Dünya çempionumuzun əri oğrulara müraciət etdi - MÜSAHİBƏ
01.03.2010 - 18:24
Dünya çempionumuzun əri oğrulara müraciət etdi - MÜSAHİBƏ
2008-ci il Pekin Yay Olimpiya Oyunlarından ər-arvad güləşçilər Andrey və Mariya Stadnik iki medalla qayıdıblar. Onlardan biri Ukraynanın sərbəst güləş yığmasının heyətində gümüş, digəri isə Azərbaycanın qadın güləşi üzrə millisinin üzvü kimi bürünc medal qazanıb.

Lakin bir neçə gün öncə onların Lvov şəhərindəki evindən hər iki medal oğurlanıb. Təkcə medallarmı? Mənzildən hər şeyi – zinət məmulatları, yeni əşyalar, məişət texnikası, o cümlədən, nəhəng plazma televizoru, “Fort-12 SM” tipli rezin güllələr atmaq üçün tapança, 3500 dollar pul, 2 düjin konyak və viski butılkası götürülüb. Bundan sonra isə oğrular əllərinə keçirdiklərini Stadnikin evin qarşısındakı qara “Mazda”sını qoyaraq, aparıblar.

Andrey Stadnik “Blik” qəzetinə müsahibəsində hadisə barədə danışıb, hətta oğrulara müraciət edib:

- Evinizin qarət olunduğunu nə vaxt öyrəndiniz?
- Qarət barədə dostum zəng edərək, məni məlumatlandırdı. Ona isə bu haqda qonşum deyib. Düzü, əvvəlcə məsələnin nədən ibarət olduğunu bilmədim. Həmin gün axşam məşqçilərdən icazə alaraq, Konçe-Zaspadakı bazadan Lvova gəldim. Evi çatanda gördüm ki, maşınım yoxdur. Mən “Mazda”mı evimin altında qoymuşdum. Demə, onu da qaçırıblar. Mənzilimə qalxanda isə qapısının möhürləndiyini gördüm.

- Mənzili 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında gümüş medal qazandığınız üçün vermişdilər?
- Nə? Mənə olimpiadaya görə ümumiyyətlə, heç nə verməmişdilər. Amma məsələ onda deyil. Mənzilimə gəldikdən sonra baxış keçirdik. Oğruların nə mümkündürsə, apardıqları məlum oldu. Qonşularımızdan soruşduq, heç kim heç nə bilmədi.

- Evinizdəki bardan alkoqol butulkalarının hamısının aparıldığı doğrudur?
- Kimisi markalar, kimisi döş nişanları, kimisi də boşqablar toplayır. Mən isə konyak və viskinin elit növlərindən suvenir butulkalar yığmışdım. Onlardan bəzilərinin 30 yaşı vardı. Bar kolleksiyamı 5 il ərzində toplamışdım. Butulkalardan birini 800 avroya almışdım. Fikrimcə, oğrular nə apardıqlarını gözəl bilirdilər.

- Mənzildə seyf var idi?
- Bəli. Amma onu da açıblar. Oradan silah və maşınımın açarının ikinci dəstini çıxarıblar. Tapançadan demək olar ki, istifadə etmirdim. Yalnız 2 dəfə butılkalara atəş açmışdım. Oğrular bütün qiymətli əşyaları – xəz, dublyonka, krossovkanı aparıblar. Hətta yeni güləş ayaqqabımı da götürüblər. Sadəcə, iyrənclikdir. Amma ən əsası, medalları aparıblar. Mən və həyat yoldaşım Mariya Stadnik bu mükafatları qazanmaq üçün nə qədər güc sərf etmişdik. Qəzetiniz vasitəsilə oğrulara deyirəm: heç olmasa mənim və həyat yoldaşımın olimpiya medallarını qaytarın.