“32”lər: Fabio Kapellonun şirləri
17.05.2010 - 15:56
“32”lər: Fabio Kapellonun şirləri
Dünya çempionatının CAR-da keçiriləcək final mərhələsinin startına 25 gün qalıb. Apasport.az saytı yarış iştirakçılarının təqdimatını davam etdirir. Bu dəfə növbə futbolun yaradıcılarınındır.

Dosye
Federasiya: The Football Association (Futbol Assosiasiyası)
Federasiya prezidenti: Şahzadə Uilyam
Yaranma tarixi: 1863-cü il oktyabrın 26-sı
1905-ci ildən başlayaraq fasilələrlə FİFA-nın, 1954-cü ildən UEFA-nın üzvüdür.
Ləqəbi: The Three Lions (Üç şir)
Rəngləri: ağ və qırmızı
Baş məşqçi: Fabio Kapello
Tarixinin ilk oyunu: Şotlandiya 0:0 (1872-ci il)
Yığmada ən çox oyun keçirənlər: Piter Şilton (125), David Bekhem (115), Bobbi Mur (108)
Yığmada ən çox qol vuranlar: Bobbi Çarlton (49), Hari Lineker (48), Cimmi Qrivz (44)
Əfsanələri: Adams, Viv Anderson, Armfild, Bekhem, Boll, Benks, Barns, Bördsli, Bell, Blumer, Bobbi Çarlton, Ceki Çarlton, Din, Edvards, Finni, Qaskoyn, Qrivz, Hoddl, Emlin Hyuz, Xant, Herst, Kiqan, Koen, Louton, Lineker, Lofthaus, Mennion, Mettyuz, Milbörn, Mur, Mortensen, Piters, Brayan Robson, Skoulz, Şirer, Şilton, Staylz, Uilson, Billi Rayt

Nailiyyətləri
Uzun müddət futbolun yaradıcısı olduqları üçün özlərini hamıdan güclü sayaraq, mundialları boykot ediblər. Sonradan isə yalnız bir dəfə mükafatçılar sırasına düşüblər. 1966-cı ildə İngiltərədə keçirilən mundialın qalibi olublar. 20 il əvvəl isə şirlər yalnız 4-cü yerlə kifayətlənib. 1950-ci ilədək yarışlarda, həmçinin 1974, 1978 və 1994-cü illərdə ingilislər final mərhələsinə həsrət qalıb. Avropa çempionatlarında ən yaxşı nailiyyəti 1968-ci ildə qazanılan bürünc mükafatdır. 1996-cı ildə isə ingilislər 1/2 finalda dayanıblar. 1908 və 1912-ci illərdə olimpiya çempionu titulunu qazanıblar.

DÇ yolunda
Futbolun yaradıcıları Avro-2008-dən kənar qaldıqdan sonra tarixlərində ikinci dəfə millini əcnəbiyə həvalə etdilər. İtaliyalı Fabio Kapellonun komandasını seçmə mərhələdə Xorvatiya yığması ilə imtahan gözləyir. Həmin xorvatlar ki, Avro-2008-in final mərhələsinə vəsiqə təmin etdikdən sonra Londonda qalib gəlməyi bacarmışdı. Bu britaniyalıların Avstriya və İsveçrəyə yolunu bağlamışdı. Kapello bunu qisasını almalı idi. Andorra (2:0, 6:0), Xorvatiya (4:1, 5:1), Qazaxıstan (5:1, 4:0), Belarus (3:1, 3:0), Ukrayna (2:1, 0:1) ilə görüşlərdə ağlar birinci olmağı bacardı. İngilislər bunu adlarına yaraşmayan tərzdə etdilər. Hər iki oyunda rəqibini məğlub edən şirlər Ukrayna ilə səfər matçında “siçan” kimi mübarizə apardı. Şübhəli şəkildə uduzmaqla, xorvatları DÇ-dən kənar qoyan Kapello və yetirmələr bununla da 100 faizli nəticə göstərə bilmədi.

