirilməsi planlaşdırılan döyüş hərəsi 2 dəqiqə olan 5 raunddan ibarət olacaq. Dirsəkdən istifadə olunmaq qadağandır. Somlukun sözlərinə görə, o, bu döyüşdə iştirakına görə 150 min, hazırlıq prosesinə görə 25 min dollar və üstəgəl şounun yayımından yığılan vəsaitin 2 faizini alacaq.

Qeyd edək ki, bu ilin oktyabrın 18-də 50 illik yubileyini qeyd edəcək Van Damm rəqibindən 13 yaş böyükdür.
0