Olimpiya, dünya və ikiqat Avropa çempionu Bakıya gəlir – FOTO
10.02.2010 - 14:42
Olimpiya, dünya və ikiqat Avropa çempionu Bakıya gəlir – FOTO
Türkiyənin sərbəst güləş üzrə olimpiya, dünya və ikiqat Avropa çempionu Ramazan Şahin 3 ildən sonra yenidən Bakıya gələcək. Lent.az-ın məlumatına görə, bu haqda Dağıstan əsilli pəhləvanın özü “Anadolu” agentliyinə açıqlamasında bildirib.

66 kq çəkidə mübarizə aparan Şahin aprelin 13-də paytaxtımızda start götürəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatında mübarizə aparacaq. O, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazandıqdan sonra evlənib, mədəsindəki problemlərlə əlaqədar ötən il Avropa və dünya çempionatlarında güləşməyib. Türkiyə yığmasının üzvü yenidən əvvəlki formasını bərpa etməyə çalışdığını açıqlayıb. Bununla belə, karyerasındakı məcburi fasilənin bundan sonrakı çıxışına təsirsiz ötüşməyəcəyini etiraf edib.

Şahin Bakıdakı Avropa çempionatınadək lazımi formaya düşəcəyinə inandığını vurğulayıb: “Bir həftə öncə Rusiyada keçirilmiş İvan Yarıginin xatirəsinə “Qızıl Qran-pri” turnirində çəkisalma ilə əlaqədar yaxşı güləşə bilmədim. Bu il ciddi məşq etməliyəm. 13-14 fevralda İstanbulda keçiriləcək Yaşar Doğunu xatirə turnirində qüvvəmi sınayacağam. Apreldə Bakıda keçiriləcək Avropa çempionatınadək daha yaxşı formada olacağam”.

Türkiyəli pəhləvan 2007-ci ildə məhz Bakıda dünya çempionu adını qazanıb. Bundan bir il sonra isə o, olimpiya çempionu olub. 27 yaşlı pəhləvan eyni zamanda, 2007 və 2008-ci il Avropa çempionatlarında qızıl medala sahib çıxıb. Pekin olimpiadasında Şahin final görüşündə Azərbaycanın qadın güləşçisi Mariya Stadnikin əri, Ukrayna yığmasının üzvü Andrey Stadniki yenib. Olimpiya, dünya və ikiqat Avropa çempionu əsas rəqibləri qismində Stadniklə yanaşı, Rusiya təmsilçisini də göstərib. Amma o, karyerasında 3-cü dəfə Avropa çempionu olacağını iddia edib. Şahin sentyabrda Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatında və 2012-ci il London Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmaq iddiasını ortaya qoyub.

Qeyd edək ki, 2009-cu ildə Litvanın paytaxtı Vilnüdə keçirilmiş Avropa çempionatında Azərbaycanı 66 kq çəkidə Cəbrayıl Həsənov təmsil edib. Həsənov finalda Andrey Stadnikə uduzaraq, gümüş medal qazanıb. Dünya çempionatında isə o, 7-ci yerlə kifayətlənib.