Seçmə mərhələdəki inamlı nəticələr İngiltərə yığmasının gücündən çox, rəqiblərinin problemlərindən irəli gəlirdi. Hər halda, Kapello yığmadakı fəaliyyəti boyu ideal taktika axtarışında olub. Əvvəl 4-5-1, 4-4-2, 4-2-3-1, 4-3-3 sxemlərini sınayan italiyalı ən sonda, deyəsən istədiyini tapdı. Çünki o, klassik 4-4-2-nin daha münasib olduğunu başa düşdü. Qapıda əvəzolunmaz təsiri bağışlayan Devid Ceymsin tez-tez zədələnməsi arabir Rob Qrin üçün də “yaşıl işıq” yandırır. Kapello üçün müdafiə xətti artıq tam formalaşıb. Sağda Qlen Conson, solda Eşli Koula güvənən mütəxəssis mərkəzi dahi oyunçuları Rio Ferdinandla Con Terriyə tapşırır. Arabir Metyu Apson da onları əvəzləyə bilir. İtaliyalının yarımmüdafiə üzərində də baş sındırdığını demək olmaz. Dayaq yarımmüdafiəçisi kimi Qaret Beyldən razı qalan Kapello Frenk Lempardla Stiven Cerrardın öz klublarındakı işini görməsinə şərait yaradır. Cerrard nisbətən sola meylli oynayır ki, sağda bu işi görməyə 3 namizəd var: Aaron Lennon, Şon Rayt-Fillips və Teo Uolkott.

İngilislərin əsas qol ümidi Ueyn Runidir ki, ön xətdə ona əksər hallarda Emil Heski dəstək verir. Onun yoxluğunda isə Piter Krauç, Karlton Koul meydana çıxa bilər. Cermeyn Defo isə daha çox komanda yoldaşlarını əvəzləməklə məşğul olur.

Topa nəzarət etməyi sevən şirlər böyük qüvvə ilə hücuma keçməyi çox sevir. Cinah müdafiəçilərini hücuma qoşulması isə onlar üçün adi hal sayılır.

Oyunlarının təqvimi
12.06.2010 ABŞ
18.06.2010 Əlcəzair
23.06.2010 Sloveniya

Mundial və biz
İngiltərə üçün Azərbaycan futbolu yalnız bir nəfərdən - Tofiq Bəhramovdan ibarət olub. 1966-cı ildə keçirilən mundialın finalında verdiyi mübahisəli qərarlarla britaniyalıları çempion edən yan xətt hakimi indiyədək Britaniyada milli qəhrəman kimi yad edilir. Elə Respublika stadionumuzun bu hakimin adını daşıması da ingilislərin diqqətindən kənar qalmır. Lakin müstəqillik dövründə komandalarımız da dəfələrlə qarşılaşıb. Əsas yığmamız DÇ-2006-da ingilislərə 0:1, 0:2 hesabı ilə uduzsa da, paralel keçirilən U-21-lər arasında Avro-2006-nın seçmə mərhələsində bir xal ala bildik - 0:0, 0:2. Düzdür, ötən ilki yoxlama matçında britaniyalı gənclər bunun əvəzini darmadağınla çıxdılar – 0:7. U-17 isə qitə birinciliyinin həm 2006/07 mövsümünün ikinci (0:1), həm də 2009/10 mövsümünün Bakıda baş tutan birinci mərhələsində (0:4) futbolun yaradıcılarına uduzub.

İngilislərlə futbol əlaqələrimiz isə bununla tamamlanmır. Hollandiyanın “Tvente” klubunda çıxış edən millimizin oyunçusu Vaqif Cavadov məhz Kapellonun yığmadakı sələfi Stiv Maklarenin rəhbərliyi altında çempion olub. Şirlərin sabiq müdafiəçiləri Toni Adams və Hari Stivens isə artıq məşqçilik karyeralarını “Qəbələ”də davam etdirirlər. Onlar müvafiq olaraq, baş məşqçi və köməkçi kimi, daha bir həmyerliləri Alastair Savyerimutto isə icraçı direktor kimi ölkəmizdə çalışır. Mundial zamanı bu “üçlük” klubun hazırlığı ilə yanaşı, yığmalarını da izləyəcək. Daha bir məqam isə Azərbaycan çempionatında ingilis komandasının olmasıdır. Ölkəmizdə yaşayan britaniyalılardan təşkil olunan “Halliburton” həvəskarlar liqasında çıxış edir.

Apasport.az-ın proqnozu: yarımfinal

Vüqar XEYRULLAYEV